Rusiyadakı homofob qanunun Azərbaycanda əks-sədası

Jurnalist: Çiçək Məmmədova,

İllustrator: Aydan Həsənova

17.05.23
Buraxılış: Gender
Mövzu: LGBTQI+

Azərbaycanda hakim partiyanın bir çox deputatı və dövlət qurumu Rusiyanın LGBTİQ+ əleyhinə qanunlarını açıq şəkildə dəstəkləyirlər. Azərbaycan parlamentində heç bir rəsmi qanun layihəsi təklif edilməsə də, hüquq müdafiəçiləri narahatdırlar ki, Rusiyada baş verən dəyişikliklər Azərbaycan deputatlarını da ruhlandıra və həvəsləndirə bilər.

“Azərbaycanda LGBT propaqandası qadağan edilməlidir”, -deyə Milli Məclisin deputatı Cavanşir Paşazadə Rusiyada 2022-ci ilin dekabrında qəbul edilmiş anti-LGBTIQ+ qanun layihəsinə dəstəkləyici açıqlama verib. Şeyx Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə tez-tez özünü mühafizəkar dəyərlərin hamisi kimi təqdim edir və müsahibələrində vaxtaşırı “Azərbaycan adət-ənənələri və mentalitetinin” qorunmasından danışır. O, bu yaxınlarda “Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə” Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.

Rusiyanın LGBTİQ+a dair ideyaların təbliğini ehtiva edən qanunu Azərbaycan siyasi elitasının bəzi nümayəndələri tərəfindən ənənəvi dəyərləri qorumaq və Qərbin təsirinə müqavimət göstərmək üsulu kimi qiymətləndirilir.

Məsələn, Paşazadə bildirir ki, “Rusiya Dövlət Duması LGBT-nin təbliğatını qadağan edən qanun layihəsi qəbul edibsə, müsəlman ölkəsi olaraq, biz də belə bir qanun qəbul etməliyik”.

Tədqiqatçı Toğrul Abbasovun fikrincə, Paşazadənin bu cür məhdudlaşdırıcı qanunların kopiyalanıb ölkəyə gətirilməsi ilə bağlı fikirləri yeni deyil.

“Homofobiya Azərbaycanda genişdir. Deputatlar arasında da əvvəllər də bununla bağlı fikirlər səsləndirilib. Birbaşa qanun deyilməsə də, “ailə dəyərlərini qorumalıyıq” və s. yöndə addımlar atılıb, bu cür çıxışlar vaxtaşırı dilə gətirilib. Təbii ki, yeni qanun Rusiyada qəbul olunandan sonra bu təzdən gündəmə gəldi. Türkiyədə də eyni qanun qəbul olunsa, eyni, hətta daha çox deputat dilə gələr ki, biz də bu qanunu qəbul edək”.

Hətta hüquq professorları da homoseksuallığı qadağan edən qanunun lehinə mediada çıxış ediblər: Bakı Dövlət Universitetinin professoru Əfsər Sadıqov “Müsavat” qəzetinə bildirib ki, Azərbaycan mühüm insan hüquqları müqaviləsi kimi tanınan İstanbul Konvensiyasını - Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında konvensiyasını qəbul etməməlidir. 

“Sözügedən Konvensiya ailə dəyərlərini məhv edir və buna görə də bir sıra ölkələr haqlı olaraq ondan çıxır, onu ratifikasiya etmir və ya imzalamır. Ölkənin gücü onun ailə dəyərlərinin gücündən asılıdır. O konvensiyanın Azərbaycan qanunvericiliyinə calanmasına qəti yol vermək olmaz. Bizim qanunvericiliyimizdə ailə anlayışı var. Bizdə də LGBT-lərlə bağlı məsələ bir qədər dövlətin nəzarətində olmalıdır”, Sadıqov bildirib.

Nəfəs LGBTI Alyansının təsisçisi Cavid Nəbiyev deyir ki, o, 2017-ci ildə Bakıda gey və trans qadınların kütləvi həbsindən bəri Rusiyanın təsirini sorğulayır. O əlavə edir ki, Çeçenistan hökumətinin homoseksualları hədəf alma və həbs etməsi Rusiyanı ilhamlandırıb, bu təcrübə də öz növbəsində “Azərbaycandakı siyasi elitaları ruhlandırır”. “Anti-LGBTİQ+, o cümlədən, anti-feminist küləyin hardan əsdiyi aşkar görünür - 2000-2011-ci il Rusiyasından”, deyə Nəbiyev izah edir. “LGBTİQ+ məsələsi Qərb üçün həssas məsələlərdən biridir və anti-Qərb siyasəti aparan rejimlər də öz çıxarları üçün zamanla öz LGBTİQ+ vətəndaşlarını alət kimi istifadə etməkdən çəkinmirlər”.

Nəbiyev əlavə edir ki, Azərbaycan Rusiya təcrübəsindən çox istifadə edir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Araşdırmalar Mərkəzinin (SAM) 2021-ci ildə dərc etdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: Sosial-psixoloji təhlil” adlı hesabatını nümunə göstərir. Hesabat əsasən homofob mövqe tutan və feminizmi bərabərlik uğrunda mifik mübarizə kimi görən rusiyalı müəlliflərə əsaslanır.

Rusiya müstəmləkəçiliyinin irsi müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycanın siyasi və sosial inkişafına, o cümlədən LGBTİQ+ icmasına münasibətinə davamlı təsir göstərib. Bəzi hüquq müdafiəçiləri isə vurğulayırlar ki, Azərbaycanda homofobiya geniş yayılsa da, ölkə keçmişdə heç vaxt LGBTİQ+ siyasətində Rusiyanı nümunə götürməyib və indi də çətin ki, bunu etsin.

Hüquq müdafiəçisi Vəfa Rüstəm qeyd edir ki, Azərbaycan və Rusiyanın bəzi oxşar qanunlarına baxmayaraq, fərqlər də çoxdur. “Məsələn məişət zorakılığının qarşısını almaq üçün Azərbaycanda qanun var, amma Rusiyada belə qanun yoxdur”.

Çar Rusiyası XVIII əsrdə homoseksuallığı qadağan edən sərt qaydalar tətbiq etsə də, 1918-ci ildə onlar ləğv edilib, 1930-cu illərə qədər Sovet İttifaqında homoseksual münasibətlər qanuni olub. Lakin Sovet Azərbaycanında tətbiq olunan qaydalar fərqli idi - ölkədə 1920-ci illərdə homoseksual münasibtlər qeuri-qanuni olaraq qalırdı.

Tədqiqatçı Toğrul Abbasov qeyd edir ki, Azərbaycan və Rusiya cəmiyyətləri illər ərzində fərqli inkişaf yolu keçib. “SSRİ dağılandan sonra Rusiyada bu barədə açıqlıq yaşanmağa başladı. Amma Azərbaycanda bu yaşanmadı. Rusiyada həmin dövrdə LGBTİQ+ təşkilatları və s. qurulmuşdu. Azərbaycanda hər şey Rusiya təsiri ilə edilsəydi, bu da baş verərdi. Amma olmadı. Bəzən cəmiyyətlər bir-birinə təsir edirlər, amma bu mənada belə bir şey yoxdur. Cəmiyyətlər 70-80 il ərzində müstəqil yollarla inkişaf edirdilər. Yəni SSRİ olmasaydı da, modernləşmə, milli sədalar altında bunlar baş verəcəkdi”.

Lakin LGBTIQ+ fəalı Miray Dəniz vurğulayır ki, Rusiyadakı kimi anti-LGBTİQ+ qanunu Azərbaycanda de-fakto mövcuddur.

“Qanunun qəbul edilməməsi sadəcə ölkədənkənar göstəriş üçündür. Ölkədə bu qanun qəbul edilmədiyi halda, biz bu qanun varmış kimi yaşayırıq. Polis tərəfindən, digər dövlət qurumları tərəfindən daima nəzarətdəyik, daima bir sıxışdırılmanın içindəyik. Demək olar ki, təhlükəsiz hiss edəcəyimiz, “bizi qoruyur, bizi düşünür” deyəcəyimiz heç bir dövlət qurumu yoxdur”.


Məqalə LGBTİQ+ mövzuları üzərində işləyən jurnalist və aktivistlər şəbəkəsi olan Unit-in dəstəyi ilə hazırlanıb.

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin