Qorxu ilə yaşamaq: ailədaxili zorakılıq kabusu

Müəlli̇f: Gulər Abbasova
01.10.19
Buraxılış: QORXU

Gecə düşəndə 30 yaşlı Lalənin gözünə yuxu getmir.

Hər dəfə yatmağa hazırlaşanda evli olduğu zaman əri tərəfindən döyülmələri və təhqirlər gözünün qarşısında canlanır.

Düzdür, Lalə indi təhlükədən uzaqda və körpələri ilə birlikdə zorakılıqla üzləşmiş qadınlar üçün sığınacaqdadır, bununla belə, daimi qorxu içindədir ki, keçmiş əri yerini öyrənər və yenidən üstünə gələr.

"Gecələr gözümə yuxu getmir. Həm ağrılarım olur, həm də qorxular məni tərk etmir" - deyə, Lalə söhbətə başlayır. 

BMT-nin hesabatına görə, məişət zorakılığı Azərbaycanda geniş yayılmış bir fenomendir. 2014-cü ilin hesabatına əsasən, qadınların 43%-i məişət zorakılığı ilə üzləşib, onların 29%-də zor tətbiq edənlər ərləri olub. Hesabatda zərərçəkənlərə lazımi dövlət xidmətlərinin olmaması vurğulanır. Həmçinin qeyd olunur ki, məişət zorakılığı qurbanlarını qorumalı olan qanunun icrasında ciddi çatışmazlıqlar da mövcuddur.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, demək olar ki, hər gün zorakılıqdan zərər görmüş qadınlardan ona zəng gəlir. Əksər zərərçəkənlər kömək üçün hara müraciət edəcəklərini bilmirlər. Və maddi asılılığa görə qadınlar ərlərini tərk edə bilməyəcəklərini düşünürlər.

Azərbaycanda qadınlar döyüldüklərinə görə nadir hallarda polisə xəbər verirlər və köməyə ehtiyacları varsa, dövlət tərəfindən onlara təklif edilən imkanlar çox azdır.

"Zorakılıq qurbanı olan qadınlar çox hallarda susmağı üstün tuturlar. "Ərimdir, döyər də, söyər də" deyib keçirlər, eyni zamanda uşaqlarını da zorakılıq qurbanı edirlər", sosioloq Sara Ağayeva bildirir. O əlavə edir ki, qadınlar polisə müraciət etsələr də, xeyri olmur.

"Həyat yoldaşları hüquq çərçivəsində bir müddət həbs edilə bilir, amma sonradan bu insanlar yenidən qadına şiddət göstərir və hər şey əvvəlki vəziyyətinə qayıdır".

Bu, Lalənin də başına gəlib. O, 17 yaşındaykən evlənməyə məcbur edilib və çox keçmədən də əri tərəfindən döyülməyə başlayıb.

"Qorxudan heç bir şey yeyə bilmirdim, yediyimi də qusurdum. Anam təsəlli verirdi ki, döz, uşaq olandan sonra düzələcək". Amma düzəlmədi.

"Gecələr yataqda yerimdən tərpənmirdim ki, ayılmasın. Elə olurdu ki, tualetə keçib gözləyirdim, yuxulasın, sonra mən yatım. Yoxsa oyaq olduğumu görüb mütləq döyəcəkdi. Mənim 10 ilim, demək olar ki, tualetdə gizlənməklə keçib", Lalənin gözləri yaşarır.

Lalə əri ilə keçirdiyi 10 il ərzində bir neçə dəfə evdən qaçmağa cəhd göstərib. Lakin əri ondan əl çəkməyib. Sonda isə boşanma baş tutub və məhkəmə ərinin Lalə ilə görüşməyinə qadağa qoyub. Bunun da bir xeyri olmayıb: o, məhkəmə çıxışındaca Lalə və anasını bıçaqlayaraq onlara xəsarət yetirib. 

"Qarnımı, kürəyimi bıçaqlamışdı. Anama on doqquz dəfə bıçaq vurmuşdu, ayağından qan fışqırırdı, yaralı halımla anamın yarasını tutmuşdum ki qanı getməsin. Qaynatamsa məni sürüyüb kənara çəkdi ki, kömək edə bilməyim".

Bir ay olar ki, Lalənin əri həbs edilib. Lalə polis nəzarətinə verilib və indi yaşadığı sığınacağa yönləndirilib. Bununla belə, o, öz anasının təhlükəsizliyinə görə də narahatdır - ərinin vurduğu 9 bıçaqdan sonra anası xəstəxanaya yerləşdirilib və ona baxan yoxdur.

"İstəyirəm o ailə yer üzündən yox olsun, ondan sonra bəlkə mən rahatlıq taparam. Bu da heç vaxt olmayacaq. Qorxuram, heç yerə tək gedə bilmirəm, hətta anama belə baş çəkə bilmirəm".

BMT-nin hesabatına görə, məişət zorakılığı Azərbaycanda geniş yayılmış bir fenomendir. 2014-cü ilin hesabatına əsasən, qadınların 43%-i məişət zorakılığı ilə üzləşib, onların 29%-də zor tətbiq edənlər ərləri olub.
Zorakılıq göstərənlərdən qaçmış qadınlara dövlət tərəfindən təklif edilən imkanlar çox azdır.
“Demək olar, hər gecə təcavüz edirdi. Özümü 10 ildə onun həyat yoldaşı kimi yox, əxlaqsız qadın kimi hiss etmişəm”.

Sosioloq Sara Ağayeva qeyd edir ki, qanunvericilik məişət zorakılığı qurbanlarını yetərincə qorumur; Qadınlar ya əvvəlki, ya indiki həyatlarında müxtəlif növ zorakılığa davamlı məruz qalır.

Bakıda fəaliyyət göstərən ictimai fəallardan biri vurğulayır ki, polis adətən problemi daha da dərinləşdirir. Təhlükəsizliyi baxımdan adının yazılmasını istəməyən fəal deyir ki, cəsarət göstərib kömək istəyən qadınları da polis ikinci dəfə travmaya məruz qoyur.

"Mənim təcrübəmdə hələ şiddət görən qadına polisin layiqli davranışı qeydə alınmayıb. Yerli polislər zorakılıq görmüş qadınla danışıq və davranış qaydalarından xəbərsizdirlər, onu yenidən travmatizə edirlər, qurbanı günahlandırırlar, zorakılıq göstərənlə barışdırmaqla işi başlarından edirlər".

Sözügedən fəal 2018-ci ildə zorakılıqdan əziyyət çəkmiş qadınlara kömək üçün onlayn yardımtoplama kampaniyasında iştirak edib və bu cəhd uğurla nəticələnməyib. Təşkilatçılar ölkədə fəaliyyət göstərən 3 sığınacaqdan birində yer tapılmayan qadınlara kömək etmək istəyirdilər.

Sosioloq Sara Ağayeva qeyd edir ki, sığınacaq yerləri yox dərəcəsində olduğuna görə yüzlərlə zorakılığa məruz qalan qadınları  yerləşdirmək və onlarla işləmək olmur.

Hazırda 10 milyon əhalisi olan Azərbaycanda cəmi 3 sığınacaq mövcuddur. Bu rəqəm beynəlxalq standartların xeyli altındadır: Avropa Şurasının tövsiyəsinə görə, ölkədə hər 10 000 nəfərə bir sığınacaq açılmalıdır.

2010-cu ildə təsdiq olunan "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda zərərçəkmiş şəxslər üçün dövlət yardım mərkəzlərinin yaradılması və onların bu mərkəzlərdəki sığınacaqla təmin edilməsi nəzərdə tutulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə deyir ki, ölkədə 10 yardım mərkəzi fəaliyyət göstərir - Bakı, Gəncə və Sumqayıt şəhərlərində. Lakin məişət zorakılığı qurbanlarına yardım təklif edən dövlət qurumu hazırda yoxdur.

Rəsmi olaraq, fəaliyyət göstərən 10 sığınacaqdan 7-si qadınlara yerləşmək üçün etibarlı bir sığınacaq təklif etmir. Qanunda o da qeyd olunub ki, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər.

Reallıqda isə təhlükəsizlik məsələsi QHT-lərin təkbaşına iş görə bilmək iqtidarında olmadığını göstərir. Gender fəalı hesab edir ki, zor tətbiq edəndən qaçmış qadına qucaq açan təşkilat gərək təhlükəsizliyə təminat versin. Bu isə polisin dəstəyi olmadan qeyri-mümkündür.

Qadın sığınacaqlarından birinə son 8 ayda 221 qadın ərizə ilə müraciət edib. Ölkə üzrə belə sığınacaqlarn sayı 3-dür.
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, demək olar ki, hər gün zorakılıqdan zərər görmüş qadınlardan ona zəng gəlir.
"İlk hamiləliyimdə heç xəbərim də yox idi, sərxoş halda qarnıma təpik vurdu, uşaq məhv oldu. Deyirdim "çıxıb gedəcəyəm", deyirdi "səni heç kəs qəbul etməyəcək onsuz da. Heç kimə lazım deyilsən".
Əksər zərərçəkənlər kömək üçün hara müraciət edəcəklərini bilmirlər. Və maddi asılılığa görə qadınlar ərlərini tərk edə bilməyəcəklərini düşünürlər.

BMT-nin Əhali Fondunun nümayəndəsi Kamran Əliyev qeyd edir ki, məişət zorakılığına qarşı qanunun tətbiqində hələ də boşluqlar qalmaqdadır. Fond məişət zorakılığının qarşısını almaq üçün milli fəaliyyət planının hazırlanmasında hökümətlə birgə işləyib. Fəaliyyət planı 2017-ci ildə hazırlanıb və parlamentə göndərilib, lakin hələ ratifikasiya edilməyib. 

Rahil Süleymanzadə vurğulayır ki, hökumətin məsələ ilə bağlı ayrıca planları olsa da, fəaliyyət planı təsdiqlənmədən bir şey edilə bilməz. 

Qanunvericilik masada gözləyərkən qadınlar zorakılıqdan qaçıb nə edəcəklərini bilmirlər. 34 yaşlı Zərifə 3 ay əvvəl 10 il evli olduğu və ona qarşı qəddar davranmış ərindən qaçıb. Qızları ilə birlikdə sığınacaqda yaşayırlar.

Zərifə deyir sığınacağa köçəndən bir qədər sonra xadimə kimi çalışaraq öz pulunu qazana bilib. İndi yeganə arzusu pul toplayıb ayrıca evə qızları ilə birgə köçmək və rahat yaşamaqdır.

"Burada rahatam, bilirəm ki, yaşayıram. Gecələr yata bilirəm. Çünki 10 ildir ki, yuxuya həsrətəm. Gecə bəzən onu yuxuda görürəm, tez ayılıram ki, yuxunun davamını görməyim".

18 yaşlı Aydan da özünün və yenicə doğulmuş körpəsinin gələcəyi haqqında planlar qurur. O, alkoqolik atasından xilas olmaq üçün evli bir kişi ilə kəbin kəsdirib yaşamağa qərar verib. Valideynlərinin boşanmağına 11 yaşında şahid olan Aydan anasının təflifilə bu izdivaca razılaşıb.

Lakin kəbinli əri Aydanı 9 aydan sonra döyməyə başlayıb - həmin vaxt o, 5 aylıq hamilə idi. Bundna sonra isə onun gedəcək yeri yox idi. Anasının yanına gedə bilmirdi, çünki atalığı qarşı çıxıb. Atası isə bir halda qapısını ona açacağını təklif edib: 5 aylıq körpəni abort etdirərsə.

Aydan indi körpəsiylə birlikdə sığınacaqlardan birinə yerləşib, lakin gələcəyin sürprizlərindən çox qorxur.

"Gedəcəyim yer yoxdur, evsiz qalmaqdan qorxuram".

“Zorakılıq qurbanı olan qadınlar çox hallarda susmağı üstün tuturlar. "Ərimdir, döyər də, söyər də" deyib keçirlər, eyni zamanda uşaqlarını da zorakılıq qurbanı edirlər”, sosioloq Sara Ağayeva bildirir.
“Bəzən qadınlar polisə müraciət etsələr də, işə yaramır. Həyat yoldaşları hüquq çərçivəsində bir müddət həbs edilə bilir, amma sonradan bu insanlar yenidən qadına şiddət göstərir və hər şey əvvəlki vəziyyətinə qayıdır”
Hazırda 10 milyon əhalisi olan Azərbaycanda cəmi 3 sığınacaq mövcuddur. Bu rəqəm beynəlxalq standartların xeyli altındadır: Avropa Şurasının tövsiyəsinə görə, ölkədə hər 10 000 nəfərə bir sığınacaq açılmalıdır.


* Təhlükəsizlik məqsədilə qadınların adları dəyişdirilib.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin