Su daşımaqla keçən ömür

Fotoqraf: İlham Mustafa

01.06.23
Buraxılış: Kənd Həyatı

“Mən sabah yerimdən duranda birinci suyu fikriləşirəm. Ən əsası sudur. Fikirləşirəm ki, gedim qar-zad yağmamış suyumu gətirim. Gəlib tezdən növbəmi tuturam. Elə adam var səhər saat 5-dən növbə tutur. Bir dəfə də mən hava işıqlanmamış gəldim. Qaranlıqdan qorxdum, sonra daha gəlmədim”, - deyə Şəmkirin Hacıalılar kəndinin 58 yaşlı sakini Dürrə Məmmədova xatırlayır.

Kənddəki su qıtlığı hazırda ölkəmiqyaslı bir problemi özündə əks etdirir. Hökumət 2020-ci ildə su problemi ilə məşğul olacağına söz versə də, bəzi bölgələrdə vəziyyət daha da pisləşib.

Hacıalılar kəndinin qadınları ailələrini su ilə təmin etmək üçün hər gün 3 saatdan 8 saatadək vaxt sərf edirlər. Təxminən 600 sakini olan ucqar dağ kəndinin yeganə su mənbəyi kənd kənarındakı dərədən axan bulaqdır. Sakinlər - adətən yaşlı qadınlar - su gətirmək üçün gün ərzində 2-3 dəfə dərəyə düşməli olurlar. Onlar hər dəfə eşşəklərin belinə 100 litrə yaxın su toplanmış bidonları yükləyib daşıyırlar.

Dürrə Məmmədova gəlini və iki nəvəsi ilə yaşayır. Onun hər iki oğlu kəndin əksər kişiləri kimi, Rusiyada işləyir. Dörd nəfərlik nəfərlik ailənin su ehtiyacını ödəmək yaşlı qadının öhdəsinə düşür ki, bu da ona adətən üç-beş saata başa gəlir.  “Saat 8-9-da mən gəlib bulaqda növbəmi tuturam. Elə olur 10 bidonun dolmağını gözləyirəm. Saat 2-yə, 3-ə qədər güclə gedib evə çıxıram. Mənim yenə əlim-ayağım tutur. Elə yaşlı adamlar var ki, ağrıyır, ölür, ama əlində döpbə (kənddə 5-10 litrlik plastik qablara verilən ad) su aparır. Ya da yalvarıb kimdənsə bir döpbə su alır”, - deyə Məmmədova kəndin vəziyyəti barədə məlumat verir.

Kənddə su daşımaq qadın işi hesab olunur. 60 yaşlı Solmaz Əhmədova məcburi köçkünlük səbəbindən Hacıalılar kəndində yaşayır. Bu kənddəki 26 illik ömrünün su növbəsində keçdiyini deyir. Soyuqda saatlarla növbə gözlədikdən sonra xəstələnəndə belə, öz əvəzinə ailədəki kişilərin suya getməsini istəmir.

“Ay qadan alım, kişilər suya gələ bilməz. Biz qadınlar ayıb bilirik ki, kişimiz eşşəyin belinə danqara (aliminium su bidonlarına kənddə verilən ad) qoysun, gəlib su aparsın. Nə oğlumuza, nə yoldaşımıza rəva bilmərik ki, gəlib burada qadınlarla birgə növbə gözləsinlər”, Solmaz Əhmədova deyir.

Sakinlər bildirirlər ki, daşıdıqları suyu ən çox yemək və çay hazırlamaq, xəmir yoğurmaq kimi gündəlik ehtiyacları üçün istifadə edirlər. Paltar yumaq və çimmək çox su aparır deyə, bu işləri yağış suyu hesabına görməyə çalışırlar. Bu səbəbdən sakinlərin çoxu 10 gündə, yaxud iki həftədə bir dəfə çimə bildiklərini deyir.

“Hamam yoxdur. Tövlədə çimirik. Çalışırıq ki, yağış yağan günlərə salaq. Tövləyə, ya evin bir hissəsinə sellofan çəkirik, yerə böyük vannalar qoyuruq ki, su dağılmasın. Hərəyə bir vedrə su qızdırıb onunla çimirik”,  uşaqlıqdan bəri bulaqdan su daşıyan 53 yaşlı Roza Vəliyeva qeyd edir.

Kəndlilərin mal-qarası da su üçün bulaqdan asılıdır.

Roza Vəliyeva deyir ki, su çatışmazlığına görə təsərrüfatla məşğul olmaq mümkün deyil. O, ailəsinin dolanışığına kömək etmək üçün digər kəndlərə fəhləliyə də gedir. İş olanda Gədəbəyin kartof sahələri, yaxud Şəmkirin pomidor istixanalarında kəndin digər qadınları ilə bərabər işləyir. 

Sakinlərinin sözlərinə görə ən böyük çətinliyi yay aylarında yaşayırlar. Temperatur yüksəldikcə suya tələbat artır, bulağın suyu isə azalır. Bu səbəbdən bulaq başında bəzən davalar da qaçılmaz olur.

Sakinlər Hacıalılar kəndinin məhz bu bulağa görə salındığını deyirlər. Son 30 ildə isə bulağın suyu ilbəil azalaraq hazırkı vəziyyətə düşüb, deyə kənd bələdiyyəsinin üzvü Alı Xəlilov qeyd edir.

“Sovet dövründə belə deyildi. Su o “durbanın” ağzı ilə bir gəlirdi. İki dəqiqədən bir eşşəyin biri dolub gedirdi. Növbə də olmurdu. Kəndin su problemi əsasən 90-cı illərdən başladı. 2000-ci ildən bu yana isə su azala-azala gedir. İndi bir bidon 20 dəqiqəyə, yarım saata dolur. Ona görə də belə əziyyət çəkirik”, Alı Xəlilov deyir.

Onun sözlərinə görə, kəndin əsas gəliri Rusiyaya gedən əmək miqrantlarının hesabınadır. Hazırda onun 3 oğlu da Rusiyada yaşayır və işləyir.

Ölkənin başqa şəhər və rayonlarında iş tapan kənd sakinləri ailələri ilə birlikdə kəndi tərk edirlər. Alı Xəlilovun verdiyi məlumata görə, hazırda kənddə yaşayan 113 evdən yalnız 80-də yaşayış var.

Su çatışmazlığı kəndlilər üçün həyatın bütün aspektlərinə təsir edir, o cümlədən evliliklə bağlı planlarına. Sakinlər gileylənirlər ki, hazırda kənddə 22 yaşdan yuxarı 40-ya yaxın subay oğlan var ki, susuzluq ucbatından onlar gələcək həyat yoldaşı tapmaqda çətinlik çəkirlər. 

“Oğlumun 29 yaşı var. Qız tapa bilmirəm evləndirməyə.  30-32 yaşlarında cavan oğlanlar var, qız verən yoxdu. Kəndin adını eşidən kimi deyirlər biz ora qız vermirik. Heç bir valideyn övladınının ömür boyu uzunqulaqlarla su daşımağını istəmir. Kəndimizin qızları Bakıya gedir, Şəmkirə gedir, kəndin oğlanlarına gələn olmur”, Solmaz Əhmədova izah edir.

Kənd sakini 28 yaşlı Firdovsi İsayev də bir vaxtlar bu problemlə üzləşib. Bir neçə dəfə elçiləri yox cavabı ilə geri dönüb. Sonda öz yaxın qohumu ilə ailə qurub. “Kəndimizdə 30-dan çox subay oğlan var. Evlənə bilmirlər. Hara gediriksə, deyirlər siz 41-45-də qalıbsız. Mən öz əmim qızı ilə evləndim axırda”, o deyir.

Sakinlər deyirlər ki, kəndin su probleminin həlli üçün dəfələrlə kömək istəyiblər. Bununla bağlı rayon icra hakimiyyətinin başçısına, həmçinin bu rayon üzrə deputat, Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət olunub.

Yeddi il əvvəl hökumət kənddəki dərəyə su nasosu və 15 və 25 tonluq iki çən yerləşdirib ki, onlar vasitəsilə kəndin mərkəzinə su ötürülsün. Lakin qısa müddət sonra su mənbəyindən azaldığına görə nasosun fəaliyyəti dayandırılıb. Bir müddət sonra isə nasosun elektrik təchizatı kəsilib. Çəkilən boru xəttindən isə sakinlər növbə gözləyəndə eşşəklərini bağlamaq üçün istifadə edirlər.

Su problemlərinə və su nasosuna cavabdeh olan səlahiyyətlilərin “ChaiKhana”ya verdikləri müsahibələrdə bir-birinə zidd cavablar görünür. Kənd icra nümayəndəsi Eldar Murquzov bildirir ki, yeni su mənbəyi tapılıb və onun nasosları su ilə təmin edib-etməyəcəyini “Azərsu” yoxlamalıdır.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Neyman Səfərəliyevin “ChaiKhana” sorğusuna cavab olaraq bildirib ki, Hacılalılar sakinlərinin quruma kollektiv müraciəti cavablandırılıb.

“İçməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri mərhələli şəkildə icra olunur və Şəmkir rayonunun Hacılalılar kəndində içməli su layihəsinin gələcəkdə investisiya proqramına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur”.

Şəmkir rayon İcra Hakimiyyətinin rəsmisi Elgün Seyidov isə qəti şəkildə bildirir ki, əlavə su mənbəyi tapılmayıb.

“Kəndin su probleminin aradan qaldırılması üçün Şəmkir RİH-in müraciəti əsasında Azərsu ASC-nin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tərəfindən Hacıalılar kəndi ərazisinə baxış keçirilmiş əlavə su mənbəyi tapılmamışdır. Eyni zamanda  kəndin yerləşmə relyefinə görə subartezian quyusu vasitəsilə suyun çıxmasının mümkün olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq kəndin su probleminin aradan qaldırılması üçün bütün imkanlar səfərbər olunub və müxtəlif variantlar üzərində iş gedir”.

“Su bütün problerin başıdır. Suyum olsa, əkinim olar, göyərti səpərəm, pomidor, xiyar becərərəm. Bir dəstə keşnişə həsrətik. Həyətdə uzağı kartof əkirik. O da yağış yağsa olur, olmasa, quruyub gedir”, kənd sakini Roza Vəliyeva deyir.


Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin