Mal təzəyinin ümidinə qalan kənd

Fotoqraf: İlham Mustafa

11.10.23
Buraxılış: Kənd Həyatı

2023-cü ildə Azərbaycanın təbii qaz ixracatı neft ixracını üstələsə də, ölkədə hələ də qazlaşdırılmayan kəndlər var. Onlardan biri - Şəmkir rayonunun Varlı Həyat kəndi evlərini qızdırmaq üçün qədim üsullardan istifadə etməyə məcburdurlar.

Varlı Həyat kəndində 50-dək ailə, 200-dək sakin yaşayır və onların yaşayışı preslənmiş mal təzəyi, yerli dialektlə desək, kərmədən asılıdır. Qurudulmuş peyin yandırılması istilik istehsal etmək üçün qədimdən qalma üsuldur. Amma tüstüsü və qoxusu evin içindəki havanın tərkibində uzun müddət qalır, kərmənin köməyi ilə hazırlanan yemək və çayın tamı da dəyişir.

Kənd sakini 60 yaşlı Tamam Abdullayeva altı nəfərlik ailənin üzvüdür. Onun ailəsi də digər həmkəndliləri kimi maldarlıqla dolanır. Ailənin əsas yanacaq ehtiyatı olan kərməni hazırlamaq onun öhdəsinə düşür. Artıq beş qalaq kərmə ehtiyatı görən Abdullayeva bunun yalnız 2024-cü ilin Novruz bayramına kimi bəs edəcəyini deyir. Kərmənin hazırlanma prosesi isə aylarla çəkir.

Tamam Abdullayeva qurumuş kərmələri tayaya vurur.

“Havalar soyuyub mal tövləyə girəndən malın təzəyini basma edirik. Tövləni təmizlədikcə çıxarıb yerə səririk, ayaqlayırıq ki, bərkiyib preslənsin. May ayından sonra kəsib qalağa vurmağa başlayıram. Havalar yaxşı keçəndə tez quruyur, yaxşı yanır. Yaxşı qurumayanda tüstüsü göz çıxardır. Bağda ağac da qalmayıb, nə də bir yandan gəlir yoxdur ki, gedəm bir maşın odun alam gətirəm ki, qışı yaza çıxar bilək”, o deyir.

Şölə Abbasova da kəndin bütün sakinləri kimi qazsızlıq sarıdan çox əziyyət çəkdiklərini deyir. Dolanışıqları yalnız mal-qaradan asılı olan ailənin büdcəsi ancaq mal təzəyi ilə isinməyə yetir. Bəzi sakinlər kimi, Abbasova da təzək qurularını ya evin damında, ya da zirzəmisində saxlayır.

Şölə Abbasova deyir ki, körpə uşaqları istilik olmadan saxlamaq çətindir.

“Yanacağımız yoxdur. Qışdan yaza qədər zülm çəkirik. Körpə uşaqlarımız var. İstiliksiz saxlaya bilmirik. Su doldurub evə qayıdana qədər görürük ki, soba sönüb. Gərək evdə bir nəfər ancaq sobanın yanında dayana, keçməyə qoymaya. Qış olur, soyuq olur, ağrıyırıq, xəstələnirik”.

Kənd sakini Cavid Əliyev tövlədə təmizlik işləri aparır, inək peyini yığır.

Cavid Əliyev tövlədən çıxardığı təzəyi ayaqlayaraq presləyir.

Sakinlər kərməyə alternativ yanacaq növləri olduğunu deyirlər, lakin baha olduğu üçün onlardan qənaətlə istifadə etməyə çalışırlar.

Məsələn, yemək bişirmək və çay qoymaq üçün kənddə hər ailədə fərqli ölçülərdə propan balonları var. Lakin onu maye qazla doldurmaq baha başa gəldiyinə, eləcə də qaz tez qurtardığına görə balonları ya tələsik yemək hazırlayanda, ya da qonaq gələndə istifadə edirlər. Digər vaxtlarda yenə kərməyə üz tuturlar. Sakinlərin bildirdiyinə görə, elə yemək və çay qoymaq üçün aldıqları maye qazın xərci aylıq 50-90 manat tutur.

Kənd sakinləri qış üçün saman ehtiyatı toplayır. Bəzən soyuq havalarda bu bağlamalar soyuqdan donmamaq üçün də istifadə olunur.

Odun yandırmaq başqa bir alternativ olsa da, ondan əsas yanacaq mənbəyi kimi istifadə etmək bir ailəyə ildə təxminən 1000-1500 manata başa gəlir.

“Odunu meşədən kəsib gətirə bilmirik. Qadağandır. Ona görə pul ilə alırıq”, kənd sakini Tamiraza Qasıma izah edir.

“İlin altı ayı odun yandırırıq. Sobaya qoyub hamımız onun başına yığışırıq. Evdə cəmi bir yerdə istilik olur. Qaz olsa, təmizliyimiz olar, istiliyimiz olar, hər otağın özünün şəraiti olar. Uşaqlar istilik olmadığına görə xəstələnməzlər”.

Yağış kərməni isladıb korlamasın deyə, tayalar piramida formasında yığılır.

Əvvəllər 50 təsərrüfatdan ibarət olan kənddə indi 30 ailə yaşayır. Qışda isə kənddə qalanların sayı barmaqla sayılacaq qədər olur.

Kənddən birdəfəlik köçmək istəməyən sakinlər qış aylarını yola vermək üçün Şəmkir və ətraf kəndlərdə kirayə ev tuturlar. 67 yaşlı kənd sakini Eldar Mamedov ailəsi ilə birlikdə kənddə qalmağa çətinlik çəkənlərdəndir.

“Həyatımız məhv olur. Yoldaşımla tək yaşayıram. İki oğlum, bir qızım rayon mərkəzində qalır. Oğlanlarım əsgərlikdən qayıdandan heç kəndə gəlmədilər. Mane olmadım ki, mən çəkən əziyyəti onlar çəkməsinlər”.

Lakin Mamedov deyir ki, o özü də qış aylarını kənddən kənarda keçirməli olur, çünki soyuq mövsümdə bir çox başqa problemlər də ortaya çıxır: bəzən qışda kənd yolu işləmir, heç kim propan gətirə bilmir.

“Min bir əziyyətlə kərmə yandırıb yemək bişiririk, çay qaynadırıq. Elə adam var ki, qışda donmamaq üçün saman bağlaması yandırıb. Azərbaycanın qazı xaricə gedir, xaricilər bizim qazla kef görür, biz isə burada qırılırıq, baxan da yoxdur”.

Yanacaq probleminə görə Varlı Həyatda bir neçə sakin çörəklərini bişirmək üçün təndiri birlikdə qalayır.

Qazla əlaqədar kənddə yaranan problemlər bununla da bitmir. Məsələn, kənddə yaxşı məktəb binası olsa da, lakin şagird çatışmazlığı səbəbindən bu il fəaliyyətini dayandırıb.

“Yaxşı məktəb var, Avropa üslübunda tikilib. Hər bir şəraiti var, amma bu il məktəb bağlandı. Dedilər uşaq yoxdur dərs keçməyə”, Tamiraza Qasımova izah edir.

“Bunun da səbəbi istiliyin olmamasıdır. Hamı köçür. Evi olan başını götürüb gedir, olmayan kirayəyə köçür. Hamı istəyər övladı yaxşı təhsil alsın. Qışda yeddi ailə qalır burada. Mənim iki uşağım var. Biri 12, digəri 7 yaşındadır. Bu il məktəbə getməliydilər. Məktəb yoxdur deyə, gedə bilməyəcəklər. Hara gedirik, kimə şikayəyət edirik heç kimin vecinə deyilik”.

Yerli sakinlərə əsasən, Varlı Həyat kəndinin də daxil olduğu Yeni Göyçə İnzibati Ərazi Dairəsində heç də bütün kəndlər qazsız deyil. Kənd sakini 52 yaşlı Bayram Əsədov nümayəndəliyə aid dörd kənddən ikisinin altı il əvvəl qazlaşdığını, ikisinin isə kənarda qaldığını deyir.

“Şəmkirdən üzü bu yana yeddi kənd var. Necə olur ki, onun beşi qazlaşıb, ikisində qaz yoxdur? Qaz təminatına görə o kəndlərdə yaşayış da var, məktəb də var, insanlar da rahat yaşayır”.

Bayram Əsədov buzovları yemləyir.

“Burada hər şey məhv olub gedir. Burada biz qaz görməmişik; ancaq təzək, kərmə yandırmışıq. Hara da gedirik, şikayətimizə baxan yoxdur. Məktub yazırıq, cavab gəlmir”, o deyir.

Divara yapışdırılaraq qurudulan mal təzəkləri

Yeni Göyçə İƏD-in nümayəndəsi Rövşən Vəliyev qeyd edir ki, qazlaşdırma artıq planlaşdırılıb: layihə hazırlanıb, yalnız smeta ayrılaraq işlərə başlanılmasını gözləyirlər.

“Digər iki kənddə qazlaşma işi 2016-2017-ci illərdə aparılıb. Qaz xətləri çəkilərkən əsasən kəndlərin böyüklüyü və əhali sayı nəzərə alınıb. Bu səbəbdən daha böyük kəndlər olan Günəşli və Yeni Göyçə kəndlərinə daha erkən qaz verilib”, o izah edir.

Varlı Həyat 2023-cü ildə qaz əldə edə biləcək, bunu “Azərqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, qazlaşdırma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılıb və bu il Şəmkir rayonunda üç kənd və üç yaşayış massivinin, o cümlədən Varlı Həyatın paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulub. “İşlərin cari ilin oktyabr ayında başlanılması gözlənilir”, o deyib.



Məqalə Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin