Keçmişin pıçıltıları: Azərbaycanda ailə sirləri

Fotoqraf: Lali Binyatova

17.08.23

Azərbaycanda bu əhvalatları çox vaxt asta səslə danışırlar. Ailə sirləri, ümumiyyətlə, kölgədə gizlədilir.

Uşaqlıq illərindən yaddaşıma həkk olunmuş bir hadisəni yaxşı xatırlayıram. Hamı masa ətrafında əyləşmişdi, müxtəlif mövzular haqqında danışırdılar. Sonra isə bir anda hər kəs pıçıldaşmağa başladı. Mənə maraqlı idi, görəsən, söhbət nədən gedir. Anamın rəfiqələrindən biri öz yaşadığı hadisəni bölüşürdü: onun uşağını zorla əlindən alıb ərinin qohumuna vermişdilər. Səbəb isə o ailənin illərlə uşaqsız olmağı idi. O an keçirdiyim təəccüb və narahatlıq məni heç vaxt tərk etmədi və nəticədə, Azərbaycan ailələrinin formalaşması ilə bağlı məsələlərə toxunan fotolayihəmin başlanğıc nöqtəsi oldu.

Araşdırmalarım zamanı oxşar hekayələri olan 10-a yaxın insanla tanış oldum. Müxtəlif səbəblərdən yalnız altı nəfər müsahibəyə razılıq verdi. Layihənin üzərində işləyərkən ətrafımdakılarla müzakirələr aparırdım, belə hadisələrin nadir olmadığı və bir çox ailədə baş verdiyini öyrənirdim. Azərbaycan cəmiyyətinin olduqca vacib, lakin gizlədilmiş tərəfi barədə səssizlik hökm sürür, bu haqda danışılmır.

Müsahibələr vasitəsilə bu təcrübənin arxasındakı səbəblər haqqında təəssürat yaradan nümunələr ortaya çıxmağa başladı. Məlum oldu ki, bioloji valideynlər əslində heç vaxt öz uşaqlarını vermək istəməyiblər; lakin onlar cəmiyyət və ailədən gələn təzyiqlərə boyun əymək məcburiyyətində qalıblar. Adət-ənənələr və ailədə böyüklərin verdiyi qərarlar bu ürəksızladıcı hadisələrin yaranmasında mühüm rol oynayıb.

Layihəmi inkişaf etdirdikcə başqa bir maraqlı nüans məni heyrətləndirdi - Azərbaycan cəmiyyətində qan qohumluğu o dərəcədə fövqəladə əhəmiyyət daşıyır ki, uşaqsız ailələr uşaq evlərindən övlad götürməyə tərəddüd edir, bunu xoş qarşılamırlar.

Bu fotolayihədə Azərbaycan ailələrinin illərlə üstünü örtdüyü sirləri gün işığına çıxarır, cəmiyyətdə ailə həyatına dair mürəkkəb mövzuları, danışılmamış hekayələri müzakirə etməyə çalışıram.

Adım Zuleyxadır, 46 yaşım var, evdar qadınam. 1993-ci ildə ailə həyatı qurmuşam, dörd nəfərlik ailəmizə əsas gəliri yoldaşım gətirir. Üç qızım və bir oğlum var. Ancaq 1998-ci ildə üçüncü qızım Günəş doğulanda onu qaynıma övladlığa vermişəm. Qaynımın 18 il övladı olmayıb, ona görə uşağı məndən istədilər. Evdən olan təzyiqlər qarşısında könülsüz şəkildə qızımı verməyə məcbur oldum.

Məndən bu barədə soruşmadılar heç; yoldaşıma dedilər, qayınanam isə qərar verdi. Qayınanam dedi ki, “Onsuz da üçüncü uşağınız da qızdı, verin. Qaynının uşağı yoxdu, qoy gedib başqa yerdən uşaq götürməsin”. Hətta qohumlardan biri demişdi ki, “onsuz bu uşaq səninlə müvəqqətidir, təsəvvür elə ki, qızın böyüyüb və sən onu ərə vermisən”. Bu cür təsəlli verirdilər mənə. Öz anam mənə demişdi ki, əgər uşağı verməsən, sənə südümü haram edərəm. Ayrılmazdan əvvəlki gecə idi, uşağa yaxınlaşıb bağrıma basmaq istədim. Amma qaynım arvadı icazə vermədi. Səhəri gün göz yaşları içində uşağı onlara verdim.

Sonra depressiyaya düşdüm, bir ay keçdikdən sonra isə Rusiyaya getdim – qızım orda yaşayırdı. Amma uşaq artıq mənə yaxın gəlmirdi, çünki analığı elə öyrədirdi.

Qızıma bir gün məktəbdə demişdilər ki, sən Namiqin qızı deyilsən, sən Ramilin qızısan. Bunu tamamilə yad insan deyib. Ondan sonra bizim əlaqəmizi birdəfəlik kəsdilər.

Nəhayət, sonra yenidən əlaqəmiz bərpa olundu, amma mənə “bibi” deyir, “mama” demir. İndi Günəşin öz ailəsi var, amma onun üçün hələ də çox darıxıram. Qızlarım də məni qınayırdı, deyirdilər ki, niyə verdin. Uşağımı verdiyim üçün çox peşmanam. Heç bir anaya bunu arzu etmirəm. Çox ağırdır.

Elşən uşaq ikən bioloji ailəsi - ata, ana və bacısı ilə birlikdə

Adım Elşəndir, 36 yaşım var.

Əmimgil müxtəlif həkimlərdə müalicə almaqlarına baxmayaraq, 9 il uşaqları olmayıb. Hətta həkimlər onlara bildiriblər ki, artıq heç vaxt uşaqları olmayacaq. Buna görə illər sonra övladlığa uşaq götürmək qərarı veriblər.

Atamgilin çox böyük ailəsi var - dörd qardaş və bir bacı. Ailədə nənəmin sözünə çox əhəmiyyət verilib. Bir gün nənəm atama deyib ki, ikinci uşağın olanda onu kiçik qardaşına verərsən ki, internatdan uşaq götürməsinlər.

Onlar isə əslində məni yox, yeni dünyaya gələcək bacımı götürəcəkdilər. Lakin əmimgilin dedikləri o idi ki, sənə çox bağlanmışdıq, sən çox şirin idin. Uşaqlıqda düşünürdüm ki, mənim iki anam və iki atamın olmağı normaldır, baxmayarq ki, ətrafdan qınayıcı suallar gəlirdi. “Sən övladlığa götürülmüsən?” - deyə incitmək üçün soruşurdular. 

Yaxşı xatirimdədir ki, məni bioloji valideynlərimin yanına gətirəndə anam çox ağlayırdı, məni buraxmaq istəmirdilər. Bu, təxminən iki il belə davam etmişdi. Sonra isə ikinci anam hamilə qaldığı üçün məni geri qaytardılar və məndən sonra iki övladları da oldu. Bu hadisələr baş verən zaman mən 3-4 yaşımda idim, vəziyyətin mürəkkəbliyini çox anlamırdım.

Atamgilin ailəsi çox mehriban olub, biz hamımız hər həftə sonu nənəmgilin evinə yığışıb birlikdə vaxt keçirirdik.

Hal-hazırda ikinci anamla daha yaxınam, o məni daha çox başa düşür. Hesab edirəm ki, XXI əsrdə qohumlardan övlad götürməyə ehtiyac yoxdur. Bunun yerinə, uşaq evlərindən uşaq götürüb onun həyatını dəyişmək daha düzgündür.

Aybənizin övladlığa götürdüyü uşaq

Adım Aybənizdir, 64 yaşım var, kardioloqam. 1982-ci ildə ailə qurmuşam. Yoldaşım ilə birinci sinifdən birlikdə oxumuşuq. Evlilikdən bir ay sonra hər kəs uşaq haqqında soruşmağa başlamışdı, mənim isə 9 il övladım olmadı. Buna görə cəmiyyət tərəfindən çox qınanılırdım. Hətta 2-3 dəfə Rusiyaya getmişdim ki, orada müalicə alım, amma mənə dedilər ki, uşağım olmayacaq.

1987-ci ildə yoldaşımın qardaşı uşağı dünyaya gəldi. Elə oldu ki, erkən dövrlərindən etibarən biz ona baxırdıq, hətta həftədə bir neçə dəfə bizə gəlirdi. Ona dərindən bağlanmışdıq. Bunu görən qaynanam belə fikrə gəldi ki, uşağı övladlığa götürək, çünki uşağın ailəsini, genini, nəsil ağacını bilmək vacibdir. Beləliklə, qaynımın oğlu Nadiri övladlığa götürməyə razılaşdıq. Oğlumun bioloji anası da onu çox sevirdi, Nadir onun ilk övladı idi, onun üçün də çox ağır qərar idi. Lakin iki il sonra bir möcüzə baş verdi, mən hamilə qaldım.

Həmin vaxt onlar sevindilər, biz isə kədərləndik, çünki Nadiri geri vermək istəmirdik.

Hal-hazırda mənim üç oğlum var və hər biri ilə yaxşı münasibətdəyəm.

Gülzarın qardaşının uşaqlıq şəkli

Adım Gülzardır, 61 yaşım var, müəlliməyəm. Bizim nəsildə övladlığagötürmə hadisəsi ilk dəfə babamgilin ailəsində olub. Onun bacısının uşağı olmurdu deyə, öz qızını bacısına verib. Sonsuzluq ailəmizin digər üzvlərində də müşahidə edilib: böyük xalamın uşağı olmayıb deyə, yoldaşını tərk edib, əmim də sonsuzluq səbəbilə bir neçə dəfə evlənib boşanıb. Bu ortaq problemə görə xalamla əmimi tanış edib evləndiriblər.

Sonradan iş elə gətirib ki, mənim atamla anam bir-birini sevib ailə qurublar. Beləcə, iki bacı və iki qardaş evlənmiş olublar.

Deyilənə görə, mənim böyük qardaşım doğulduqdan bir neçə ay sonra əmim bizə gəlib, heç razılıq almadan uşağı götürüb gedib. Qısa müddət sonra övladlığa götürən ana bioloji anaya uşağı qaytarıb, çünki körpə idi, ona baxa bilmirdi. Bir az böyüdükdən sonra qardaşımı yenidən aparıblar. Valideynlərim buna görə çox əziyyət çəkirdilər, çünki uşaqlarını alıb aparan onların böyük bacı və qardaşları idi.

Ayrı yaşadığımız üçün uşaq vaxtı qardaşıma deyə bilmirdim ki, “Mən sənin bacınam”.

Bununla belə, o bizə yaxşı yanaşırdı, amma övladlığa götürən valideynlər onu bizdən uzaq tuturdu. Qorxurdular ki, onları qoyub, bizə qayıda bilər.

16 yaşına çatanda doğum şəhadətnaməsi olmadığı üzə çıxan vaxt qardaşım şübhələnib ki, deyəsən, o, övladlıqdır. Lakin bu mövzu açıq-aşkar müzakirə olunmayıb.

Qardaşım anama qarşı hirsli idi, amma buna baxmayaraq, anam nə istəsə, onun üçün edərdi. Bir dəfə mən evdə olmayanda qardaşım anam ilə dava edib, anam ona deyəndə ki “Axı mən sənin ananam, mənə niyə belə dəvranırsan”, qardaşım bir az da əsəbiləşib, deyib ki, “mənim anam var, sən mənim anam deyilsən”.

Qardaşım sonunadək bioloji valdeyinlərini öz adları ilə çağırırdı. Lakin illər sonra atam xəstə olanda o, xəstəxanaya zəng edib həkimə demişdi ki, “atamı gətirirəm”. Atam bunu biləndə gözləri dolmuşdu.

İndi qardaşımla yaxşı münasibətim var, amma övladlığagötürmə hadisəsi barədə heç vaxt söhbət açmamışıq.

Balaca Aysun öz bioloji (solda) və övladlığa götürən ailəsi (sağda) ilə birlikdə

Adım Aysundur, 23 yaşım var. Mənim xalam 16 yaşında evlənib, ailəsi ilə birlikdə Rusiyaya köçüb. 10 il uşaqları olmadığına görə qərar veriblər ki, 40 günlük olarkən məni övlad götürsünlər. Mən xalama “mama”, onun yoldaşına da “ata” deyərək böyümüşəm.

Məni götürəndən iki il sonra anamın bir qızı oldu, ondan sonra biz Bakıya köçdük. Doğma anamgil rayonda yaşayırdılar, hər yay tətilində onlara gedirdim. Lakin sezirdim ki, mən və bacıma münasibətdə bir fərq var. Mən rayona toya gedəndə həmişə pıçıltıyla deyilən sözlər eşidirdim. “Bu, Samirənin (bioloji anamın adı) qızıdır”. Bu söz-söhbət isə mənimlə bacım arasında gərginliyə, çaşqınlığa səbəb olurdu.

Dayım qızı bu mövzunu ordan-burdan eşitməyə başlayanda gəlib bizə danışmışdı. Mən 3-cü sinifdə oxuyurdum, bunu qəbul etmək mümkün deyildi.

Bir dəfə biz nənə ilə mübahisə etdik, anam gəldi, həmişəki kimi mənim yox, nənəmin tərəfini saxladı. Mən də qəsdən anama dönüb dedim ki, “onsuz da mən bilirəm sən mənim anam deyilsən”. Artıq 7-ci sinifdə oxuyurdum. Onu ən incidən nöqtədən vurmaq istədim, başa düşsün ki, məni necə incidib. Ondan sonra bu mövzu heç vaxt açıq-açıq danışılmadı.

Məni bu dünyaya bioloji anam gətirsə də, o mənim anam deyil. Məni o böyütməyib, o mənim qayğımı çəkməyib, xəstələnəndə, problemim olanda yanımda olmayıb. Bu günə qədər mən ona ana demirəm. Ona onsuz da Samirə deyirdim, indi də elə çağırıram. Övladlığa götürən anamdan - xalamdan aldığım o istilik, sevgi bioloji ailəmdə yoxdur.

Mən övladlığa verilməmişə qədər çəkilən bütün fotolarım, videolarım gizlədilib. Yadimdadır, biz artıq böyümüşdük, başa düşürdük, hadisəni bilirdik. Dayımın yoldaşı fotoları bizə qorxa-qorxa göstərmişdi. Güya onları gizlətməyin nə mənası var idi? Baxsaq, bizə nə olacaqdı ki?

İlkin körpə ikən bioloji anası ilə birlikdə

Adim İlkindir, 32 yaşım var.

Valideynlərim bir-birinə aşiq olanda ailələri bu münasibətə qarşı çıxıblar. Atamın kriminal həyat sürməsi, anamın da metis ailədən (yəhudi qarışığı var idi) gəlməsi vəziyyəti qəlizləşdirib. Bundan sonra atam və anam qərara gəliblər ki, birlikdə qaçsınlar. Onlar qaçıb 3-4 ay müvəqqəti bir yerdə yaşamağa başlayanda anam mənə hamilə qalıb. Həmin ərəfədə isə atamın daxil olduğu qeyri-qanuni işlər anam üçün təhlükə yaradırmış, ona görə də o, anamı müxtəlif yerlərdə gizlədirmiş. Anamın hamiləliyinin son aylarında atam evə cox az gəlməyə başlayıb və anam qorxurdu deyə, öz ata evinə qayıdıb. Babam o vaxt anamı evdən qovmağa çalışıb, amma nənəm buna mane olub. Amma bir şərtlə qalmağa icazə verilib ki, uşaq doğulan sonra ona nənəsi analıq edəcək. Beləliklə, babam və nənəm məni anamın əlindən alıblar. İlk illərimdə bioloji anam yanımda deyildi, xaricdə işləyirdi və nənəm həmişə mənə deyirdi ki, “o sənin böyük bacındır, Türkiyədə işləyir”. Nənəmi həmişə anam, öz xala və dayılarımı isə bacı və qardaş bilmişəm.

Hadisələrin əslini isə 13 yaşımda öyrədim. Köhnə albomlara baxanda dayım şəkildəki qadının bacım yox, anam olduğunu dedi. Dayım həmin albomdan atamın şəkilini də mənə göstərdi. Onda dünyam başıma yıxılmışdı. Mən çox pis idim, nənəm artıq başa düşdü ki, həqiqəti mənə danışmağın vaxtıdır. Bunu öyrənən anam sevinc içərisində idi, tez bilet alıb Azərbaycana - yanıma gəldi.

Həyatımın bu anı çox cətin idi, çünki doğma anam və məni öz uşağı kimi böyüdən nənəm arasında seçim etməliydim. Tanımadığım bir insana ana demək və onunla xaricə getmək məni qorxutdu. Ona görə 25 yaşıma kimi nənəmlə (onu ana hesab edirdim) qalmağa qərar verdim. Sonra o, ağır xərçəng xəstəliyinə tutuldu. Son aylarında həmişə məndən üzr istəyirdi ki, “bağışla, sənin həyatını məhv elədim”. Onun vəfatından sonra bioloji anamla ünsiyyət qurmağa başladım. Başlarda anam ilə ünsiyyət çətin idi, çünki ikimiz də bilmirdik haradan başlayaq, amma indi artıq anam ilə dost olmaq mərhələsindəyik.


Bu layihə anonim olduğu üçün bütün adlar dəyişdirilib.



Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin