Dəyişən qadın təsviri: patriarxata qarşı incəsənət

Müəlli̇f: Gulər Abbasova

18.12.20
Buraxılış: Artivizm
Mövzu: Qadınlar

“Qeyri-müəyyənlik” adlı əsərində Şahnaz Ağayeva qadın saçını mübarizə üçün metafora kimi istifadə edir. 

Uzun saçlar mifologiyada güclü bir simvol olub, qadınlıq və analıq ilə əlaqələndirilir.

Saç dalğalarının zərif cizgiləri qadının bədəninin haşiyələrini cızır. Dalğalar ilk baxışdan ehtiraslı təsir bağışlasa da, əslində qadının səfalətinə, rahatlıq tapa bilməməsinə işarə edir, Ağayeva deyir.

“Bu şəkildə qadının saçları bütün bədəni sarıyıb və baxımlı deyil. O, saçlarını darayır ki, baxımlı olsun”, rəssam izah edir.

“Qadının özünə çoxlu sualları var, hansı ki, cavablarını tapmaq çətindir. O düşünür ki, saçlarını darasa həyatını düzənə gətirə bilər”.

Şahnaz Ağayevanın “Qeyri-müəyyənlik” əsəri (2020)  Dağınıq saçlar qadının daxili əzablarını əks etdi ...
Şahnaz Ağayevanın “Qeyri-müəyyənlik” əsəri (2020) Dağınıq saçlar qadının daxili əzablarını əks etdirir. Rəsm saçlarını darayan bir qadının onu narahat edən suallara cavab tapa biləcəyinə inam üzərində qurulub.
Yarat! Müasir İncəsənət Məkanında Şahnaz Ağayevanın "Anam məni ana böyüdür" performansı
"Anam məni ana böyüdür" performansında rəssam Şahnaz Ağayeva çıxış edir. Tamaşa bir ananın Azərbaycan cəmiyyətində necə davranmalı olduğuna dair absurd stereotipləri göstərir.

Ağayeva adətən konseptual işlərində qadınların təbiətini, onların daxili əzablarını və azadlıq uğrunda mübarizələrini təsvir etmək üçün sənətini vasitə kimi istifadə edir. Rəssam yaşadığı cəmiyyətdə qadınlara qarşı olan ədalətsizliklərə və qısnamalara qarşı etiraz edir, gender məsələlərini önə çəkir.

“Mənim etirazım uşaqlıqdan başlayıb. Ailəmizdə və şəxsi həyatımdakı zorakılıq yaradıcılığıma təsir edib. Əgər işlərimdə özümü tapa bilmirəmsə, mən yarada bilmirəm”.

Şahnaz və digər sənətçilər əsası bir əsr öncə qoyulmuş, amma uzun illər boyu sıxışdırılmış ənənəni davam etdirirlər.

Şahnaz Ağayevanın “Azadlıq” əsəri (2020) Cəmiyyət tərəfindən qəlibə salınmış qadın həmişə azadlığa can atır.

Azərbaycanda gender problemləri ilə bağlı ilk vizual nümunələrə 20-ci əsrin əvvəlində “Molla Nəsrəddin” jurnalında rast gəlmək olurdu. Bu satirik jurnalda Azərbaycan qadınlarının ölkənin patriarxal cəmiyyətində üzləşdiyi özbaşınalıq, savadsızlıq və erkən nikah kimi problemlər siyasi karikaturalar vasitəsilə ictimailəşdirilirdi.

Bu, ölkədə sənətçilər üçün radikal dəyişiklik idi; buna qədər isə Azərbaycanda incəsənət Təbriz miniatür məktəbinə əsaslanan rəsmlər və portretlərin hegemonluğu altında idi.

“Molla Nəsrəddin” jurnalının 4-cü nömrəsi. Rəssam: Jozef Rotter. 1909 XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı qadınların problemləri, azyaşlıların nikahı, savadsızlıq mövzularını karikaturalar vasitəsilə ictimailəşdirən əsas mənbə idi.
“Molla Nəsrəddin” jurnalının 35-ci nömrəsi. Rəssam: Jozef Rotter. 1911

Azərbaycan Sovet İttifaqına qoşulandan sonra incəsənət xadimləri Avropa rəsm üslublarını mənimsəməyə və Rusiyanın incəsənət məktəblərində təhsil almağa başladılar. Ölkə eyni zamanda sosial dəyişikliklərə uğrayırdı: Qadınların təhsil alması ictimaiyyətdə geniş təbliğ olunurdu.

Bu dövrdə qadınlara öz problemlərini danışmaq üçün imkan yaranırdı. Rəssam Qəzənfər Xaliqov bu janrda ilk olan “Qadınlar Şurası” (1930) əsərində məhz bu mənzərənin təsvirini verə bilmişdi. Qadınların öz hüquqları və azadlıqları uğrunda mübarizəsini əks edən bu iş cəmiyyətdəki inqilabi dəyişikliklərin göstəricisi idi.

Qəzənfər Xaliqovun “Qadınlar Şurası” (1930) əsəri Sovet dövründə bir qadının azadlığı cəmiyyətdəki müsbət bir qəhrəman, çalışqan qadın rolu ilə müəyyən olunurdu.

Amma 1930-cu illərin ortalarına doğru Sovet İttifaqı rəssamları sosialist realizm məktəbinin qaydalarına itaət etməyə başladılar. İstənilən digər incəsənət nümunəsi Sovet idealının düşməni kimi qəbul edilirdi; rəssamlar isə fəhlə sinfinin həyatını müsbət cəhətdən göstərməyi vətənpərvərlik borcu kimi görürdü.

“Sovet dövründə rəssamlıqda problemlər üzə çıxmırdı, çünki o sistemdə belə şeyləri xoşlamırdılar. Rəssamlıqda təkcə karikatura janrında sosial problemlərə toxunmaq olurdu. Azərbaycanda sənətkarlar 90-larda, müstəqillik illərindən sonra tədricən sosial mövzuları işləməyə başladılar” - deyə, Dövlət Rəssamlıq Akademiyası nəzdindəki Rəssamlıq Kollecinin müəllimi, rəssam Teymur Daimi qeyd edir.

Bununla belə, vizual sənətçi və tədqiqatçı Aqil Abdullayevə görə, Azərbaycan sənətkarlarının gender məsələlərinə həqiqətən toxunması daha 15 il zaman aldı.

“Çağdaşçılar” yaradıcı tənqid platformasının yaradıcısı Abdullayev deyir ki, Azərbaycanın incəsənət aləmi qlobal incəsənət dünyasında baş verənlərdən o qədər də təsirlənmir – yerli rəssamlar özləri üçün mühüm olan və toxunmağa çəkinmədikləri məsələləri müəyyənləşdirirlər. 

“Çox təəssüf ki, dünyada baş verən global tendensiyalar Azərbaycan incəsənətinə təsir etmir. Məsələn, Amerikada feminist art 1960-cı illərdən sonra “Guerrilla Girls”ün fəaliyyəti ilə yaranmışdı. Bu dalğanın yaranması bütün dünyaya təsir etmişdi. Amma Azərbaycan belə mövzulardan fərqli yanaşırdı, bizim öz tendensiyalarımız var idi”.

Abdullayev bildirir ki, gender məsələləri üzərində çalışan sənətkarlar da daxil olmaqla, müasir incəsənət Azərbaycanda 2003-2004-cü illərdə başlayıb.

Ötən illər ərzində yeni müstəqil sənətçilər əməkdaşlıqlar edib və onların işi yerli icmada yeni yaradıcılıq dalğasına təkan verib. Son onillikdə Zamanın Qanadları (2000 – 2009), Yarat Mərkəzi (2011), Salaam Cinema Baku (2019) kimi bir neçə məkan yaradılıb ki, bunların hamısı paytaxt Bakıda yerləşir.

"Aktivizm yalnız küçələrə çıxmaq və mitinq keçirmək deyil", rəssam Aqil Abdullayev belə hesab edir. ...
"Aktivizm yalnız küçələrə çıxmaq və mitinq keçirmək deyil", rəssam Aqil Abdullayev belə hesab edir. O deyir ki, Azərbaycanda müstəqil sənətkarlara öz innovativ işlərini təqdim etmək üçün alternativ yaradıcılıq platformaları imkan yaradır.
Salaam Cinema hazırda Bakıda incəsənətlə məşğul olan gənclər üçün ən populyar alternativ yaradıcılıq məkanlarından biridir. Burada gender problemləri ilə bağlı tədbirlər keçirilir və sənətkarlara dəstək verilir.

Ənənəvi dövlət sərgi salonları və qalereyalarından fərqli olaraq, bu cür məkanlarda müstəqil sənətçilər öz işlərini yeni və innovativ yollarla sərgiləyə bilirlər. 

“2014-2015-ci illərdə Azərbaycanda siyasi aktivizm öz rolunu dəyişməyə başladı. Təkcə siyasi mövzuda yox, ictimai və mədəni işlərdə də bu dəyişiklik özünü göstərirdi”, Abdullayev qeyd edir.

“Artıq aktivistlər bilirdilər ki, aktivizm təkcə küçəyə çıxıb, mitinq etməklə olmur. Problemləri yazaraq ictimailəşdirmək, statistikalar göstərməklə də problemi tanıtmaq, daha çox şey etmək olar. Bu, bizim incəsənət dairəsinə də təsir etdi”.

Dubayda fəaliyyət göstərən kurator Lesli Grey Xəzər bölgəsindən olan incəsənət nümayəndələri ilə işləyir və Bakıdakı VarYox platforması ilə əməkdaşlıq edir. O qeyd edir ki, Azərbaycandakı sənətçilərin öz işlərində genderə yer ayırması “qlobal dəyişikliyin” bir parçasıdır.

“Dünyanın hər tərəfində, o cümlədən Qafqazda durmadan müxtəlif hərəkatlar baş qaldırır. Düşünürəm ki, Azərbaycan gender məsələlərinə doğru yönəlmiş qlobal dəyişikliyin bir hissəsidir”, o deyir. “Buna həm də nəsillər arasındakı fərq təsir edir; gənc sənətçilərin öz təcrübələri və arzuları ilə ziddiyyət təşkil edən sosial dəyərlərə qarşı çıxması ehtimalı daha yüksəkdir”.

Aqil Abdullayevin 2018-ci ildə Bakıda keçirilmiş “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı solo sərgisindən fotolar. “Bu sərgi ilə çağdaş mədəniyyətin həm kimliyimizə yaratdığı imkanları, həm də onu necə məhdudlaşdırdığını, o cümlədən mütərəqqi bir cəmiyyətin necə müəyyən edilməsi məsələsini sorğulayırdım. Sərgi təklif edir ki, kimlik siyasətimizi çərçivəsiz bir şəkildə yenidən müəyyənləşdirməyə çalışan sosial və mədəni təcrübələrə əsaslanaraq kimliklər və icmaların transformasiyası qurulsun. Düşünürəm ki, kimlik anlayışını yenidən qavramaq milli kimliyimizin mahiyyətini xarakterizə edən hər hansı bir məhdudiyyət və kateqoriyanı aşır”.

Sabina Şıxlinskaya öz işlərində gender məsələlərinə daha çox diqqət ayıran rəssamlardan biridir. 

“Müasir incəsənətdə qadınlara qarşı olan yanaşma fərqlidir. Burada problemli məsələlər qaldırılır və sosial problemlərə toxunulur”, o qeyd edir.

2019-cu ildə Şıxlinskaya Azərbaycan qadınlarının müasir dünyadakı roluna həsr olunmuş “Qız Qalası. Qadın olmaq” incəsənət sərgisini kurasiya edib. Bu, indiyə qədər Azərbaycanda gender mövzusunda keçirilən ən böyük incəsənət tədbiri idi.

O deyir ki, “Qız qalası. Qadın olmaq” adi bir festival sərgisi deyil, gender bərabərliyinə həsr olunmuş bir addım, cəmiyyəti silkələmək üçün provokativ bir aksiya idi.

Və gözlənilən qalmaqal baş tutub. Şıxlinskaya festivalın bir hissəsini keçmiş Azərbaycan Rəssamlar İttifaqının Bədii İstehsalat Kompleksində - bir zamanlar qadın sənətkarlarla dolub-daşan, amma o zamandan bəri avtomobil təmir sexləri cərgələrinin düzüldüyü yerdə keçirmək qərarına gəlib.

“Buranı təkcə incəsənət deyil, qadınlar da tərk etmişdi. Mən həm qadınları, həm də sənəti bura qaytarmaq istəyirdim… cismani olaraq deyil, qraffiti və divar rəsmləri ilə”, o deyir.

“Mən yenidən incəsənət mərkəzi yaratmaq istəyirdim. Və bunu etdim. Həm yerli, həm də xarici sənətçilər və qraffiti rəssamları binanın divarları üzərində öz işlərini yaratdılar. Bu işlərdən biri böyük qalmaqal ilə qarşılandı. Xarici rəssamlardan biri divarın üstündə transgender qadın obrazını yaratmışdı… Bu, gənclərin diqqətini çəkmişdi, onlar bura gəlib fotolar çəkirdi. Amma sənətçinin təhrikedici işi kütlənin bir hissəsi tərəfindən qəbul olunmadı. İki və ya üç gün sonra rəsmin üzərini rəngləyib, üstünü örtdülər”.

Şıxlinskaya qeyd edir ki, bu iş ətrafında gedən ictimai müzakirə “maraqlı” idi. “Burada müharibədən söhbət getmir, bu, qarşıdurma idi. Fərqli mövqelər vardı. Sosial şəbəkələrdə və televiziyada insanlar bu iş haqqında mübahisə edir və müzakirələrə qatılırdılar” - deyə, o yada salır.

Amma digər sənətkarlar vurğulayır ki, ictimai reaksiya müzakirə deyil, adətən təzyiq yaradır.

Rəssam Günel Ravilova deyir ki, əsərlərində çılpaq qadınlar təsvir olunduğu üçün bəzən sərgilərə daxil edilmir.
“İşlərimin böyük bir hissəsi ailədaxili zorakılıq mövzusu daxil olmaqla, qadınlara həsr edilib. Ancaq hamısı sərgilərə daxil edilmir. Bəzi əsərlərim şəxsi kolleksiyamda qalır”, Günel Ravilova deyir.

Rəssam Günel Ravilova deyir ki, xüsusən də dövlət sərgi salonlarında keçirilən bəzi sərgilərə içində çılpaq qadın təsvirləri olan işləri qəbul edilmir.

“Əsərlərimin demək olar ki, 50 faizini nümayiş etdirə bilmirəm. Elə əsərlər var ki, eskizlərdə qalıb, bilmirəm işləşəsəm, necə qarşılanar”, o deyir.

“Başını bağlamağa, qapanmağa məcbur edilmiş qadınlarla bağlı mövzunu işləmək istəyirdim. Amma ətrafımda dedilər ki, bu sərgilənsə, mənim üçün problem yaradacaq”.

Bir qadının azadlıq və dincliyi uğrunda mübarizəsindən bəhs edən “Qeyri-müəyyənlik” əsərinin müəllifi rəssam Şahnaz Ağayeva qeyd edir ki, özəl sərgi salonları və platformalar ənənəvi sosial və dini dəyərlərə qarşı çıxan rəsmləri qəbul etmədiyi üçün bəzi sənətçilər işlərində gender məsələlərinə toxunmaqdan çəkinir.

“Kütlə və sənətçilər arasında boşluq, kommunikasiya problemi var. Bu da incəsənət menecerlərinin olmaması, ya da az olması ilə bağlıdır. Bizdə çatışmayan bir şey də incəsənət jurnalların, blogların, tənqidin olmamasıdır”, rəssam Vüsal Rəhim qeyd edir.

Vüsal Rəhimin əsərlərində qadın problemləri diqqət mərkəzindədir. Onun “Qara qadın” (2013) multimedia layihəsi cəmiyyətdən təcrid olunmuş, evin “əşya”sına çevrilmiş qadın obrazına həsr olunub. Vüsalın ən böyük layihələrindən biri erkən nikah mövzusunu işıqlandıran “Nurcan” (2018) performansıdır.

Rəssam Vüsal Rahim əsərlərində qadın problemlərinə diqqət yetirir. Onun 2018-ci ildə təqdim etdiyi "Nurcan" (Qara toy) layihəsi Azərbaycanda erkən nikaha məcbur edilən gənc bir qadına həsr olunub.

Kurator Lesli Grey qeyd edir ki, Azərbaycanda və ya digər yerlərdə incəsənət nümayəndələri öz istedadlarını ictimai əhəmiyyəti olan mövzular ətrafında müzakirələrə təkan vermək, maarifləndirmək və daha inkluziv cəmiyyət yaratmaq uğrunda istifadə etsələr, aktivist rolunu oynaya bilərlər.

Eyni zamanda həqiqi fərq yaratmaları üçün sənətçilər daha geniş auditoriyaya çata bilməlidirlər.

“Sənətçilər sadəcə digər sənətçilər və incəsənət dünyasındakı məsləkdaşları ilə dialoqda olurlar. Bu müzakirələrdən ən çox fayda götürə biləcək insanlar adətən incəsənət dünyasından çox uzaqda olurlar”, Grey qeyd edir.

Vüsal Rəhim onunla razılaşır. “Sərgi eyni kütlənin içində qalır, eyni adamlar sərgini görə bilir. Yazmaq lazımdır, müzakirə getməlidir ki, işlərimiz də ictimailəşsin”.

Ağayeva bir addım da irəli gedir. “Əsərlərimiz dörd divar arasında qalır”, o qeyd edir.

“Sosial problemləri ictimailəşdirmək üçün dörd divardan bayıra çıxmaq lazımdır”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin