Müharibə bir həkimin gözü ilə

Jurnalist: Aytən Fərhadova,

Fotoqraf: Emin Mathers

02.12.20
Buraxılış: Arxa cəbhə

54 yaşlı reanimatoloq-anestezioloq Fəxri Cəbrayılov sentyabr ayında ikinci Qarabağ müharibəsi başlayanda döyüş bölgəsindən xeyli uzaqda idi.

2003-cü ildən bəri Türkiyədə yaşayan Cəbrayılov bu xəbəri İstanbuldakı evində eşidir. Lakin çox keçmir ki, özünü cəbhə xəttinə yetirir, münaqişənin hər iki tərəfindən əsgərlərin müalicəsində iştirak edir.

“Müharibədə vəhşət gördüm, vəhşiliyin ən üst səviyyəsini gördüm. İnsan insanı yox etmək üçün əlindən gələni edir və sadəcə insanı yox, təbiəti, bütün canlıları, böcəkləri, Allahın yaratdığı hər şeyi yox edir. Müharibə insanlığın başına gələ biləcək ən sonuncu şeydi,” o deyir.

“Parçalanan, orqanlarını itirən insanlar... Təsəvvür edin, bir insanın əli, ayağı, ürəyi var, ancaq üzü yoxdu; elə insan vardı əli, üzü, ürəyi vardı, ancaq ayaqları yoxdu. Bunlar çox ağırdı…”

(Keçmiş) məcburi köçkün ailəsi

 

Bu, Fəxri Cəbrayılovun şahid olduğu ilk müharibə deyil.

Laçınlı Cəbrayılov və ailəsi birinci müharibə zamanı didərgin düşüb.

Birinci müharibədən əvvəl Fəxri orta məktəbi bitirib Azərbaycan Tibb Universitetinə daxil olub. Beş il sonra 1988-ci ilin Sumqayıt hadisələri zamanı xəstəxanaların birində tibb qardaşı olaraq çalışıb.

“Xəstəxanaya gətirilən yaralı ermənilərə əlimizdən gələn köməkliyi edirdik. 1990-cı ildə 20 yanvar hadisələrində də xəstələrimizə, yaralılarımıza xidmət eləmişəm. Bu əziyyətli yolların hamısından keçmişəm,” həkim qeyd edir.

Birinci müharibədən sonrakı dövr Fəxri Cəbrayılov və ailəsi üçün ağrılı keçib: onlar evlərini tərk etməyə və Bakıda sığınacaq axtarmağa məcbur olublar.

“Hər şeyimizi orda qoyduq. Bakıda bir evin içində 17 nəfər yaşadığımız oldu. Ac qalmadıq, ancaq həyatımız başdan-sona dəyişdi,” o xatırlayır.

“Ancaq Bakıda, öz evimiz, öz ölkəmiz olsa da, bizə qaçqın deyirdilər. ‘Öz evlərini atıb gəldilər’, ‘qaçdılar’, ‘qorxdular’ deyirdilər. Heç kim əslini bilmədən bizi mühakimə edirdi. Burda (Türkiyədə) Suriyalıların nə çəkdiyini mən bilirəm. Bizə olan münasibət indi onlara var.”

Doktor Cəbrayılov deyir ki, Laçının azad edildiyini öyrənəndə üzərindən ağır bir yükün qalxdığını hiss edib.

“Rəhmətə gedən yaxınlarım – atam, əmim, xalam gözümün önünə gəldi. Ruhlarının şad olduğunu hiss etdim. Yenidən dağlarımıza qayıda biləcəyəm,” o deyir.

“Bizim müharibəyə ehtiyacımız yox idi. Həm Ermənistanda, həm Azərbaycanda iç-içə yaşayırdıq, onların bizə, bizim onlara işimiz düşürdü. Ancaq müharibə olmasaydı, hər iki ölkə çox daha zəngin, daha mükəmməl vəziyyətdəydi, birgə nə qədər gözəl işlər görə bilərdik.”

54 yaşlı anestezioloq-reanimatoloq Fəxri Cəbrayılov sentyabr ayında İkinci Qarabağ Müharibəsi başlayandan sonra cəbhədə olan əsgərləri müalicə etmək üçün İstanbulda işindən ayrılıb, döyüş bölgəsinə gedib.
Fəxri Cəbrayılov tibb təhsilini Bakıda alıb, lakin əslən Laçındandır.
Azərbaycanda döyüş bölgəsinə neçə nəfər həkim ezam olunduğu və neçə həkimin döyüş bölgəsində həyatını itirməsi ilə bağlı rəsmi məlumat yoxdur. Cəbrayılov döyüş gedən bölgələrdə bir ay işləyib.
Fəxri Cəbrayılov cəbhədə əsgərləri müalicə edərkən həmkarları onun İstanbuldakı xəstələrinin qayğısına qalıb. İndi o, yenidən İstanbulda iş başındadır.

Könüllü həkim
 

Azərbaycanda döyüş bölgəsinə neçə nəfər həkim ezam olunduğu və neçə həkimin döyüş bölgəsində həyatını itirməsi ilə bağlı rəsmi məlumat yoxdur. Mediada gedən xəbərə əsasən, atəş altında olan bölgələrdə xəstəxanalar fəaliyyətini dayandırmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva 7news.az saytına bildirib ki, qurumun həmin ərazilərdə xüsusi həkim briqadaları var. “Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Könüllü olaraq gedən həkimlərimiz də var”.

Fəxri Cəbrayılov o könüllülərdən biri olub. O, Türkiyədəki işini həmkarlarına həvalə edib və Azərbaycana cəbhəyə yollanıb. Ümumilikdə, döyüş zonasındakı bir ayını Füzuli, Cəbrayıl və Qubadlıda əsgərləri müalicə etməklə başa vurub. Cəbhə bölgəsində xəstəxanalardakı vəziyyətin mükəmməl olmadığını, çatışmazlıqlar gördüyünü deyir. Lakin müvafiq rəsmi qurumlara məlumat verməklə həkimlərin ehtiyaclarının təmin olunmasına çalışdığını da vurğulayır.

İndi, döyüşlərin bitməsindən təxminən bir ay sonra Fəxri Cəbrayılov hələ də müharibə zamanı müalicə etdiyi əsgərləri xatırlayır.

“Döyüşdən gələn qarnı cırılmış bir əsgər vardı, deyirdi, ya yaramı siz tikin, ya da iynə verin, özüm tikim yenidən döyüşə qayıdım. Bir əsgər də vardı ki, iki ayağı kəsilmişdi, əlinin birinin də kəsilmə ehtimalı vardı. Bakılı idi. Onu Bakıya xəstəxanaya gətirdim. Yolda atası ilə danışdı. Atası elə hey ondan soruşurdu ki, “ayaqların yerindədirmi, ayaqların yerindədirmi?” Qayıtdıqdan sonra əlaqə saxladım, yaxşıdı dedilər. Bakıya gedəndə onunla gedib görüşəcəm,” həkim xatırlayır.

Müalicə etdiyi şəxslərin müharibədə həyatlarını itirmək üçün çox gənc yaşda olduğunu deyir.

“Bəlkə də bu döyüşlərdə ölən insanlar dünya üçün gözəl işlər görə bilərdilər. Biz 18-20 yaşlı gənclərimizi məhv etdik. Kimə lazım idi? Erməni hərbçilərinin yaralıları gəlirdi, pırıl-pırıl gənclərdi. Bilgili, ağıllı gənclərdi. Onlar ölməsəydi, yaralanmasaydı, əsir düşməsəydilər, gözəl də gələcəkləri olardı. Biz itirdiyimiz insanların gələcəklərinin necə olacağını, kim olacaqlarını bilmədik. Biz onları itirdik”.

Redaksiyadan: Chai Khana münaqişənin hər iki tərəfindəki icmaların fikir və hisslərinə hörmətlə yanaşır. Esse müəllifilərinin fikirləri ilə razılaşmayan oxucular ola biləcəyini başa düşürük. Biz ümid edirik ki, jurnalistlərə bu çətin anlarda yaşadıqları barədə dürüst yazmaq üçün bir platforma verərək tərəflər arasında dialoq qurmağa kömək edəcəyik.

Ermənistan tərəfindən döyüş zonasına getmiş həkim ailəsinin hekayəsini burada ingilis dilində oxuya bilərsiniz.
 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin