Karantində, yolayrıcında

Jurnalist: Anonymous

18.06.17
Buraxılış: Keçid
Mövzu: Qadınlar

Covid-19 karantini indiyə qədər yaşadığım ən böyük dəyişiklik dövrü oldu. Mənə böyük əziyyət verdi, amma bu çətinlikdən keçməklə yenidən doğuldum.

Uşaqlığımdan bəri kiminsə məni sevməsini, mənə qayğı göstərməsini arzulamışam. Uşaqlığım qorxu və məişət zorakılığı ilə dolu olub. Hətta məktəbdə də bullinqin qurbanı olmuşam.

Sentyabrın 15-də 1-ci sinfə getdiyim gün indiyədək yadımdadır. Digər qızlardan fərqli olaraq mənim gözəl paltarlarım yox idi. Ailəm mənə təzə geyim ala bilməmişdi, məni köhnə bir qış paltarında məktəbə yola salmışdılar. Elə ilk gündən hamının diqqətini çəkdim; hamı mənə baxıb gülürdü. Sonradan bu, bir müddət davam etdi.

Universitetə qəbul olduqdan sonra da bir şey dəyişmədi. Xoşbəxt ola bilmirdim. Çox dost-tanışım yox idi; fakultədə çoxu gürcü tələbələr idi. Biraz çəkingən olduğum üçün onlarla ünsiyyətə girə bilmirdim. Qorxurdum. Elə bilirdim ki, onlar məndən yüksəkdirlər. Özümü fərqli hiss edirdim. Bəlkə də, məktəb illərində baş verənlər, məktəbliykən özümə aşağı dəyər verməyimin nəticəsində bu fikrə gəlmişdim. 

İllərlə evimizdə - ailəmin yanında boğulmuş olmağım hətta Tbilisidə də davam edirdi - sanki nəfəs ala bilmirdim.

Amma keçən ilin noyabrında hər şey dəyişdi. Bir insanla rastlaşdım; sevgili olduq, amma sevgilidən daha artıq idi, mənə qayğı göstərirdi, hansı ki, uşaqlığımdan bəri heç vaxt görməmişdim. Məni olduğum kimi qəbul edirdi, hansı ki, heç vaxt başqalarından bunu görməmişdim - nə valideynlərimdən, nə yaxın dostlarımdan. Sanki həyatımın ən gözəl anları idi o zamanlar. Bütün həyatım sakitliyə qərq olmuşdu. Sanki sevgidən daha da dərin bir bağ yaranmışdı aramızda.

Karantinə qədər…

Karantin və izolyasiya başlayandan sonra münasibətlərimiz korlandı. Bəlkə də, ondan əvvəl artıq pisləşməyə başlamışdı, amma karantin bu prosesi sürətləndirdi.

Universitetə daxil olduğum üçün 2016-cı ildən Tbilisidə sərbəst yaşayırdım. Lakin ölkədə karantin elan olunan kimi evə - ailəmin yanına qayıtmalı oldum. Karantində ailəmlə birlikdə evə “kilidlənmiş” olmaq bütün uşaqlıq qorxularımı və travmalarımı ortaya çıxardı.

Ailədə hər şey həmişəki kimi davam edirdi: bütün günü münaqişə, hər gün mübahisə… Bir müddət özümü bir quyunun dibində hiss edirdim.

Lakin zaman keçdikcə özüm üçün ayaq üstə durmağı öyrəndim və özümü sevməyə başlamağın bir yolunu tapdım.

Dəyişiklik yavaş gedirdi. Bu, bir dava-dalaş ilə başladı - ailəmdə bir çox şey dava prosesindən keçmədən baş tutmur onsuz da. Gecə saat 1 radələri idi. Valideynlərimlə birlikdə eyni otaqda yatırdıq. Birdən atamın həmişəki kimi anamın valideynlərini təhqir etdiyini, qışqırdığını eşitdim.

Anamın valideynləri ilə atamın arası yaxşı deyil. Heç vaxt anami qoymur ki, öz ailəsi ilə rahat görüşə bilsin. İldə bir-iki dəfə bir-iki saatlığa icazə verir, o da ki, bizim təkidimizlə. Hər dəfə anamı incitmək üçüm valideynlərini təhqir edir. O gecə də nənə-babamın ünvanına söyüş söyəndə anamın ağladığını eşitdim. Artıq səbrim daşdı! Karantin məni hövsələsiz, bəlkə də, bir az cəsarətli etmişdi. Odur ki, yerimdən qalxdım və atamın üstünə qışqırdım ki, dayan və bizi artıq təhqir etmə.

Yataq otağından çıxıb qışqırmağa və ağlamağa başladım.

Bunlar, hardasa, iki ay əvvəlin söhbətidir. O vaxtdan bəri atamla danışmamışam.

Sonrakı günlərdə özümü ailəmdən və başqalarından təcrid etməyə çalışdım. Ciddi ağrılar içində hiss edirdim özümü. Vücudumu ağrılar bürümüşdü, əzablar içində qovrulurdum. Ölmək istəyirdim, ölümdən başqa heç bir şey düşünə bilmirdim.

Bu ağrılar mənim qayğıma qalan birinin olmamasını dərk edəndə ortaya çıxdı. Sanki ölü idim. Düzdür, əvvəllər də özümü tənha hiss edirdim, amma karantin günlərində bu, özünü kəskin büruzə verdi.

Sevgilimdən ayrılmışdım və özümə necə kömək tapacağımı bilmirdim. Ailəmlə anlaşmırdıq və onlarla ünsiyyətə girə bilmirdim. Bütün bunlar azmış kimi, Marneuliyə və azərbaycanlılara qarşı nifrət nitqləri hər yeri bürümüşdü; “Marneulini oda tutun, qoy tatarların hamısı alovlansın, ölsün”, deyə ksenofobik nitqlər ağrılarımı daha da çoxaltdı. 

Hər şey üstümə gəlirdi.

Hətta Tbilisidəki həyatım, təhsilim, gələcəklə bağlı arzularım da mənasız və boş görünürdü mənə. Başa düşdüm ki, seçdiyim peşə də artıq məni maraqlandırmır. Onlayn dərslərə qatıla bilmədim və dərslərimi dayandırdım.

Mənim olan bu həyatı istəmirdim və gələcəyimi təsəvvürümə gətirə bilmirdim.

Narahatlıqlar içərisində hiss edirdim özümü və hamıdan uzaqda ağlayırdım. Anam və bacım məni eqoist olmaqda ittiham edirdilər. Ancaq bir an gəldi ki, o an əslində eqoist olmadığımı başa düşdüm; nəhayət özümü qəbul etməyi öyrənirdim.

Günlər keçdikcə daha çox təklikdə vaxt keçirdim və yavaş-yavaş dərk etməyə başladım ki, hətta özüm belə, özümə sevgi ilə yanaşmamışam. Mən bir ömür boyu mənə pis rəftar edənləri bağışlamış, başqalarını məni sevmələrinə inandırmağa çalışmışam. Mən özümü aldatmışdım - özümü sevməyərək başqalarından sevgi gözləyirmişəm.

Nəhayət, məni incidən şeylərdən yaxa qurtarmalı olduğumu, ağrıya səbəb olan hər şeydən uzaqlaşmalı olduğumu anlamağa başladım. Özümü azad etmək üçün.

Təhsil, universitet, dərslər - bütün bunlar sadəcə ailəmdən və evimizdən qaçış səbəblərim idi.

Kəndimizdən, keçmiş sinif yoldaşlarımdan uzaqlaşmaq istəyirdim. Düşünürdüm ki, Tbilisidə yaşayanda tanış olduğum yeni insanlar məni sevəcəklər. Amma yanılırdım, çünki özümə dəyər vermirdim və başqaları ilə danışmaqdan hədsiz utanırdım. Bunları xatırlayanda mənə çatdı ki, bütün bu illər ərzində keçmişin travmaları dalımca sürünüb, mənə əziyyət verib.

Axır ki, başqa insanlara həddən artıq əhəmiyyət verməyi dayandırdım.

Hələ də ailəmlə birlikdə yaşayıram, amma valideynlərimin bitməz-tükənməz mübahisələrini ürəyimə salıb özümü “yemirəm”. Öz varlığımı qəbul etdikdən sonra sanki hər şey daha da asanlaşıb. Hətta dini baxışlarım da dəyişikliyə məruz qalıb; başa düşdüm ki, ürəyimdəki Tanrını eşidə bilirəm, dini təlimləri deyil.

Həyatıma etdiyim dəyişikliklər düşüncələrimi də dəyişir sanki. Sentyabrda universitetə qayıdacağam və sadəcə məzun olmaq üçün lazımlı dərsləri seçəcəyəm. Əlaçı tələbə olmağa çalışmayacağam. Sadəcə məni xoşbəxt edən şeylərə enerjimi xərcləyəcəyəm.

Bəsdir başqalarını məmnun salmaq üçün özümə əziyyət verdiyim. İndən belə həyatı özüm üçün və istədiyim kimi yaşayacağam.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin