Abituriyentləri intihara sürükləyən nədir?
Jurnalist: Aygül Qurbanova
Oxuduğunuz məqalə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan hekayələr paylaşıb.
2022-ci ilin iyulunda Naxçıvanda 17 yaşlı Laçın Rzayevanın intiharı ilə bağlı xəbər bütün cəmiyyəti sarsıtmışdı. Atasının “mən işdən gələnə qədər özünü öldür” dediyi Laçın İnstaqram hesabında açıq məktub yayımladıqdan sonra intihar etmişdi.
“Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyani isə atam verdi. Hələ bu gün səhər işə getmədən əvvəl mənə dedi ki, "Mən işdən gələnə qədər get özünü as öldür. Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəyəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm. Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur... Mən daha yoxam. Əlvida”.
Həmin dövrdə hadisə cəmiyyətin müxtəlif kəsimləri tərəfindən müzakirələrə səbəb olsa da, qısa müddət ərzində unuduldu. Şərur Rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işinin açıldığı və valideynlərin cinayət məsuliyyətinə cəlb edildiyi barədə məlumat yayılmasına baxmayaraq, prosesin nəticəsi ilə bağlı hər hansı məlumat ictimaiyyətlə paylaşılmadı.
Universitetə qəbul imtahanı hər bir abituriyent üçün stresli dövrdür. Azərbaycanda isə bu dövr cəmiyyət və ailələr sayəsində daha dözülməz keçir. İmtahan öncəsi və sonrakı dövrdə yüzlərlə şagird psixoloji sarsıntı yaşayır və sonrakı həyatlarında dərin izlər qoyacaq travma alır.
32 yaşlı hüquqşünas Əli Fətəliyev də onlardan biridir.
Onun ali məktəbə qəbul imtahanlarından illər keçsə belə, xoşagəlməz xatirələri hələ diridir.
“Uşaqlığım və gəncliyim ailəmin və ətrafımın təzyiqləri ilə dolu idi. Ailəmin və qohumlarımın məni davamlı olaraq başqalarının uşaqları ilə müqayisə etmələri, uğursuzluğa düçar olarkən psixoloji və fiziki zorakılığa əl atmaları dəhşətli hal almışdı”, o deyir.
“Kiçik yaşlarımdan ailəm deyirdi ki, qonşunun oğlu yaxşı oxuyur, sən niyə onun kimi ola bilmirsən? Mənim üçün rəqabət mühiti yaratmaqdansa, bu vəziyyət özümü daim qeyri-adekvat, yetərsiz, lazımsız hiss etdirirdi. İmtahanlarda uğur qazanmağım ən böyük gözlənti idi, uğursuzluq zamanı isə psixoloji təzyiqlər daha da artır, xüsusilə atam tərəfindən davamlı olaraq alçaldılırdım. Doğrusu, artıq onun məni anlamağını yox, sadəcə görməməsini, nəzərlərini üzərimdən çəkməsini istəyirdim”.
Əlinin üzləşdikləri sadəcə psixoloji təzyiqdən ibarət deyildi. O, kəmərlə döyüldüyünü də xatırlayır.
“Bu zorakılıq nəticəsində özümü daim günahkar və qeyri-adekvat hiss edirdim. Bir vaxtlar hətta özümə zərər vermək fikrim də olurdu”, o əlavə edir.
Məktəb yaşlı uşaqların intihar etməsi ilə bağlı rəsmi statistika yoxdur, lakin hər il qəbul imtahanlardan sonra onlarla oxşar hadisə mətbuatda əksini tapır. Mahiyyət etibarilə stresli olan imtahan və hazırlıq prosesi valideynlərin və cəmiyyətin təzyiqləri nəticəsində daha çətin və gərgin keçir.
İbtidai və orta təhsil dövlət məktəblərində ödənişsiz olsa da, 9-10-11 ci sinif şagirdləri universitetlərə qəbul imtahanlarına hazırlaşmaq üçün ödənişli repetitor təhsilinə ehtiyac duyurlar. Sadəcə imkanlı ailələr deyil, cəmiyyətin istənilən təbəqəsinə məxsus ailələr övladlarını qəbul imtahanı hazırlığına göndərirlər. Bu çəkilən xərc uşaqları valideyn qarşısında borclu hiss etdirir, mütləq uğur əldə etmək öhdəliyi ilə baş-başa buraxır.
Ağgül Feyziyeva bu təzyiqin nəticəsinə birbaşa şahid olub. O, 2017-ci ildə ucqar regionlardan birində müəllim olaraq işə başladığı ilk ildə şagirdlərdən biri özünü asıb.
Feyziyeva keçmiş şagirdinin sarsıntılarını yada salır: “Ona deyirdim ki, imtahan nəticəsi bir son deyil,” o xatırlayır. “Amma görünür, ağır təzyiq altında olan şagirdlər üçün müəllimin sözləri bu prosesi yumşaltmağa yetmir. Azərbaycan təhsil sistemi sadəcə öyrətmək və şagirdin maksimum uğurlu nəticəsi üzərində qurulub. Belə olan təqdirdə müəllimlər və pedaqoji kollektiv uşaqların daxili dünyası ilə yetərincə maraqlana bilmir”.
Rəssamlıq Akademiyasının məzunu Sevil Rzayeva həm məktəbdə şagird və müəllimlər, həm də evdə anası və qohumları tərəfindən bullinqə məruz qaldığını xatırlayır. Rejissor ailəsində yaşadığı üçün valideynləri onun da rejissor olmağını istəyib. Sevil isə rəssam olmağı arzulayıb.
“Anam daim məni yaxşı oxumadığıma, az bal yığıb ailəmizi biabır edəcəyimə inandırmağa çalışırdı. Rəssamlığı xəyalım və qabiliyyətim olduğu üçün deyil məhz keçid balı az olduğu üçün istədiyimi düşünürdü”,- deyə o xatırlayır. “Ağlımda ancaq qəbul olmadıqdan sonra baş verə biləcəklərin təlaşı var idi”.
Psixoloq Aytac Quliyeva məktəblilərdə imtahan stresi yaranmasının, valideyn təzyiqi başda olmaqla, bir çox səbəbi olduğunu vurğulayır.
“Avtoritar, həddindən artıq qoruyucu və ya mükəmməlliyətçi valideynlər kimi səhv valideyn münasibətləri təşvişə səbəb olur. Ailənin, məktəbin, müəllimlərin şagirdlə bağlı real olmayan gözləntilərinin olması da şagird narahatlığını artırır. Uşaqlar inanır ki, imtahandan kəsilsələr, başqaları tərəfindən mənfi qiymətləndiriləcəklər. Uğurlarını sübut etdikdə cəmiyyət tərəfindən daha çox hörmət və dəyər qazanacaqlarına düşünürlər. Ona görə də imtahandan kəsilməyi “dünyanın sonu, fəlakət” kimi qələmə verirlər”.
Təhsil eksperti Zümrüd Əlizadə deyir ki, Azərbaycan məktəblərində psixoloqların bir çoxu valideyn təzyiqini valideynin övladın təhsilinə göstərdiyi dəstək olaraq anlayır və şagird stresini yeniyetmə ərköyünlüyü olaraq görür.
“Azərbaycan təhsil sistemində isə son illərdə artan intihar hallarına baxmayaraq, bununla bağlı tamamilə laqeyd bir münasibət var. Nəinki problemin həlli ilə bağlı addımlar atılır, baş verənlər problem olaraq belə görülmür. Hər il imtahanlardan sonra mediada yayılan və ya dildən-dilə gəzən intihara cəhd və intihar halları cəmiyyət tərəfindən müzakirə edilsə də, təhsil nazirliyi susqunluq nümayiş etdirir. Bu, ən azı hadisələrin özü qədər faciəvidir”.
Elm və Təhsil naziri Emin Əmrullayev mediaya verdiyi müsahibələrin birində intihar edən abituriyentlərlə bağlı xəbərlərdən kədər duyduğunu, sözügedən halların prokurorluq tərəfindən araşdırıldığını bildirib. Elm və Təhsil Nazirliyi “Chai Khana”ya bildirib ki, intihar cəhdlərinə qarşı məktəblərdə psixoloqlar şagirdlərlə mövzu ətrafında profilaktik söhbətlər aparır. Lakin Azərbaycanda heç bir təhsil müəssisəsində şagirdlər, müəllimlər və ya valideynlər üçün nəzərdə tutulmuş hər hansı layihə yoxdur və keçmişdə də olmayıb.