Virusa çəkilən sərhədlər: qonşuların söhbəti

Jurnalist: Tamara Mşvenieradze, Mariam Caçvadze,

İllustrator: Natia Kalandadze

23.06.20
Buraxılış: Keçid

Səhər saatlarıdır, Mişa balkonda siqaret çəkməyə çıxır. Binanın altındakı market qarşısında uzun bir növbə var. Axırıncı siqaretini çəkib qurtarsa da, yenə də gedib sıraya girmək istəmir. Bu növbə uşaqlıqda xatırladığından daha səliqəli növbədir, amma yenə də... tənbəllik basır.

Son vaxtlar hər şey ona uşaqlığını xatırladır: fövqəladə vəziyyət, ərzaq mağazaları önündə uzun növbələr və Tbilisidə evlərinə tıxanmış insanlar. Bu reallıqdan qaçmaq üçün siqaretini Glovo xidməti vasitəsilə sifariş verir. Onun üçün çatdırılma xidməti indiki şəraiti keçmişdən ayıran bir şeydir. Kuryer plastik torbadakı sifarişi divarın yanına qoyur. Mişa qapını səssizcə örtür.

Martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan edildi - Ermənistandan 5 gün sonra. Azərbaycan bölgədə virusla əlaqədar məhdudiyyətləri aktivləşdirən son ölkə idi. Lakin normal fövqəladə vəziyyət əvəzinə, Azərbaycan hökuməti 24 martdan başlayaraq xüsusi bir rejim elan etdi.

Elşanə karantindən bir gün əvvəl bacısıgilə gedibmiş. Başqa vaxt səhər gedib axşamadək orda vaxt keçirərdisə, bu dəfə bir saatdan artıq otura bilməyib. Elə bilirmiş ki, hər yerdə xəstəlik, virus var...  Elşanə həmin günlərdə 300 kilo un alıb evə qoyub. Amma hələ ki, onu işlətmir, əvəzində hər 4 gündən bir 10 kilo da alır.

Çörək qıtlığı qorxusu azərbaycanlıların yaşadıqları ən yaxın böhran tarixədək uzanır. Elə qonşu Ermənistan və Gürcüstandakı kimi. Hazırkı pandemiya postsovet xalqlarında 1990-cı illərə təsadüf edən qorxularını yenidən üzə çıxardı və onlar evə tualet kağızı deyil, un və makaron yığmağa başladılar.

Fövqəladə vəziyyət elan ediləndən bu günə qədər Gürcüstan, Azərbaycan və Ermənistandan 30 nəfərə yaxın respondent Chai Khana ilə fikirlərini paylaşıb.

Bəzi insanlar üçün bu period özlərinə gəlmək, düşünmək və bəzi dəyərləri yenidən nəzərdən keçirmək üçün mükəmməl bir dövr olub, bəziləri üçünsə çox az şey dəyişib.

Respondentlərin iki aydır içərisində izolyasiya olduqları evlər bir-birindən çox uzaqda, fərqli şəhərlərdə və ölkələrdə yerləşir. Ancaq gündəlik müşahidələri və başlarına gələnlər əsasında belə nəticəyə gəlmək olar ki, hər şey sanki hamısının birgə yaşadığı böyük bir evdə baş verib.

Almaniyadan gəldikdən sonra köhnə mənzildə özünü təcrid edən böyük qızına Nino ev yeməkləri və ərzaq məhsulları gətirmişdi. O, evə girməyə cəhd belə etmədi. Yeməyi balkonda qoyub getdi. O anda başa düşdü ki, həyat tərzi dəyişib, ancaq bunun nə qədər davam edəcəyini bilmirdi.

Ailənin bütün üzvləri evdə idi, sanki evi yenicə kəşf etmişdilər. Beləliklə, indi ev işlərini onlarla bölüşmək üçün ən yaxşı vaxt idi. Əvvəllər Nino zaman üzərində heç vaxt belə bir nəzarətə sahib olmamışdı! Özünü park edilmiş bir maşında oturduğunu hiss edirdi və sakitcə maşını işə salmağını gözləyirdi.

Axşamlar əri Ninoya ölkədə və dünyada nə qədər yeni yoluxma hallarının açıqlandığı, neçə nəfərin öldüyü, sağ qaldığı və sağaldığı, hansı simptomların olduğu və alimlərin fikirləri barədə məlumatları çatdırırdı. Nino özü statistik məlumatlardan bilərək uzaq durmağa çalışır.

Azərbaycan daha 105 nəfərin (5.04.2020) koronavirus virusuna yoluxduğunu açıqlayıb. Xəbərlərdə deyilirdi ki, ölkə yoluxanların sayında ən yüksək pilləyə qalxıb. Elşanə qızı üçün bişirdiyi şirniyyatlardan ibarət bayram xonçasını hazırlayırdı ki, televizordan xəbər aparıcısının anonsunu eşitdi: ölkədə karantin elan olunur, yalnız zəruri səbəblərlə bayıra gündə 2 saatlıq çıxmaq olar, o da SMS icazə əsasında. Beləcə, Elşanənin yeni evlənmiş qızına qonaq gedərkən aparmağa hazırlaşdığı xonçası əlində qaldı, şirniyyatlar çürüdü.

Özünü panikada hiss edir, amma xəbərləri oxumadan keçə bilmir. Qorxudan titrəyir. Gəlini ona xəbərdarlıq edir ki, bu gedişlə koronavirusdan deyil, stressdən xəstə düşəcək.

Günortadan xeyli keçib, amma Elşanənin oğlu hələ də yatır. Yəqin ki, axşam saat 10 radələrində oyanacaq, komputer qarşısında oturacaq və səhər saat 6-7-dək video-oyunlar oynamağa davam edəcək. Onun gülməyi və hay-küy salmağı Elşanəni gecə yuxusundan bir neçə dəfə ayıracaq...

Səhər yeməyi ailə üçün artıq əvvəlki əhəmiyyətini itirib; Elşanənin 4 uşağının hər biri ayrı-ayrı vaxtlarda oyanır və yemək yeyir deyə, onun da gündəlik rejimi pozulub. Hər gün evdə olan əri ilə mümkün qədər az ünsiyyət qurmağa çalışır - yorulduğunu deyir. Tək qalan kimi qohumları və yaxınları ilə zəngləşir, hər dəfə eyni sualın cavabını axtarır: Necəsiz?

Qəribə də olsa, bütün ailə üzvlərinin evdə qalmasına baxmayaraq, indi daha çox yalqızlıq hiss edilir. Hər şey qurtaranda, Elşanə söz verir ki, öz qayğısına daha çox qalacaq.

Son təsdiqlənmiş yoluxmalarla yanaşı, Nino ərindən şəhərdə avtomobil sürməyin qadağan olduğunu öyrənir. Ruhanilərin bu qadağadan təsirlənməyəcəyini bilən kimi, o keçirilməsi qüvvədə qalan Pasxa mərasiminə qatılmaq üçün kilsəyə getmək qərarı verir.

“İndi başa düşürəm ki, doğru yoldayıq. Fəxr edirəm ki, pravoslav dünyasında Pasxanı açıq məbədlərdə keçirən yeganə ölkəyik. İtaliyada çox sayda müqəddəs yer var, amma etdikləri ilk şey insanların dua etdiyi ibadətgahları bağlamaq oldu. Halbuki, məncə, dua mərasimləri onları xilasa aparardı.”

Günortadan sonra Mişa müdirinə zəng edərək on günlük tətil istədi. 

Karantin elan olunduğu gün onlar bir müştəri ilə görüşməli idilər. Müştəri bir balıqçılıq şirkətinin direktoru idi və ona bir reklam ideyası təklif etməli idilər. Ölkədə fövqəladə vəziyyət elan olunanda Mişanın yadına düşən ilk şey bu işgüzar görüş oldu. Düzdür, görüşü təxirə salmadılar, amma sonra nənki reklam çəkilişləri təxirə düşdü, öz təbiriylə desək, həyatın özü də dayandı.

Otaqda kompüter qarşısında həyat yoldaşı da var - məsafəli bir layihədə işləyir. 

Qonaq otağında ikinci sinifdə oxuyan oğlunun onlayn dərsi gedir. Uşaq qəflətən ekrana vurur və ağlamağa başlayır. Mişa onu sakitləşdirə bilmir, buna görə kompüteri söndürür və müəllimin görüntüsü ekrandan yoxa çıxır.

Bir il əvvəl Gürcüstanda müəllimlərin çoxu Microsoft Office 365 proqramından istifadə etmək üçün qeydiyyata alındı. Qiorqi Marneulidə gürcü dili və ədəbiyyatı müəllimidir. 11-ci sinif şagirdləri üçün verdiyi onlayn dərs bitib, indi fasilədir. Bu anda mağazadan yenicə qayıdan arvadına təəccüblə baxır: “Çörək və sudan başqa bir şey gətirib? Əllərini yuyubmu? Paltar dəyişdirib, yoxsa unudub? Neçə nəfərin əlinə dəyib əli?”

Birdən bu düşüncələrinin nə qədər acınacaqlı olduğunu başa düşür və Microsoft-a qayıdır.  “Təhsil sistemindəki bir alət ailədə yararsız bir şey kimi görünürdü. İndiki vəziyyətdə isə bu əhəmiyyət vermədiyimiz şey birdən ən zəruri şeyə çevrildi. Təhsil sistemində baş verən bu idi”.

Qiorqi:
“Tamamilə dayanmağımıza imkan verməyən yeganə şey texnologiyadır”.

Araz:
"Bu pandemiya bəşəriyyət tarixində ilk deyil və son da olmayacaq. Yaxın tarixdə baş verən I Dünya Müharibəsində partlayan ispan qripi on milyonların canını aldı. Korona pandemiyası texnoloji olaraq çox daha irəli səviyyədə olan dünyanın primitiv mütləq təcrid metodu virusun qabağını almağa çalışması ciddi şəkildə sorğulanacaqdır".

Araz Qiorqinin Azərbaycandakı həmkarıdır. Ümumiyyətlə, o hesab edir ki, karantin dövründən bəhrələnib, işləri asanlaşıb, məhsuldar olub.

Araz Bakıda tək yaşayır və evdə tədqiqatlarla məşğul olur. Bu vəziyyətdə müsbət olaraq gördüyü şey odur ki, həftədə bir dəfə verdiyi biologiya dərsindən başqa bir şey diqqətini yayındırmır. Onun fikrincə, virus təsirini azaltdıqdan sonra büdrəyən istehal sistemini ayağa qaldırmaq sənaye fəaliyyətinə əvvəlkindən çox ehtiyac yaranacaq və ətraf-mühit daha da ağır çirklənəcək.

İnsanların ağır zamanlarda instinktiv olaraq bir-birinə kömək etməsinin yanıldıcı olduğu fikrində olan Araz hesab edir ki, virus çəkildikdən sonra bu həmrəylik də yox olacaq: “Ortaq düşmən olduqda insanlar birləşir. Xalqı əsl, uzun müddətdə birləşdirəcək olan şey onları əzən iqtisadi sistemə qarşı mübarizə olar”.

Bəxtiyar: 

“Təsəvvür etdim ki, Azərbaycan və Ermənistan bu ümumibəşəri problemə qarşı jest olaraq olsa belə, bir-birilərinin arasında yardımlaşma kampaniyaları edə, yaxud köməkləşə bilərdilər”.

Ağası: 

"Ermənistan və Gürcüstan, hər hansı bir münaqişədə olmasalar da, bir-birlərindən uzaqlaşırlar”.

Bəxtiyar uzun müddət Azərbaycanın bölgələrini gəzə bilməyəcək. Onun sülh quruculuğu fəaliyyəti icmalarda keçirilən görüşlərdən asılıdır, amma indi gündə 12 saatını kompüter qarşısında keçirir. Aktivizm onlayn məcraya keçib və həqiqətən yaxşı davam edir.

Ermənistanın mədəniyyət antropoloqu Ağası ölkənin səhiyyə naziri qonşu Gürcüstanda infeksiyanın rəsmi sayının düzgün olub-olmadığını soruşduqda auditoriya içindəydi. Ağası iki ölkənin əməkdaşlıq etməsini, böhran dövründə xalqlarına kömək üçün birlikdə işləmələrini gözləyirdi.

“Düşünürəm ki, səbəb avtoritarizmdir. Mən yalnız siyasi avtoritarizmi deyil, eyni zamanda birgəyaşayış və münasibətlərdə göstərdiyimiz avtoritarizmi də nəzərdə tuturam. Bu şəraitdə əlaqələr barədə daha yaradıcı bir şəkildə düşünmək və ya heç olmasa təhlükə vəziyyətində gücləri birləşdirmək barədə düşünmək demək olar ki, mümkünsüzdür. Bu, çox pisdir, çünki insanları və icmaları bir-biri ilə yaradıcı kontekstdə ünsiyyətdən çəkindirirvə əksinə, istismar, bir-biri üzərində hegemoniya üçün zəmin yaradır” - deyə, Ağası Tadevosyan bildirir.

Ermənistanda yoluxma halları durmadan artdığı üçün Gürcüstan 10000 test və digər lazımi yardımları göndərməyi təklif edib.

Lilit səhərlərini adətən yeni nəticələrin olub-olmadığını yoxlamaq üçün iş emailini yoxlamaqla açır. Onun işlədiyi poliklinika Yerevanın mərkəzi hissəsi olan Erebunidə yerləşir və ilk günlərdən etibarən virus simptomları olan xəstələri qəbul edir. Lilit gücünü toplayır, özünü hazırlayır və xəstələrin yanına gedir: "Virus sonuncu hökm deyil və minlərlə insan bu xəstəlikdən sağalıb".

Ancaq Lilit deyir ki, hələ də yüzlərlə yoluxmuş xəstənin yalan danışdığına inananlar var və onların fikrincə, dövlət bu insanlara pul ödəyir ki, özlərini xəstəliyə vursunlar. İnanmayanlar hesab edirlər ki, güya virus kimlərinsə süni şəkildə yaratdığı bir şeydir, Ermənistanda da yayılmayıb.

Sosioloq Arpi deyir ki, Cənubi Qafqaz insanının mövcud böhrana verdiyi reaksiya bu cür şübhə, irrasional düşüncə və konspirasiya nəzəriyyələridir; o bildirir ki, bu çətin və qeyri-müəyyən dövrdə insanlar özlərini bu reflekslə yönləndirirlər. "Ümumiyyətlə, biz özümüzü elə aparırıq ki, sanki dünyanın yeganə sakinləriyik və bizdən başqa heç bir bölgə və ya məhəllə yoxdur. Yalnız Ermənistan var və xaricdən gələn hansısa təhlükə bizə toxunmaz. İndiki vəziyyət isə erməni cəmiyyətini düşünməyə vadar etdi ki, biz də bu böyük dünyanın bir parçasıyıq və bəli - bir Çində ortaya çıxmış virus bizə çata bilər".
 

Aprel ayında Lilit bonus ödəniş aldı. Dolların məzənnəsini nəzərə alsaq, 62 dollar 29 qəpik edir.  Bu rəqəm Ermənistanın dövlət klinikalarında tibb bacılarının orta əmək haqqı olan 186 dollardan 3 dəfə azdır. Gələn ay nə olacağını bilmir.

Lilit:
“Maaş haqqında danışmağa vaxt yoxdur. İndi həftə sonları da daxil olmaqla, bütün günü işləməliyəm”.

Nona:
“Səhərlər müdirlərimdən biri məni götürüb işə aparır. Səssizcə arxada otururam. Nadir hallarda danışırıq. Bu formada işə gedib-gəlməyin bitəcəyi, əvvəlki kimi avtobusla işə gedəcəyim günü səbirsizliklə gözləyirəm”.
 

Nona 30 ildən çoxdur tibb bacısıdır. Bu yaxınlarda özəl bir klinikada işə girib. Aprel ayında maaşı vaxtında verilməyib və rəhbərlik xəbərdarlıq edib ki, yaxın ayların maaşı iki dəfə azaldılacaq. Buna səbəb isə klinika sahibinin digər biznes müəssisələrinin fəaliyyətini dayandırması, klinikanın da öz gəlirləri ilə personalın maaşlarını ödəmək imkanının olmamasıdır. Xəstəxanaya hələ ki yeni avadanlıq alınmır - ümid edirlər ki, onlar virusa yoluxmuş şəxslər qəbul etmək məcburiyyətində qalmayacaqlar. Halbuki xəstəxana qaydalarına əsasən, hərarəti olan xəstələri qəbul etməlidirlər və onlar arasında Covid pozitiv olarsa, müvafiq avadanlıq olmadan tibb bacıları və həkimlər risk altında qalacaq.

Nona deyir ki, özəl klinikalar Covid xəstələrini ona görə almamağa çalışırlar ki, bu, klinikanın bağlanması ilə nəticələnəcək; özəl xəstəxana infeksiyalı xəstə qəbul edəcəyi hala dövlət məcbur edəcək ki, klinikanın işçilərinə daha çox maaş ödənsin və onlar avadanlıq, nəqliyyat vasitəsi, ərzaq və digər lazımi vasitələrlə təmin olunsunlar.
 

Nona:
“İndi aydın olur ki, bu qədər xəstəxananı özəlləşdirməməliydik. Gün gələ bilər ki, artıq keyfiyyətli mütəxəssislər və qayğıkeş tibb bacıları tərəfindən müalicə olunacağını düşündüyünüz klinikaya gedə bilməyəcəksiniz. Gün gələ bilər ki, bu ölkənin əksər insanları kimi klinika seçmək imkanına malik olmayacaqsınız, ona görə də aylıq maaşı 400-500 lari olan, daha aşağı keyfiyyətli hesab etdiyiniz tibb işçilərinə sağlamlığınızı əmanət etməli olacaqsınız”.

 Lalə:
“Münaqişə bölgəsi Füzulidə cəmi üç reanimasiya həkimi vardı. Mən də onlardan biri idim, amma baş həkimin seçimi mən olmadım, divan oldu”.

Lalə Füzuli rayonundan Bakıya - evinə gəlmək üçün hər həftə 300 kilometr məsafə qət edirdi. Azərbaycanda və bütün dünyada insanların öldüyü, bir çoxunun işsiz qaldığı, hər şeyin alt-üst olduğu bir dövrdə Lalə baş həkimlə arasında yaxın zamanlarda baş vermiş insidenti xatırlamağı belə, namünasib bilir. Deyir ki, bəlkə də, bir divan üstündə problem çıxaran baş həkimə əhəmiyyət verməyə, səbrli ola, inadkarlıq etməyə bilərdi və regionda sevdiyi insanlar üçün tibb xidməti göstərməyə davam edə bilərdi. Axı, o, vaxtilə ən çətin anlarda insanları müalicə etmək niyyətilə Füzuli xəstəxanasına getmişdi… Hadisə belə olmuşdu ki, gənc reanimatoloq Lalə klinikadakı gecə növbəsində işləmək üçün hər həftə Bakıdakı evindən bir neçə saat yol qət etməli idi. Bir gün xəstəxana yataqxanasında ona verilən otaqdakı divanı baş həkim özünə götürmək qərarı verib. “Təsəvvür edin, mən çarpayıda oturub yemək yeməli idim. Buna görə həkimdən xəstəxana salonundakı istifadəsiz divanı mənə verməyini xahiş etdim. O rədd etdi və əlavə etdi ki, xoşuma gəlmirsə, oranı tərk edə bilərəm. Beləliklə, işdən çıxdım”.

Lalə Bakıya - kirayə yaşadığı evinə qayıdır. Ərinin maaşı artıq gecikir, bəlkə də, növbəti aylarda maaşı, ümumiyyətlə, ala bilməyəcək. Ona görə də Lalə pulsuz-parasız qalacağından narahatdır. Bununla belə, evdə qalmaqdansa, Covidə yoluxmuş xəstələrə könüllü kömək etmək üçün TƏBİB-ə CV yollayır.

Lela:
“Miqrasiya faciəsi getdikcə böyüyür. Bu, məni məcbur edir ki, qarşıdakı illərdə nə etməli olduğumu düşünüm”.

Sona:
“Məncə, bu, doğru deyil ki, başımıza gələ biləcək ən pis şeyin Covid olduğuna inanaq”.

Ağası:
“İnsanlar elə bir həll yolu tapmalıdırlar ki, o, təhlükəsizlik, humanizm və azadlıq arasında münaqişəyə səbəb olmasın”.

Son 10 ildə Lelanın həyatı Avropa şəhərlərində sonsuz yerdəyişmə içində keçib. Onun sosial həyatı Gürcüstandan Almaniyaya, Almaniyadan Macarıstana, bir qurumdan digərinədək uzanır - akademik karyera qurmaq üçün tələb olunan şey budur. Bu, bir tərəfdən yaxşı fürsətlərə yol açsa da, digər tərəfdən problem və məhdudiyyət halına gəlib.

"Yorulmuşam, amma eyni zamanda, gələcəkdə sabit həyatım indiki hərəkətli həyat tərzindən asılıdır. Buradaykən rahat idim ki, valideynlərim xəstələnsə, sabah təyyarə bileti alıb Gürcüstana uça bilərəm".

Lakin koronavirus göstərdi ki, onun bu fərziyyəsi çox kövrəkdir, çünki müxtəlif böhranlar qarşısında bu cür mobil həyat asanlıqla dağıla bilər. Bu fakt da Lelaya ayrıca narahatlıq gətirib: bəs Gürcüstana qayıtsa, onu necə həyat gözləyir?

Bir psixoloq olaraq Sona hazırda, əlbəttə ki, yeni iş imkanlarından istifadə edə bilərdi: sosial media hesabları onlayn terapiya seansları ilə doludur, burada həmkarları onlayn olaraq pasiyentlərinə stres, sıxıntı, ailə problemlərinin öhdəsindən gəlməyin, daha məhsuldar olmağın yolları barədə tövsiyələr verirlər. Amma Sona bu stressin idarə olunması marafonunda iştirak etməkdən imtina edib. Son vaxtlar o, gələcəyə daha az nikbin baxır və təcrid zamanı vəziyyəti dramatikləşdirən insanlardan fərqli olaraq, Sona ən çox ehtimal olunduğu ən pis ssenariyə hazırlaşmağa çalışır, çünki bizim kimi ölkələr azadlığın məhdudlaşdırılması hesabına da olsa, sağ qalmağı üstün tuturlar.

Sona:
"Düşünürəm ki, bir çox ölkə gələcəkdə bir çox hərbi qərarlar qəbul edilə biləcək bir strategiyanı özlərinə yol seçəcəklər"


Ağası:
“Bilirsiz məni ən çox narahat edən nədir? İnsanların təhlükəsizlik uğrunda azadlıqlarını təhvil verməyə hazır olması. Məncə, bu problemi mümkün qədər ağıllı şəkildə həll etmək bəşəriyyətin imtahandır”.

"Dövlətlər və korporasiyalar koronanın yaratdığı iqtisadi xərclərin öhdəsindən gəlmək üçün əvvəlkindən iki dəfə artıq ora-bura getməyimiz, yaxşı turist olmağımız və mümkün qədər çox uçuş təklif edəcək. Daha yaxşı şərtlər və ucuz qiymətlər təklif ediləcək ki, daha yaxşı "istehlakçı" olaq. Əsas qorxum odur ki, müəyyən təsisatlar bizi "normal vəziyyətə" qaytarmaq üçün əllərindən gələn hər şeyi edəcək. Bu prosesdə isə beynimiz unuda bilər ki, bu böhran bizə əslində nə öyrətdi" - deyə, Lela fikrini tamamlayır.

Müsahibələri aparanlar: 
Durna Səfərova, Chai Khana-nın Azərbaycan üzrə media meneceri

Sona Simonyan, Chai Khana-nın Ermənistan üzrə media meneceri

Ruzan Gişyan, Chai Khana-nın Ermənistan üzrə media meneceri
 

 

Müsahiblər:  Mişa Baxsoliani, ssenarist

                        Elşanə Rəhimova, evdar qadın

                        Nino Kvançiani, evdar qadın

                        Giorgi Çauçidze, müəllim

                        Araz Zeyniyev, müəllim

                        Bəxtiyar Aslanov, sülh quruculuğu fəalı

                        Ağası Tadevosyan, mədəniyyət antropoloqu

                        Arpi Manusyan, sosioloq

                        Lilit Tovmasyan, tibb bacısı

                        Nona Zandaraşvili, tibb bacısı

                        Lalə Musayeva, anestezioloq-reanimatoloq

                        Sona Manusyan, psixoloq

                        Lela Rexviaşvili, tədqiqatçı 

                   

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin