Sarıbaş: Qafqaz dağlarında tərk edilmiş gözəllik
Dağların qoynunda, əlçatmaz bir yerdə gizlənmiş Sarıbaş kəndi toxunulmamış gözəlliyi ilə diqqət çəkir. Lakin baxımsızlıq ucbatından kəndin gələcək taleyi sual altındadır.
Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikə yerləşir. Cəmi 50 il əvvəl həyat qaynayan Sarıbaşda 200-dək ailə yaşayıb. Lakin 1990-cı illərdə planlı iqtisadiyyat dağılmağa başladığından bəri əhali işsizlik, artan sosial problemlər və sıradan çıxan infrastruktur səbəbindən evlərini tərk etməyə məcbur olub.
Hazırda kənddə cəmi 8 ailə – 18 nəfər yaşayır. Onları bura bağlayan kəndin gözəl təbiəti, təmiz suyu və havası, bu torpaqda dəfn edilmiş yaxınlarıdır. Bu səbəbdən də kənddə qalanlar bütün çətinliklərə sinə gərərək həyatlarını davam etdirirlər.
Kənddə yaşayanlar üçün ən böyük çətinliklərindən biri yoldur. Yaz-payız aylarında Kürmük çayında su çoxaldığına görə kəndin yolu bəzən həftələrlə bağlı olur. Qış aylarında qar uçqunları da yolun bağlanmasına səbəb olur. Qarın süxurlarını yuyaraq dağdan qopardığı daşlar da yola tökülərək gediş-gəlişdə çətinliklər törədir. Bu səbədən də kəndə yalnız ağır “offroad” və yük maşınları gedə bilir.
Bütün bu çətinliklərə baxmayaraq, sarıbaşlılar bu yolun düzəlməyini o qədər də istəmirlər: Onların qorxusu yol düzələndən sonra kəndə ayaq açan oliqarxların buralarda villalar tikmək, beşulduzlu otellər açaraq kəndin rahatlığını pozmaq ehtimalıdır. Sarıbaşlıların hökumətdən istəyi burada iş yerlərinin açılmasıdır ki, kənddən uzaq düşən sakinlər geri qayıtsınlar.
Foto-hekayə Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin