O, millətin atası, qüsursuz düha, xalqın himayədarı və “Baba”sıdır. O, məktəb dərsliklərinin səhifələrindən gözlərini mülayim təbəssümlə sizə zilləyir, demək olar ki, getdiyiniz bütün hökumət binaları və müəssisələrinin divarlarından asılmış portretlərindən sizə baxır. O, sizi yeni bir qəsəbənin girişində və ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanında salamlayacaq, yaxud sizin yolunuz onun adını daşıyan prospekt və parkların birindən düşəcək. O, Heydər Əliyevdir və bu yazı onun kultuna girişdir.
Taksi Mexikonun Chapultepec parkına yaxınlaşanda mən yaşıllığı seyr etmək üçün pəncərəni endirdim. Eyni zamanda parkın yenicə təmir olunmuş Meksika - Azərbaycan Dostluq Parkı adlı küncünə yaxınlaşdıqca məni təlaş bürüməyə başladı. Bu, sürücünü xeyli əyləndirmişdi: Mən onun ilk azərbaycanlı sərnişini idim və o, parkla bağlı söz-söhbətdən xəbərdar idi. Mənim zəif ispan dilim və onun yarımçıq ingiliscəsi ilə razılığa gəldik ki, bu parkın ideyası “muy interesante” (çox maraqlı) və “inexplicable”-dır (izah olunmaz). Söz ehtiyatım azca zəngin olmuş olsaydı, bəlkə də, danışmağa daha çox şey tapardıq.
Marselo Ebrard, Mexikonun həmin dövrdəki icra hakimi 2012-ci ilin avqustunda parkın və heykəlin açılışını edib. Ancaq icra hakiminin ağlına gəlməyib ki, keçmiş KQB generalına heykəl qoyulması Meksika vətəndaş cəmiyyətində etiraz dalğalarına və tənqidə səbəb ola bilər. Mən 2013-cü ilin aprelində Mexikoya yenidən səfər edəndə artıq heykəl götürülmüşdü; onu həmin ilin yanvar ayı heykəlin xoşagəlməz olduğu və parkdakı digər heykəllərlə uyğunlaşmadığı ilə bağlı artan tənqidlərdən sonra yığışdırmışdılar. Mən bu dəfə abidənin ikinci hissəsini - Azərbaycanın iri mərmər xəritəsini görə bildim. Bir tərəfdən Heydər Əliyevin kürsüdə əyləşmiş, gözlərini uzağa dikmiş, güman ki, Azərbaycan və Meksika qardaşlığı haqqında dərin fikirlərə dalmış bürünc heykəlini görmək fürsətini qaçırdığım üçün məyus olmuşdum. Xüsusən də, layihənin qiymətini nəzərə alsaq. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun dediyinə görə, Azərbaycan o parka 10 milyon dollar vəsait ayırıb.
Meksika Azərbaycanın diplomatik nümayəndəlikləri və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən mərhum prezident Heydər Əliyevin büstü yerləşdirilmiş Azərbaycan dostluq parklarına sahiblik edən çoxsaylı ölkələrdən sadəcə biridir. Azərbaycan müxalifəti bu ənənəyə Heydərizm - Heydər Əliyevin şəxsiyyət kultu adını qoyub. Bu ənənə onun oğlu, hazırkı prezident, 2003-cü ildə qanun pozuntuları və zorakılıqlarla yadda qalan seçki nəticəsində atasının yerinə gəlmiş İlham Əliyev tərəfindən təbliğ edilir.
Kult və dostluq rəmzi Londona da gedib çıxıb: 2007-ci ildə Londonun Madam Tüsso muzeyi keçmiş prezidentin natural ölçülü heykəlini təqdim edib. Muzeylə əlaqə saxlayıb heykəlin sifarişi ilə bağlı soruşanda mənə bu məlumatın bağlı arxivdə və əlçatmaz olduğunu və arxivlərin “yaxın gələcəkdə” bağlı qalacağını bildirdilər.
Xoşbəxtlikdən, Birinci Xanım və Birinci Vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunda heykəl barədə daha ətraflı məlumat var idi. Fondun vebsaytına əsasən, heykəlin inşası muzey və hakim ailənin birgə təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi əsasında baş tutmuşdur. Muzeyin baş heykəltəraşı Stiv Sveys (Kraliçanın da heykəlinin inşası ilə tanınır) Azərbaycana səfər edərək, fondun ona açdığı minlərlə foto və arxiv vasitəsilə Heydər Əliyevin həyatı ilə tanış olub. Son halında bu mum heykəlin digər bürünc heykəllər ilə yeganə ortaq cəhəti gözlərini uzağa dikmiş, dövrünü və Azərbaycan-Britaniya dostluğunu düşünən üzündəki yüngül təbəssüm idi.
Vətəndə Heydər Əliyev...
Azərbaycanda keçmiş prezidentə həsr olunmuş saysız-hesabsız heykəllər, abidələr, mahnılar, kitablar, şeirlər və rəsmlər var. Heydər Əliyev mərkəzləri ziyarətçilərini qarşılayaraq onları eks-prezidentin həyatı və nailiyyətləri, Azərbaycanın tarixi və bu kimi digər mövzularda maarifləndirirlər. Bu mərkəzlərin tikintisi 2006-cı ildə Əliyevin oğlu “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun sosial-siyasi irsinin təbliğatı və öyrənilməsi məqsədilə” imzaladığı fərmanla başlayıb. Heydər Əliyev Mərkəzinin vebsaytına əsasən, hazırda 59 rayonda 59 ədəd Heydər Əliyev Mərkəzi mövcuddur.
Əlavə olaraq, onun qətiyyətli liderliyi haqqında çəkilmiş filmlər, əzəmətinə həsr olunmuş mahnılar, onun hikmətini tərənnüm edən şeirlər və xalqın atasının “əbədiyyətini” vurğulamaq üçün bəstələnmiş simfoniyalar var. Hətta mərhum prezidentin imzası və onun portreti şəklində qurulmuş fləşmoblar keçirilib, Elmlər Akademiyasında Əliyevşünaslıq adlı ayrıca şöbə yaradılıb.
Bəlkə də, prezidentin incəsənət, musiqi və memarlıq zövqündən xəbərdar olduqları üçün ona həyatı boyunca və 2003-cü ildə ölümündən sonra ən azı bir mahnı, şeir və ya başqa sənət əsəri ithaf etmək sənətçilər arasında ənənə halını alıb.
Şair və yazıçı Baba Vəziroğlu, şübhəsiz ki, belə yaradıcılardan biridir. 1998-ci ildə prezidentin 75 illik yubileyindən əvvəl Vəziroğlu fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bəstələdiyi mahnıya sözlər yazıb. Mahnı qısa bir zamanda populyarlıq qazanıb.
Chai Khana ilə müsahibəsində Vəziroğlu deyir ki, Heydərov musiqilə bağlı fikrini ortaya atandan sonra mahnı çox sürətlə ərsəyə gəldi. “Mayın 9-u günorta Kamaldan [Heydərovun yaradıcı fəaliyyəti üçün istifadə etdiyi ad] mənə zəng gəldi. Məndən xahiş etdi ki, onlara gedim. Dedi ki, yeni mahnı yazıb, qulaq asmağımı istəyir. Gəlib mahnını dinləyəndən sonra dedim ki, “Şef, [Vəziroğlu deyir ki, sənətkarlar nazirə o vaxt belə müraciət edirdilər] bu, nəsə yeni bir şeydir”. Məndən ayın tarixini soruşdu. Dedim ki, mayın 9-udur. Sonra məndən sabahkı tarixi soruşdu və yalnız o zaman mən söhbətin nədən getdiyini anladım. Bu, bizim prezidentə hədiyyəmiz olacaqdı”.
Sözləri yazmaq üçün Vəziroğluna bir gündən az vaxt lazım olub, videonu çəkməksə, 24 saatdan daha az vaxt aparıb - amma o deyir ki, mahnıdakı sözlər və emosiyalar on illərlə yığılmış şəxsi xatirələrdən ilham alıb.
Vəziroğlu Heydər Əliyevlə 20 yaşında, hələ gənc yazıçı olduğu vaxtda tanış olub. O vaxt Əliyev Azərbaycanın rayonlarına səfərlər edəndə özü ilə dövlət məmurları ilə yanaşı sənətçi qrupu da aparardı.
“Həmişə üç vaqon gedərdik. Birində özü tək gedirdi, ikinci biz sənət adamları üçün ayrılmışdı, üçüncü isə qalan rəsmiləri daşıyırdı. Amma səfərləri boyunca həmişə biz sənətçilər ilə ünsiyyət qurmağa üstünlük verərdi. Mən də onunla bu cür, belə səfərlərin birində tanış olmuşdum”.
Vəziroğlu deyir ki, keçmiş prezident məmurlarla arasında saxladığı məsafənin əksinə, sənətçilərin ətrafında özünü daha səmimi hiss edirdi. “O, elmlə ədəbiyyat, incəsənət və musiqi ilə maraqlandığı kimi maraqlanırdı. Gözəl yaddaşı var idi. Onun eyni zamanda bir baxışı var idi, gözünün içinə baxsan, adamı iflic edərdi. Bu, heyrətamiz idi”. “Sən elə bir zirvəsən” mahnısının sözlərini və prezidentə ithaf etdiyi bir çox digər şeiri yazmaq üçün Vəziroğluna ilham verən məhz bu təcrübələri və şairin Heydər Əliyevə olan hörmət və rəğbəti olub.
Şair qeyd edir ki, bəzi sənətkarları hakim ailənin rəğbətini qazanmaq və özlərinə ad çıxarmaq istəyi motivasiya edir, nəinki hörmmət hissi.
“Çoxları karyera, güc arxasınca qaçıb, öz kölgələrindən qorxanlar idi. Bu gün də belədir. Buqələmun kimi rəng dəyişənlər az deyil. Onlar hər yerdədir. Onlar yaltaqlıq üçün sözdə bir cürdülər, əməldə ayrı cür. Düşünürsən ki, bu adamlar özlərini daha da alçalda bilməzlər, bu dəfə başqa şəkildə peyda olurlar”.
Azalan maraq
Hakim ailənin Heydər Əliyevin xatirəsini yaşatmaq üçün göstərdiyi davamlı səylərə baxmayaraq, yeni nəslin bu məsələdə çox da maraqlı olduğunu deyə bilmirik. Fotoqraf və filmmeyker Türkan Hüseynova qeyd edir ki, indi əksər gənc sənətçilər istedadlarını hansısa siyasi fiquru tərif yağışına tutmaq yerinə, öz şəxsi baxışlarının inkişafına yönəldirlər.
“Yaradıcılıqda həmişə seçim var. ‘Məni bu əsəri yaratmağa məcbur etdilər’ kimi bir şey yoxdur” - deyə, o qeyd edir.
“Əlbəttə, elələri var ki, daha yaxşı fürsətlər naminə bu yolu getməyi seçirlər, amma siz müstəqil olub istədiyinizi etməyi seçə bilərsiniz. Ortada müəyyən dərəcədə maddi rahatlıq, imkan və fürsətlər məsələsi dayanır, amma bütün bunlardan kənar dayanmaq da mümkündür”, Hüseynova əlavə edir.
Bəstəkar Elmir Mirzoyev razılaşır ki, bəziləri karyeraları üçün propaqanda ilə məşğul olmağı məqbul sayır. “Belələri ortabab istedadları olan ortabab sənətçilərdir. Sənət onlar üçün karyeradır. Onlar orden və mükafatlı sənətçi olmağa can atırlar”- deyə, Mirzoyev izah edir. Mirzoyev üçün belələri öz dövrlərinin Prokofyev, Şostakoviç və ya Mayakovski kimi dahilərindən fərqli olaraq, “sadə incəsənət məmurları”dırlar.
Yaradıcılıqda təbliğatdan yayınıb öz yolu ilə getməyi seçənlərə də bu, asan başa gəlməyib. Fotoqraf Sitarə İbrahimbəyli qadınları evlənmədən öncə bakirə olduqlarını sübut etməyə vadar edən gender stereotipinə həsr etdiyi sərgidən sonra hədələrə məruz qalıb.
“Nəsillər dəyişməkdədir və problemli məsələlərə diqqət cəlb etmək və dəyişikliklərə təkan vermək üçün yeni yanaşmalara müraciət etmək vacibdir. Gənc sənətçilər öz hədəflərini özləri müəyyənləşdirirlər. İndi mən əvvəlki mədhiyyəyə marağı olmayan çoxsaylı yaradıcı insanın əhatəsindəyəm”, o vurğulayır. Amma bunun rahat olduğunu demək mümkün deyil: vətənpərvərlikdən bəhs edən işləri satmaq daha asandır.
Fotoqraf Türkan Hüseynova inanır ki, zamanla Heydər Əliyevi mədh edən yaradıcı məhsullar da ən azından tarixi dəyər qazanacaq. “Məsələn Budapeştin Memento Parkındakı Sovet heykəllərinin açıq hava muzeyinə baxın. Onlar sənət dəyərindən daha çox tarixi əhəmiyyət daşıyır”, o deyir. “Mən güman edirəm ki, Azərbaycanda şəxsiyyətə pərəstişdən təsirlənmiş müxtəlif heykəlləri, rəsmləri və başqa incəsənət nümunələrini də bu cür tale gözləyir”.
“Bu işlərin dəyərinin nə olacağını demək çətindir, amma demək kifayətdir ki, onlar durduqca bizim bu işlə əlaqəli baxışlarımız, şərhlərimiz və anlayışımız dəyişəcək”, Elmir Mirzoyev izah edir.
Hələliksə Heydər Baba kultu kitablarda, heykəllərdə, portretlərdə, parklarda və küçələrdədir, daha yaradıcı və müstəqil incəsənət nümayəndələrinin üzərinə öz kölgəsini salmağa davam edir.
ianə verin