Müstəqil teatrların kulisində

Müəlli̇f: Aygül Salehova

24.12.20
Buraxılış: Artivizm
Mövzu: Aktivizm

2012-ci ildə rəfiqəmlə Bakıda küçə teatrı qurmaq barədə planlarımızı bölüşərkən fərqinə vardıq ki, ikimiz də oxşar xəyallar qururuq. İkimiz də Bakının müxtəlif künclərində rəngarəng tamaşa və səhnəciklər təsəvvür edirik və elə bunun yaradıcısı da özümüz olmalıyıq. Biz özümüzü ən pis qorxularımızla üzləşməyə hazırladıq: heç kim bizə dəstək olmayacaq, heç kim bizə kömək etməyə könüllülük etməyəcək və hətta bir qrup yığmağa nail olsaq belə, polis bizi çıxışın ortasında saxlaya bilər, ya da yerli sakinlər üstümüzə pomidor ata və ya bizi qovmağa cəhd edə bilərlər.

Əslində isə bunların heç biri baş vermədi. Açılış mövsümü bizim üçün - Bakı Teatr Sexi komandası üçün uğurlu oldu. Teatr rejissorları, könüllü aktyorlar, həyəcanlı tamaşaçılar, ianə edən dostlarımız, qrim ustaları - demək olar ki, kimə müraciət etdiksə, bizə lap əvvəldən dəstək oldular. Az sonra biz küçə üçün ən uyğun olan formatda - pantomim janrında işləməyə başladıq.

İkinci mövsümdə də bizi dəstəkləyənlər xeyli çoxaldı. Elə yaşadığımız problemlər də.

Məşqlər üçün yer tapmaq daha çətin və daha bahalı məsələyə çevrildi, çünki biz artıq yer kirayələməli idik. Könüllülərimizin bəziləri başqa yerlərdə işləyirdilər, ona görə də məşqlərimizi onların dərs və iş cədvəlinə uyğunlaşdırmalı olurduq ki, bu da müntəzəm məşq etməyi çətinləşdirirdi.

Baxmayaraq ki, bir çox insan bizim çıxışlarımızı izləmək istəyirdi, çıxışların yeri onların iştirakını müşkülə çevirirdi. Mərkəzi küçə və parklarda çıxış üçün icazə əldə edə bilmədiyimiz üçün çıxışlarımızı çətin tapılan balaca, gizli yerlərdə, bəzən isə şəhər mərkəzindən uzaqda keçirdirdik. Bütün bu yerdəyişmələr və uzaq məkanlar lazım olan texniki dəstək və avadanlığı əldə etməyimizi, demək olar ki, qeyri-mümkün edirdi. Böyük enerji və həvəslə başlamağımıza baxmayaraq, böyüyən maneələr bizi ruhdan salmağa başladı. Biz artıq Bakının müstəqil tamaşalara uyğun olmadığını düşünməyə başladıq. 

Son tamaşamız 2013-cü ildə baş tutdu və növbəti yeddi il ərzində biz bir sıra başqa yenilikçi və müstəqil teatrların yüksəlişinin və süqutunun şahidi olduq.

Rəsmi olaraq, paytaxtda 10 dövlət teatrı var. Aktiv fəaliyyətdə olan müstəqil teatrların sayı isə bu rəqəmdən xeyli aşağıdır ki, müstəqil Rebus Teatrının təsisçisi Ceyhun Dadaşova görə, bu, ümumilikdə teatrın vəziyyəti üçün çox pisdir.

DOM Teatrının "İclas" adlı interaktiv tamaşası məktəbli Elina Hacıyevanın faciəli ölümündən təsirlənilərək hazırlanıb. Tamaşa məktəbdə gözlənilməz bir valideyn iclasından ibarət idi və bütün tamaşaçılar qızın sağ qalmasına kömək etmək imkanı olan valideyn rolunda idilər, lakin tamaşanın sonunda "onların Elinası" da ölmüşdü.

YUĞ Dövlət Teatrının keçmiş rejissoru Tərlan Rəsulovun təsis etdiyi dOM interaktiv teatrı da müstəqil teatrın nadir uğur nümunələrindəndir.

Teatr həssas məsələlər barədə tamaşalar qoyaraq başqa heç kimin toxunmadığı mövzulara toxunur, bəzən isə tamaşaçılar özlərini səhnənin ortasında tapır, aktyorlarla birlikdə tamaşanın taleyini dəyişmə şansları olur.

dOM Azərbaycanda bütün cəmiyyəti sarsıdan faciə - Bakıda yeniyetmə Elinanın intiharı barədə performans səhnələşdirən yeganə incəsənət qrupudur. Tamaşaya baxmaq niyyəti ilə gəlmiş izləyicilər qəfildən valideyn iclasının ortasına düşür. Beləliklə, onlar interaktiv tamaşada valideynə çevrilir, Elinanın taleyini dəyişmək imkanı əldə edirlər.

dOM müvəffəqiyyət qazansa da, bənzər teatrların ictimaiyyətə əlçatımlı məkanlar, eksperimentlərə açıq rejissorlar və tamaşa qoymaq üçün vəsait əldə etmək barədə çətinlikləri davam edir.

ADO Teatrının girişi (Foto: Aygül Salehova)
ADO Teatrının girişi (Foto: Aygül Salehova)

Digər bir müstəqil teatr qrupu ADO Teatrı yarandığı gündən tamaşalarını qoymaq üçün yer uğrunda mübarizə aparır: yarandığı ilk il ərzində teatr dörd dəfə yer dəyişməyə məcbur olub.

Təsisçi Elmin Bədəlov inanır ki, bunun səbəbi teatrın ənənəvi dəyərlərə, ailə institutuna və ölkədə uzun illərdir davam edən konvensional teatra təhdid kimi görülməsidir.

Elmin Bədəlov ADO Teatrının ən populyar tamaşalarından biri olan “Toy”da çıxış edir. Tamaşa Azərbaycan toylarında çoxdan bəri mövcud olan ənənələri sorğulamaq üçün komediyadan istifadə edir. (Foto: İlkin Səlifov, ADO Teatrı)
(Foto: İlkin Səlifov, ADO Teatrı)

ADO teatrı isə konservativ insanları vecinə almır; onlar tamaşaçının istədiyini verməyin yox, onları təəccübləndirmək tərəfdarıdır. Elə buna görə də səhnədə soyunan qadınlardan, seks səhnələrindən, zorakılıq atributlarından və buna görə tamaşaçıdan gələ biləcək narazılıqlardan çəkinmirlər. Bədəlov düşünür ki, həssas mövzulardan danışdıqca narazı olanlar qədər, onları dəstəkləyənlər də gündən-günə artır.

“Teatrda yaradıcı olmağın birinci qaydası müstəqil olmaqdır. Dövlət teatrlarının Mədəniyyət Nazirliyindən asılılığı onların inkişafını qeyri-mümkün edir”, Bədəlov deyir.

ADO Teatrının ənənəvi olmayan bir səhnədə qurduğu "Rinq" tamaşası (Foto: ADO arxivi)
ADO Teatrının ənənəvi olmayan bir səhnədə qurduğu "Rinq" tamaşası (Foto: ADO arxivi)

“Dövlət o teatrları maliyyələşdirdiyi üçün bəzən nazirlik öz işçiləri üçün eksklüziv premyera keçirilməsini tələb edir. Bu yolla onlar tamaşaların məzmunu üzərində tam nəzarətə sahib ola, uyğun hesab etmədikləri bütün hissələr üzərində senzura tətbiq edə bilərlər. Bu, təkcə dövlət teatrları üçün keçərli deyil; Mədəniyyət Nazirliyi bunu dəstək olduğu müstəqil teatrlar üzərində də tətbiq edə bilər”.

Teatr qurumlarının məkan kirayələmək üçün vəsaitə ehtiyacı var - alternativ olaraq, onlar Mədəniyyət Nazirliyinə ödənişsiz məkan üçün müraciət edə bilərlər. Hər iki seçim müstəqil teatrlar üçün problem yaradır.

Məsələn, bir çox müstəqil teatr maliyyə toplamaq üçün seminar və aktyorluq dərsləri keçirsə də, mərkəzdə yerləşən məkanları icarəyə götürmək üçün kifayət qədər qazanc əldə edə bilmir. Mədəniyyət Nazirliyindən kömək almaq isə özü ilə başqa növ problemlər gətirir.

“Mədəniyyət Nazirliyi bu dəstəkdən mənfəət qazanır; bəzən bu növ dəstək teatrın maddi problemlərini həll edə, onları çıxış etmək üçün səhnə ilə təmin edə bilər. Amma bu yolla nazirlik çıxışların məzmununa nəzarət etmək üçün imkan əldə edir”, Bədəlov deyir.

“Bəzi hallarda nazirlik özü yeni və təchizatsız teatrlara müraciət edir, hansılar ki, bunu böyük fürsət kimi görür, amma bu növ köməyin nəticələrini hesablaya bilmirlər. Yavaş-yavaş bu teatr qurumları köhnəlir, ənənəvi teatrlar kimi ən son trendlərdən geri düşür və müəyyən çərçivələrə salınırlar, bu isə bir müstəqil teatr üçün süquta uğramaq hesab oluna bilər”.

Chai Khana bu məqalənin hazırlanması prosesində bir neçə dəfə Mədəniyyət Nazirliyi ilə əlaqə yaratmağa çalışıb. Nazirlik rəsmi olaraq sadəcə bir dəfə teatr proqramları barədə cavab versə də, müstəqil teatr qurucularının narahatlığı ilə bağlı müxbirin sualları cavablandırılmamış qalıb.

Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operettasının afişası. Əsər evlənmək istədiyi qadını seçmək üçün özünü paltar satıcısı kimi gizlədən bir insanın hekayəsidir, çünki bu, subay qadınları çadrasız görməyin yeganə yolu idi. (Afişa təxminən 1924-cü ildə hazırlanıb)
Azərbaycanda uşaq teatrının pionerlərindən olan Mirmehdi Seyidzadənin "Nərgiz" adlı uşaq tamaşası. Tamaşa Azərbaycan Kukla Teatrında səhnəyə qoyulub. Poster təxminən 1937-41-ci illərə aiddir.

Teatr tənqidçisi Aliyə Dadaşova düşünür ki, maddi-texniki baza müstəqil teatrlar üçün yetərli deyil, onların inkişafı üçün sosial-mədəni bazaya, cəmiyyətdə və ümumilikdə Azərbaycan mədəniyyətində daha əsaslı bünövrəyə ehtiyac var. Buna görə də o inanır ki, dövlət teatr festivallarına sərmayə ayırmaqla, xüsusi nəşrlər hazırlamaqla, teatr sənətçilərinin beynəlxalq təlim və festivallarda iştirakına yardım etməklə teatr icmasına birbaşa yardım etməlidir. 

“Teatr truppa yaratmalı, daim məşq etməli, repertuarını yeniləməli və tamaşaçılarla işləməlidir. Teatrın böyük resurslara ehtiyacı var və yatırılan sərmayənin gəlir gətirməsi çox uzun zaman alır” - deyə, o qeyd edir. “Buna görə də biz deyə bilmərik ki, dövlət teatrdan uzaq durmalıdır, teatr öz gücünə sağ qala bilər”.

Dadaşova inanır ki, bu mövzuda daha kompleks yanaşmaya ehtiyac var.

“Teatr üçün 2008-2018-ci il Dövlət Proqramında müstəqil teatrlara dəstəyi nəzərdə tutan bəndlər on il ərzində bircə dəfə olsun açılmadı və reallaşdırılmadı. Yalnız 2019-cu ildə Mədəniyyət Nazirliyi müstəqil teatrlara yardım etmək üçün yeni layihəyə start verdi; onlara ayda cəmi bir dəfə dövlət teatrlarının səhnələrindən istifadə etmək hüququ verildi. Amma bu səhnələri doldurmaq üçün onların yetəri qədər tamaşaçısı yox idi”, o əlavə edir. 

Dadaşova qeyd edir ki, dövlətin indiyə qədər dəstəyinin olmaması, bəlkə də, tamaşaçı probleminin bir səbəbi ola bilər, amma indi müstəqil teatrların üzləşməli olduğu başqa məsələlər var. “Müstəqil teatrlar yaradıcılıq mənasında daha azad ola bilərlər, amma bu, onların daha yaxşı olması mənasına gəlmir. Tamaşaların əksəriyyəti həvəskar təsiri bağışlayır. Teatrda inqilab yaradan bir qəhrəman ideyası mifdir. Sənət üçün uyğun mühit yarana bilmədi”.

Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasının afişası. Əsərin Naxçıvan Dövlət Teatrında tamaşaya qoyulmasını əks etdirən poster təxminən 1935-39-cu illərdə hazırlanıb.

Ceyhun Dadaşov 2015-ci ildə Dövlət Pantomim Teatrını tərk edib. Rebus Teatrını təsis etməkdə əsas motivasiyası isə teatrda eksperimentlər aparmaq istəməsi olub. Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşən teatrlarda bu, qeyri-mümkündür.

“Dövlət teatrları onları maliyyələşdirən Mədəniyyət Nazirliyinə hesabat verməlidirlər. Onlar bu vəsaiti eksperimentlərə xərcləməyə risk edə bilməzlər”, Dadaşov deyir. 

Amma dövlətin maliyyə dəstəyi olmadan Rebus Teatrı kirayə ödəməkdə çətinliklə üzləşib. Nazirliyin 2019-cu il proqramı onlara çıxış yolu təklif edib.

Rebus Teatrı ödənişsiz məkan üçün təsdiq alıb - güman ki, tamaşalar mübahisəli mövzulara toxunmadığı üçün, Dadaşov deyir.

“Biz sadəcə tamaşanın adı, janrı, rejissoru, yaş həddi, və bu kimi əsas məlumatları göndəririk və onlar bizə asanlıqla, müdaxilə etmədən səhnə verirlər. Mənim başqa teatrların təcrübəsindən xəbərim yoxdur, amma, bəlkə də, bu, bizim mövqeyimizin həmişə aydın olmasından irəli gəlir: Mən teatrı dini və siyasi mövzulardan kənar tutmağa çalışıram”.

Amma Bakıda küçə tamaşası səhnələşdirmək üçün icazə almaq barədə o da tərəddüd edib.

Rebus Teatrı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tehranda üç dəfə “Tesserakt” küçə tamaşasını oynayıb. Amma bu icazə Bakıya şamil olunmur. “Biz əslində heç vaxt tamaşanı burada oynamağa cəhd etməmişik. Onsuz da küçə teatrı həmişə Bakıda həssas mövzu olub, sanki çox adam bir yerə toplaşarsa, təhlükəli bir şey baş verəcək”, Dadaşov deyir. 

Amma o qeyd edir ki, görünən budur ki, dövlətin narahatlığı yalnız teatr nümayişlərinə aiddir. Belə ki, açıq havadakı musiqi konsertlərində adətən xeyli insan olur və bu heç kimi narahat etmir.

ADO Teatrının qurucusu Elmin Bədəlov qərara gəlib ki, küçə teatrı incəsənətin bu növünü ictimaiyyətə çatdırmağın yeganə yoludur. Necə deyərlər, dağ Məhəmmədə tərəf getmirsə, Məhəmməd dağın yanına gedər.

ADO Teatrı Gürcüstanın Tbilisi şəhərində küçə tamaşası göstərir. Teatr qrupu tamaşanı Tbilisidə səhnələşdirmək üçün icazə istəyəndə lisenziyanın alınması cəmi bir neçə saat çəkmişdi. Bakıda isə kollektiv iki ildən çoxdur ki, küçə tamaşalarına icazə qaydalarını müəyyənləşdirmək üçün məhkəmədə mübarizə aparır. (Foto: ADO arixivindən)

Bu, həmçinin mənim həmtəsisçisi olduğum və Azərbaycanın ilk küçə teatrı qrupu olan Bakı Teatr Sexinin fəlsəfəsi idi. Bu teatr şəhər mərkəzindən uzaq qəsəbələrin yerli sakinləri üçün çıxışlar edərək, sadəcə iki il fəaliyyət göstərməyi bacardı.

“Biz Bakının müxtəlif nöqtələrinə səfər edirdik, bəzən izləyicilərimiz son 15 ildə teatra getməyən insanlar, bəzən həyatlarının ilk teatr tamaşasını izləyən uşaqlar olurdu. Biz düşündük ki, heç şəhər mərkəzində çıxış etməyimizə ehtiyac yoxdur, bizə lazım olan tamaşaçıları elə həmin kiçik məhəllələrdə tapa bilərik”, qrupun həmtəsisçisi Ellada Abbasova deyir.

Bakı Teatr Sexi tərəfindən hazırlanmış “Atlas” tamaşası. Tamaşa müharibə və eko-terrorizm kimi yeni ...
Bakı Teatr Sexi tərəfindən hazırlanmış “Atlas” tamaşası. Tamaşa müharibə və eko-terrorizm kimi yeni problemlərlə üzləşən Atlasın mifoloji hekayəsi əsasında hazırlanıb. Bakı Teatr Sexi məqalənin müəllifi və onun rəfiqəsi Ellada Abbasova tərəfindən yaradılıb. Foto: Əhmət Muxtar, BTS arxivi
Bakı Teatr Sexi tərəfindən İçərişəhərdə səhnələşdirilən ən böyük tamaşa Foto: Əhmət Muxtar, BTS arxi ...
Bakı Teatr Sexi tərəfindən İçərişəhərdə səhnələşdirilən ən böyük tamaşa Foto: Əhmət Muxtar, BTS arxivi

Amma bir neçə ay sonra artıq oturuşmuş tamaşalarını daha böyük auditoriyaya çıxarmaq istəyən qrupa xarici səfirliklərdən dəstək gəlib.

“Səfiriliklər öz əlaqələrindən istifadə edərək, bizə İçərişəhərdə çıxış etmək üçün məkan tapdılar. Amma Bakı Bulvarına rəsmi icazə üçün yazdığımız məktubların heç birinə cavab ala bilmədik”, o deyir. 

“Bir gün İçərişəhərdəki çıxışımızın başlamasından öncə polislər yaxınlaşıb nümayiş üçün icazəmizin olub-olmadığını soruşdular. Qəfildən tamaşaçıların gurultulu alqış sədaları eşidilməyə başladı. Polislər də, biz də nə baş verdiyini anlamağa çalışırdıq. Bu, polisin bizi dayandırmasına qarşı edilən möhtəşəm, qürur dolu bir etiraz idi. Polislər çıxıb gedənə qədər alqışlar davam etdi və bundan sonra biz çıxışımıza başladıq. Və həmin gün bizim teatrın ən parlaq xatirələrindən birinə çevrildi”. 

Bakı Teatr Sexinin “Limbo” tamaşası. Tamaşa daxilində bir mələk və bir şeytanla yaşayan və bu münaqi ...
Bakı Teatr Sexinin “Limbo” tamaşası. Tamaşa daxilində bir mələk və bir şeytanla yaşayan və bu münaqişənin öldürdüyü bir qızın hekayəsidir. Foto: BTS arxivi

Bədəlov da küçə tamaşası səhnələşdirmək üçün icazə almaqda çətinliklərlə üzləşib. 

“Biz bu fikirlə Mədəniyyət Nazirliyinə müraciət edəndə onlar bizi Bakı Şəhər İcra Hakimiyyətinə göndərdilər. Amma bizim İcra Hakimiyyətinə yazdığımız məktublara cavab olaraq onlar bizi geri - Mədəniyyət Nazirliyinə yönəltdilər. Biz etiraz etməyə başladıqdan sonra onlar bir təklif ilə bizə yaxınlaşdılar. Onlar bizə açıq hava altında məkan verməyə hazır idilər, lakin ilk öncə tamaşanı izləyib, onun ictimaiyyət üçün uyğun olub-olmadığına qərar vermək istəyirdilər” - deyə, o yada salır.

ADO Teatrı rəhbərliyi deyir ki, nazirlik nümayəndələri tamaşanı izlədikdən sonra onlara ultimatum verib: Ya yaş köynəkdəki qadın olan səhnəni yığışdırın, ya da ki, tamaşanı ləğv edin. “Onlar dedi ki, bu, ictimaiyyətə uyğun deyil, çünki yaş paltarın altından qadının bədəni görünə bilər”, Bədəlov əlavə edir.

“Biz anladıq ki, nazirliklə razılığa gəlsək, bunun əvəzini ödəməli olacağıq və heç bir halda onların bizə senzura tətbiq etmələrinə razı ola bilməzdik. İndi isə bizim üçün əlavə məqsəd yaranmışdı: tamaşanı oynamaqdan əlavə, küçə teatrlarına icazə almaq üçün bir sistem yaratmaq uğrunda mübarizə aparıb, istəyən hər kəsin küçə sənəti ilə məşğul olmasına nail olmaq istəyirdik”.

ADO teatrının 18+ “MimOda” tamaşası (ADO arxivi)
ADO teatrının 18+ “MimOda” tamaşası (ADO arxivi)

Bədəlov həm Mədəniyyət Nazirliyini, həm də İcra Hakimiyyətini məhkəməyə verib, küçə tamaşalarına icazə verilməsi üçün rəsmi təlimat prosedurunun yaradılmasını tələb edib.

Məhkəmə iclasları özləri də bir növ tamaşaya çevrilib: Bədəlov müstəqil teatrların necə boğulduqlarını göstərmək üçün bir gün başında qəfəslə, başqa gün isə qolları bağlı şəkildə məhkəmə zalına girib.

30 Dekabr 2019-cu ildə məhkəmə ADO Teatrının lehinə hökm oxuyur və İcra Hakimiyyətinin küçə tamaşalarına icazə verməli olduğuna qərar çıxarır. Amma hələ teatr və onun tamaşaçılarının sevinci bitməmiş, İcra Hakimiyyəti hökmdən apellyasiya şikayəti verir. Bakı Appelyasiya Məhkəməsi 2020-ci ilin sentyabr ayında aşağı məhkəmə instansiyasının qərarını ləğv edir, lakin oxuduğu hökmdə hansı dövlət orqanının küçə tamaşalarına icazə vermək məsuliyyətini daşıdığına aydınlıq gətirmir. 

Məhkəmələrdə boşa çıxan iki illik cəhdlərin ardından ADO Teatrı heç bir icazə olmadan küçə tamaşalarına başlamağa qərar verir. “Əgər buna görə xüsusi cəza verilmirsə, demək ki, heç icazə almağa ehtiyac yox imiş. Əlbəttə, biz bu işi Avropa İnsan Haqları Məhkəməsinə aparacağıq, amma əgər onlar [rəsmilər] indi reaksiya göstərmirlərsə, deməli, çıxış etməyimizin qarşısını heç nə almır”, Elmin Bədəlov deyir.

Məkan və maliyyə məsələlərindən savayı, müstəqil düşüncəli aktyorların normal gəlirli iş tapmaqda çətinlik çəkməsi də problemlərdən biridir. Teatr təsisçilərinin dediyinə görə, tamaşalara yeni həyat qazandıracaq gənc istedadların yoxluğunda teatrlar öz aktuallığını, ölkə isə bütöv bir nəsil aktyorunu itirir. 

ADO Teatrının evsiz bir insanın hekayəsindən bəhs edən "Yağış, yağış, yağış" adlı tək adamlıq tamaşa ...
ADO Teatrının evsiz bir insanın hekayəsindən bəhs edən "Yağış, yağış, yağış" adlı tək adamlıq tamaşasının posteri. Tamaşa Bernard-Marie Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb.

“Köhnə fikirli və tolerant olmayan insanlar ilə nəinki teatrda, elə digər incəsənət sahələrində də inkişaf etmək mümkün deyil. Dövlət teatrları uzun illərdir ki, eyni adamların idarəsindədir, tamaşaları eyni rejissorlar qoyur, bu tamaşalarda eyni aktyorlar rol alırlar. İşlərini itirməmək üçün onlar yerlərini gənclərə vermək istəmirlər”, Bədəlov deyir.

Aktrisa Cəmilə Eyvazova 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetindən məzun olduqdan sonra bunu öz üzərində birinci əl təcrübə edib.

“Mən həmişə ehtiras dolu və həvəsli olmuşam, teatra dəyişikliklər gətirmək, eksperimental tamaşalarda oynamaq istəmişəm. Ancaq çalışdığım bütün teatrlarda məni ruhdan salıblar”, o deyir.

Eyvazova xatırlayır ki, onun ən pis təcrübəsi Dövlət Musiqili Komediya Teatrı üçün aktyor seçimləri zamanı olub. Sınaq hələ başlamadan öncə jürilərdən özünün görünüşü və yaşı haqqında alçaldıcı fikirlər eşidib.

“İlk beş dəqiqədə mən anladım ki, onlar məni götürməyəcəklər. Bu mənim teatrlarda işləmək üçün son cəhdim idi, o gündən sonra mən artıq cəsarətimi toplayıb aktyor seçimlərinə gedə bilmədim. Sizin aktyorluq məharətiniz onlara maraqlı deyil, ancaq sizin kim olduğunuzla maraqlanırlar. Dövlət teatrlarında ümumi mənzərə belədir; çox nadir hallarda gənclərə şans verirlər. Onlar adətən məşhur, təcrübəli insanlar axtarırlar”.

Təcrübə yığmaq üçün gənc aktyorlar teatrlarda könüllülük etməli, çörəkpulu qazanmaq üçün adətən eyni zamanda bir neçə işdə çalışmalıdırlar.

“Müstəqil teatrlarda siz bir sənətçi kimi azadsınız, amma maddi çətinliklər burada da özünü göstərir”, Eyvazova deyir. “Daimi əmək haqqı yoxdur; siz yaşamaq üçün televiziyada işləməli olursunuz, amma bu bir sənətçi kimi sizin ruhunuzu zədələyir. Bir müddət sonra isə nə teatra ayıracaq vaxt tapılır, nə də əvvəlki maraq və həvəs”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin