Tərəkəmələr

Müəlli̇f: Gulər Abbasova
28.11.16
Buraxılış: Hərəkətda


 

Günəş zenitə yaxınlaşırdı. Xəfif sentyabr küləyi əsirdi. Günortaya az qalmış köhnə "Vilis"-ə minib, Şamaxının ucqar dağ ətəklərindəki  yaylaqlarına yola düşməyə hazırlaşırdıq. Elə yoldaca yaylaqdan rayona mer-meyvə, tərəvəz almağa gələn köçərilərlə rastlaşdıq. Göyçək nənə, iki nəvəsi, gəlini və böyük oğlu ilə bazarlıqların edəndən sonra birlikdə maşına minib ilk olaraq Zarat-Xeybəriyə istiqamət alırıq.

Zarat-Xeybəri yaylağı Şamaxının ən ucqar dağlarının ətəyində, rayon mərkəzindən təxminən 42 km uzaqlıqldakı eyni adlı kəndin yaxınlığında yerləşir. Qurdluca Ayrığı kimi tanınan bu yaylaq köçərilərin –tərəkəmələrin yurdu, yay evi sayılır.

Sentyabrın ortalarında havalar tez soyuduğundan buradakı yaylaqdan tərəkəmələr  artıq köçə başlayıblar. Hər gün yaylaqdan bir və ya bir neçə ailə yığışıb qışlağa köç edir. Köçərilər qışlağa çıxana kimi bir neçə yerdə gecələyirlər. Köç prosesi oktyabrın ilk yarısına kimi davam edir.

Köçəri həyat tərzi keçirən tərəkəmələr Azərbaycanın əsasən Mərkəzi Aran, dağlıq və dağətəyi zonalarında, cənub ərazilərinin kiçik bir hissəsində, az sayda qərb zonasında icma halında yaşayır.  Etnoqraf Bəhram Məmmədli və Ənvər Çingizoğlunun 2012-ci ildə nəşr olunan “Oğuz-Türkmən tayfaları orta əsr qaynaqlarında” kitabındakı qeydlərə əsasən XI əsrdən Mərkəzi Asiyadan  İran, Zaqafqaziya, Kiçik Asiya, Anadoluya köçən tərəkəmələrin kökü türk əsilli tayfalar olub, sonradan zamanla məskunlaşdığı obaların yerli əhalisinə qarışıb.

 

"Tərakimə"- türk sözünün ərəbcə cəmidir.İlk dəfə bu söz türkmənlər arasında işlədilib.Əsas məşğuliyyətləri heyvandarlıq olan bu tayfalar  yazın axırlarında, yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda- havalar soyuyanda isə arana - isti yerlərə köçürlər.

İndi Azərbaycan ərazisində əslən türk olmayan digər tayfalar da tərəkəmələr kimi köçəri həyat  yaşayır. Rəsmi olaraq onların sayı məlum olmasa da təxmini hesablamalara görə demək olar ki, Azərbaycan ərazisində indi 500- ə yaxın tərəkəmə həyatı keçirənlər var.

Rayon mərkəzindən bir qədər aralanandan sonra asfalt yolları daşlı-kəsəkli, üzü dağlara sarı dar yollar əvəz edir. Yolüstü qonşu yaylaqlardan qoyun, mal-qara sürüsünün köçünü seyr edirik. Gənc çobanlardan kimisi at belində,kimisi də piyada, çomağı əlində  sürünü başında gedir, beş- altı çoban iti isə onları müşayiət edir.

Tərəkəmə dili ilə desək "yataq" qışlağa yola düşür. Yatağın köçü təxminən beş-altı gün davam edir.

Saat yarımdan çox çətin enişli-yoxuşlu, daşlı-kəsəkli, dar yolları keçib, neçə kəndi geridə qoyandan sonra yaylağa yetişirik. "Vilis" bu daşlı-kəsəkli dağ yollarının, xüsusilə palçıqlı-qarşı günlərdə yeganə davamlı yolçusu sayılır.

Bir qədər aralıda üç-dörd alaçıq gözə görünür. Keçmişdə bu alaçıqlar keçə ilə örtülərdi. Keçə də otağı küləkdən,soyuq havadan qoruyardı. İndi isə köçərilər alaçıqlarını sadəcə polyester örtüklərlə qapayır.

 Maşından düşüb yüklərini daşıyan Göyçək nənə və gəlini dərhal alaçıqlardan birinə keçir. Buradakı alaçıqların bir neçəsi boşaldığından bəllidir ki, artıq ailələr köçə başlayıb. Yaylaqda təkcə yeni doğulan quzular və bir neçə baş qoyun qalıb. Havalar tam soyumağa yaxınlaşanda isə "binə" -yəni yaylaqda qalanlar əşyalarını, alaçıqlarını yığıb maşınlarla yola düşəcəklər.

 

"Keçmiş zamanlarda köç vaxtı atlar, qatırlar, dəvələr yüklənərdi. Qoyun-quzu, mal-qara sürüsünü çobanlar aparardı, at belində tərəkəmələr yola çıxırdılar. Sovet dövründən sonra  köç yerlərinə tərəkəmələr maşınlarla gedir, təkcə qoyun-quzunu, mal-qaranı çobanlar piyada aparırlar. "-deyir Gülaməddin Xasıyev.

Əslən Zarat-Xeybəri tat kəndindən olan Gülaməddin dayı  iyirmi yaşından köçəri həyat keçirir. Demək olar ki, qırx ildir tərəkəmə kimi yaşayır.Dediyinə görə bu işə elə atasının yolu ilə başlayıb. Bu cür həyat tərzi onun üçün rahatdır.Həmişə də eyni yaylağa və qışlağa köç edir. Amma  köçərilər arasında iki-üç ildən bir yaylağını-qışlağını dəyişənlərin olduğunu da qeyd edir.

"Hər adam  bu sənətə, bu köçəri həyat tərzinə səbr edə bilmir. Amma çətin də olsa çox bərəkətli sənətdir. Südü,pendiri,yunu- bunlar hamısı bərəkətdir. Zəhmətə alışmalısan."

Gülaməddin dayı deyir hava aydın, yağmursuz keçəndə  qışlağa rahat və tez  çatmaq olur.  Amma elə vaxt olur köç çox çətin keçir. İki il əvvəl də bütün köç çovğuna düşdüyündən çıxılmaz vəziyyətə düşmüşüb.

"Həmin gecə yataq (qoyun, mal-qara) borana, çovğuna düşdü. İstədik yatağı buraxaq, özümüz çıxıb gedək. Qasırğaya düşmüşdük.Qar bir metrə qalxmışdı. Mal-qara hərəkət edə bilmirdi, ata qoşub güclə dartırdıq. Şükür allaha, zülmlə də olsa qışlağa gedib çıxa bildik."

 

Köç ərəfəsində tərəkəmələr yola çıxmazdan neçə gün əvvəl mütləq yemək tədarükü görür.

Səhərdən o baş –bu başa gedib gələn, işləməkdən yorulmaq bilməyən 66 yaşlı Göyçək nənə (Süleymanova) yaxınlaşır. Ayağında rezin qaloş, əynində qalın əlbisəsi,yun jaketinin düymələrini bağlaya-bağlaya  köç hazırlığından danışır:

"Bir gün, iki gün əvvəl təndirdə yuxalar, çörək bişiririk. Çolpa,ət qovurması hazırlanır. Əlavə motal pendirimiz,şorumuz, nehrə yağımız da olur. Özümüz üçün ayrıca, sürünü aparan çobanlar üçün ayrıca yemək qoyuruq."

Məktəb mövsümü başlayanda  bütün məktəblilər kimi tərəkəmə uşaqları da dərsə yollanır. Göyçək nənənin on dörd yaşlı nəvəsi Dədəli də yaylağa təkcə tətil günlərində gəlir. Yaş yarımlıq balaca nəvə Nicat isə anasının qucağından enən kimi gah yaylağın o baş- bu başına qaçır, gah da quzularla oynayır.

Zarat-Xeybəridən doqquz kilometr aralıda Dəmirçi kəndinin yaxınlığındakı Mıxtökən yaylasında gəlirik. Bu yaylaqda da bir neçə tərəkəmə ailəsi köçə hazırlaşır. Günortadan xeyli keçir, qadınlar mal-qaranı örüşdən gətirir. Nazbikə xala  qoyun-quzunu yerbəyer edəndən sonra alaçığa keçir.

 

"Əvvəllər cəhrəmiz, darağımız var idi, qoyunun yunundan xalça-palaz, farmaş toxuyardıq. Yerə döşədiyimiz xalça-palazı da özümüz toxumuşuq. Daha hər şey müasirləşdi deyə indi hazır alırıq, daha toxumuruq."

Alaçığın küncündən, yorğan-döşəyin altından nimdaş farmaşını çıxarıb göstərir:

"Bu farmaşı qaynanam mənə bağışlayıb. Köç edəndə yorğan-döşəkləri bu farmaşın içinə yığıb, yola düşürük. Keçmişdə də belə olub."

58 yaşlı Nazbikə Mədətova deyir çətin olsa da, köçəri kimi yaşamağa alışıb. İndi havalar soyuyan kimi dağın ətəyindən  köç edib bir qədər aşağı eniblər. Bu minvalla neçə yerdə bina qurub sonra  qızı, əri və qonşu alaçıqdakılarla Qarasuyun üstündəki qışlağa köçəcəklər.

Köç günü tərəkəmələr sübhdən hazırlıqlara başlayırlar. Artıq Gülaməddin dayının və qonşu alaçıqdakı ailəinin də əşyaları, qab-qaşığı, yorğan döşəyi sarınıb, boxçalarda hazır toplanıb. Alaçığın sərt örtüyü açılıb,ağac dirəkləri də bir-bir sökülür.  Günortaya yaxın gələn Kamaz maşınına yüklər daşınmağa başlayır. Qadın-kişi demədən alaçıqdakılar hamılıqla yüklərini sahmanla yükləyirlər. İki saat çəkən yır-yığışdan sonra nəfəslərini dərmək üçün bir qurtum çay içib, bir tikə pendir-çörək yeyir, sonra sonuncu əşyalarını götürüb maşına qalxırlar. Köç başlayır...

 

 



 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin