Dörd divar arasında qocalıq

Müəlli̇f: Aygül Qurbanova

07.09.23
Buraxılış: Yaşlılar

67 yaşlı İradə Əliyeva ətrafdan gələn təzyiqlərə baxmayaraq, heç vaxt evlənməyib. Bunun əvəzinə o, musiqi, dostlar və səyahətlərlə dolu müstəqil bir həyat qurub. Azərbaycanda bir çox insan onun və digər tək yaşayan təqaüdçü qadınların həyatının yarımçıq olduğunu düşünür, qocalıqda bu qadınlara qulluq edəcək ailəyə sahib olmamaqlarından təəssüf hissi keçirir. Ənənəvi düşüncəyə görə, Azərbaycanda qocalar tənha qalmır, yaşlandıqca onlara qayğı göstərəcək övladlarına güvənə bilirlər. Lakin həqiqət bir qədər mürəkkəbdir - xüsusilə qadınlar üçün.

Patriarxal düşüncə tərzinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə qadınlar təhsildən tutmuş işə, gəlirə kimi həyatın demək olar ki, hər sahəsində imkan bərabərsizliyi ilə üzləşirlər. Yaş üstünə yaş gəldikcə bu da onların həyat keyfiyyətinə birbaşa təsir göstərir. “Azərbaycanda yaşlı qadınların sosial həyatı xeyir və şər məclislərində iştirakla məhdudlaşır”, - deyə psixoloq Aydan Qurbanova qeyd edir. “Bu cür bənzər səbəblərdən yaşlı qadınlar tək yaşasa və heç bir fiziki məhdudiyyətə sahib olmasalar belə, sosial aktivlik barəsində düşünmürlər. Təbii ki, yaşlı insanların sahib olduğu maddi imkansızlıq da bu problemi genişləndirən məsələlərdəndir”, Qurbanova cəmiyyətin yaşlı qadınlardan nələr gözlədiyinə aydınlıq gətirir. Onun fikrincə, ailə həyatına həsr olunmuş ənənəvi nənə obrazı ahıl yaşda qadınların sosiallaşma potensialını boğur. Mövzunu araşdırarkən bu mənzərənin pərdəarxasına baxmaq, daim transformasiyada olan cəmiyyətin fonunda İradə Əliyeva kimi tək yaşayan, tənhalığın kölgələrində gəzən çoxsaylı qadınların hekayələri ilə tanış olmaq qərarına gəldim.

 

“Həyat mənə yuxu kimi gəlir. Necə oldu ki, hər şey puç oldu?”

Tənhalıq 75 yaşlı Elmira Balayevaya hələ uşaqlıq illərindən tanışdır: atasını beş yaşında itirmiş Elmiranın anası da işi səbəbindən evdə günlərlə olmayıb. Evlilikdən sonra da əri uzaq səfərlərə yük maşınları sürdüyü üçün o yenə də evdə tək yaşamağa davam edib. Oğlu Samirin dünyaya gəlişi onun təkliyini aradan qaldırıb, lakin bu, uzun çəkməyib. Həyat yoldaşının vəfatı ilə o, dul qalıb. İllər keçdikdən sonra Samir evlənib bir uşaq atası olub, lakin oğlunun həbsə düşməsiylə gəlini və nəvəsi evi tərk edib. Elmira isə yenidən tək qalıb.

Elmira tənha uşaqlığının keçdiyi evdə hazırda tək yaşayır, illər isə həmişəkindən daha yavaş irəliləyir.

Xoşbəxtlikdən onun maddi problemi yoxdur - Elmira anasından miras qalmış evi kirayə verməklə kifayət qədər gəlir əldə edərək rahat yaşayır. Ancaq tənhalıq, eləcə də tək olduğuna görə mühakimə edilməyin verdiyi hiss onun üçün daşınması çətin olan yüklərdir.

“Məndən tez-tez oğlumu, gəlnimi, nəvəmi soruşurlar, nəvəmin niyə gəlib-getmədiyi, mənimlə əlaqə saxlamadığı ilə maraqlanırlar. Bütün bu suallara təkrar-təkrar məruz qalmaq məni bezdirir. Bütün bunlardan qurtulmaq üçün bəzən günlərlə evdən çölə çıxmıram, lakin bir müddət dörd divar arasında o qədər sıxılıram ki, yenidən çölə çıxmaq istəyirəm... Bəzi əşyalar almışam - qadın ev paltarları, dəsmallar, yaylıqlar - güya onları satmaq adı ilə həyətə düşürəm, bir ipdən asaraq yanlarında otururam, bu gəlirə ehtiyacım da yoxdur. İstəmirəm ki, qonşular təklikdən sıxıldığım üçün həyətə düşdüyümü bilsinlər. Sanki bu xalatlarla təkliyimin üstünü örtürəm. Bəzən özümlə dualar kitabımı aparıb oxuyuram. Allaha inanıram, bəzən məscidə də gedirəm, dua etdikcə sanki təsəlli tapıram”.

“Xüsusi günlərdə oğlumu həbsxanada görməyə gedirəm. Həmin günlər həm çox həyəcanlı, sevincli oluram, həm də hədsiz kədərli. Bəzən axşama qədər yanında qalmağıma icazə verirlər, saatlar ötdükcə təlaşım artır. Yenidən ayrılmaq, onu orda qoyub gəlmək elə çətindir ki”.

“Həyat mənə yuxu kimi gəlir. Necə oldu ki, hər şey puç oldu? Harada səhv etdiyimi düşünməklə gecələr yatmadığım olur. Gözəl günləri sanki yuxumda görmüşəm, ya da onlar sadəcə şəkillərdə var olub. Sanki o günləri mən yaşamamışam. Niyə o günlər mənim deyilmiş kimi hiss edirəm? Albomlarda xoşbəxt anlarımı, o günlərdəki “mən”i axtarıram. Yoxluq isə çox diridir, onu hər an bütün varlığımda hiss edirəm”.

“Hərdən deyirəm, kaş bir qızım da olaydı. Qız ərə getsə də, daim ana ilə əlaqədə qalır, ananı unutmur, tək qoymur. Onun balalarına baxardım, başım qarışardı”.

 

“Mən ancaq sevinə bilərəm, yarımçıq deyiləm, özümü bütöv hiss edirəm”

67 yaşlı İradə Əliyeva heç vaxt ailə həyatı qurmayıb; 40 ildir ki, Sumqayıtda atasından ona yadigar qalmış evdə tək yaşadığını deyir. Onun subay qalmaq qərarını anlamaq ətrafdakı insanlar üçün çətin olub; İradə deyir ki, indiyədək ondan niyə evlənmədiyini soruşurlar.

“Evlənməklə bağlı fürsətlərim olub, ancaq həyata baxışlarımla üst-üstə düşən insanla tanış olmamışam. Hələ gənc yaşlarımdan tək yaşamağı seçməyim, həyat eşqim, yaşamağa dair düşüncələrim kişilər tərəfindən qorxu ilə qarşılanıb”.

“Bununla bağlı həmişə təzyiqlərə məruz qalmışam; anam ölən günə qədər məndən evlənməyimi istədi. Deyirdi ki, belə bir cəmiyyətdə yanında kişi olmadan sənə çətin olacaq. Düzdür, çətin oldu, insanlar mənə hər cürə söz dedilər, kişilər narahat etdilər, qadınlar daim özlərindən uzaqlaşdırdılar. Amma peşmanlıq hiss etmirəm. Bütün bu təzyiqlərə baş əysəydim, özümə hörmətim qalmazdı. İndi özümə çox dəyər verirəm”.

“İnsanlar tərəfindən həqiqi doğmalıq duya bilmədim, hər kəs sanki həm onlara, həm bu dünyaya yadammış kimi davrandı. Sanki yaşamağa, gülməyə, gəzməyə, var olmağa haqqım yoxdur, bütün bunlara ancaq ailəsi olanların haqqı var. Mən hər kəsin sahib olduğu xoşbəxtliklərə dəyər verirəm. Müxtəlif ölkələrdə olmuşam. Gəzməyi sevirəm, kitab oxumağı, tamaşalara getməyi, hətta rəqs etməyi. Hərdən evdə musiqi qoşub oynayırdım, qonşular qapımın önündən keçəndə musiqi səsini eşidib qapını döyər, heyrətlə nə baş verdiyini, niyə musiqi səsi gəldiyini soruşardılar”.

“Qonşuların bəziləri həyatlarında baş verən xoş yenilikləri məndən gizlədirlər, elə bilirlər ki, uşaqlarının evləndiklərini, nəvələri olacaqlarını, yaxud yeni ev aldıqlarını bilsəm, paxıllıq edəcəm, gözüm dəyəcək. Məni yarımçıq və bədbəxt görürlər… Halbuki mən ancaq sevinə bilərəm, axı mən yarımçıq deyiləm, özümü bütöv hiss edirəm. İnsan həyatda hər şeyə sahib ola bilməz. Mən insanlardan kədərimə deyil, xoşbəxtliyimə hörmət etməklərini gözləyirəm”.

“Aldığım təqaüd etmək istədiklərimə çatmır, ona görə ayın böyük hissəsini ancaq evdə oturmalı oluram. Xaricdə yaşayan rəfiqələrimlə söhbət edəndə dünyanı gəzdiklərini, müxtəlif ölkələrə səyahət etdiklərini deyirlər. Eyni zamanda ictimai nəqliyyat kimi yerlərdə xüsusi imtiyazlardan yararlanırlar. Bizim yaşlılığımız isə dörd divar arasında çürüyür”.

 

"Əgər pişiklər olmasaydı, yaşamağı təsəvvür belə edə bilməzdim”

57 yaşlı Elmira Ağadiyeva İçərişəhərdə olduqca köhnə, nimdaş evində onlarla pişiklə birgə yaşayır. Dolanışıq üçün heç bir gəliri olmasa da, yaşı düşmədiyinə görə təqaüd almır. Özünün və pişiklərinin ehtiyacını qarşılamaq üçün o, qonşuların dəstəyi və azsaylı ianələrdən asılıdır.

“Özümə heç nə almıram, nə ərzaq, nə paltar. Yemək belə bişirmirəm. Qonşular mənə gün içində bir şey hazırlayıb ya gətirir, ya gəlib götürməyimi istəyirlər. Elə gün olur balalarıma (pişiklərə) o qədər başım qarışır ki, mənim üçün hazırlanan yeməyi götürməyə də vaxtım olmur. Küçələrdən keçən turistlər pişiklərə qayğı göstərdiyimi görüb ianələr edirlər. Azərbaycanlılar da mənə dəstək olur, hardansa eşidirlər ki, mən pişiklərə qulluq edirəm, ya ianə edir ya da pişik yemi gətirirlər. Pişiklər üçün bazardan ərzaq alıram, bazardakı satıcılar da mənim pişiklər üçün aldığımı bilirlər, bəzən güzəşt edirlər, az pul istəyirlər”.

“Əgər pişiklər olmasaydı, yaşamağı təsəvvür belə edə bilməzdim, həyatda onlardan və onların ruhuma qatdıqlarından başqa heç nəyim, heç kimim yoxdur. Pişiklərdə çox hikmət var, onlarla danışıram, yatıram, gəzirəm, xəstələnəndə yanımdan ayrılmırlar. Onlar hər dərdimə şərikdir. Əslində onlardan başqa dərdim qalmayıb, onlardan başqa nəyim var ki, dərdini çəkməli? İstəyirəm ki, həmişə yaxşı olsunlar, yeməkləri olsun, yaraları, xəstəlikləri olmasın. Ancaq hərdən onlara nə verəcəyimi belə bilmirəm, xəstə olduqları vaxt çarəsizlik yaşayıram. Bəzən qonşulardan pişikləri həkimə aparmaq, ya da dərman almaq üçün borc istəyirəm. Mənə dəli kimi baxanlar da var. Həyatımı puç edib, onlara həsr etməyimə gülənlər də, ürəyi yananlar da var. Ancaq anlamırlar ki, mənim də övladım, varım, dövlətim, əzizim pişiklərdir. Mən də onları qorumalıyam. Onların Allahdan və məndən başqa heç kimi yoxdur. Heyvan sevgisi insan sevgisinin əsasıdır, ancaq heyvanları sevən bir insan həqiqi kamillik mərtəbəsinə çata bilər. Uşaqların belə bir əvəzsiz sevgidən məhrum edilərək böyüdülməsi məni dəhşətə gətirir. Hərdən uşaqlar pişiklərə toxunmaq, onları qucağına alıb əzizləmək istəyirlər. Bəzi valideynlər bunu qadağan edir. Belə yaramaz dünyada pişikləri tək qoyacağımı düşünərkən keçirdiyim hissləri təsvir etməyə söz yoxdur”.

“Yaşım düşmür deyə, pensiya ala bilmirəm. Bir neçə dəfə ünvanlı sosial yardımla bağlı müraciət etmişəm. Amma rəsmi işim olmadığı və yaşadığım bu mənzilə görə mənə yardım vermirlər. Deyirlər ki, İçərişəhərdə evin var, daha nə istəyirsən. Məni bu yaşda heç kim işə götürməz. Həm də pişikləri necə tək qoyum? İşim də, həyatım da onlardır. Həyatımı onlara həsr etmişəm. Bu yaşımda belə, özümə ayırmağa bir dəqiqə vaxtım yoxdur. Onların qayğılarına görə gündə cəmi 2-3 saat yatıram”.


Qeyd: Psixoloq Aydan Qurbanovanın müəlliflə uzaq qohumluq əlaqəsi var.


Məqalə Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin