17 Yaşında Gəlin
Onların nikahı rəsmi qaydada bağlanmadı. Amma qohum-əqrəbanın, qonşuların, dostların gözündə iki gəncin ailə qurmasını rəsmiləşdirən bütün ənənələr üsulunca yerinə yetirildi.
Toydan bir gün öncə qadınlardan ibarət xınayaxdı mərasimi təşkil edildi, 17 yaşlı Təranənin rəfiqələri, qohumları ona xeyir-dua verməyə və əylənməyə yığışdı.
Qız evi qonaqlarla qaynayırdı, masalar açılmış, hər kəs ən gözəl paltarını geyinmişdi. Bir azdan 21 yaşlı bəy gələcək və nişanlısı Təranəni atası evindən aparacaqdı…
Lerik rayonunda toyu baş tutan bu cütlük hüquqi əsasla evlənmirlər. 17 yaşlı Təranə rəsmi nikah üçün qoyulan minimum yaş həddindən bir yaş aşağıdadır.
BMT-nin hesabatına görə, bir çox azərbaycanlı bu cür erkən nikahı İslam dini ilə əsaslandırmağa çalışır. Xalq arasında belə bir fikir var ki, İslam erkən nikahları qəbuledilən sayır. Şəriət qanunlarında isə evlilik üçün konkret yaş minimumu yoxdur, sadəcə bir insanın evlənməmişdən əvvəl psixoloji yetkin və sağlam olması hökmü nəzərdə tutulur. Qafqazda erkən nikahlara dair Britaniyanın bir təşkilatının apardığı tədqiqat isə göstərir ki, dini kəbinləri kəsən axundlar bu fikrin formalaşmasına təsir edib, erkən nikahların qəbuledilən olması fikrini aşılayıblar. Aparılan başqa bir tədqiqat üçün müsahibə alınmış axund isə izah edib ki, İslamda erkən nikah uşaq evliliyi demək deyil.
Erkən nikahlar Lerik bölgəsində tez-tez rast gəlinən adi hadisədir. Bu mənzərəni daha dəqiq göstərmək üçün statistik göstəricilər belədir: UNICEF-in 2011-ci ildə apardığı hesablamalara görə, Azərbaycan qızlarının 11 faizi 18 yaşını qeyd etmədən ərə verilir.
Bununla belə, erkən nikahlarda dinin rolu mürəkkəbdir.
Təranənin toyunda axund iştirak etmirdi. Gəlinin yola salınma mərasimində cütlüyün Quranın altından keçirilməsi isə yerli camaat üçün simvolik bir əhəmiyyət daşıyır, bir növ nikaha legitimlik qazandırır.
Azərbaycanda tanınmış bir çox din xadimi, eləcə də dövlət rəsmiləri isə erkən nikaha girməyi pisləyirlər, lakin Lerik kimi bölgələrdə yoxsulluq, eyni zamanda ailə qurmağa və qadının ana olmasına əhəmiyyət verilməsi azyaşlı qızların evləndirilməsinə asanlıqla yol açır.
Ailənin nüfuzu məsələsi də bu məsələdə böyük rol oynayır. Məsələn, yerli mətbuata yayılmış məlumatlara görə, Lerikdə 14 yaşlı qız zorlanmaya məruz qaldıqdan sonra ailəsi qızın adını və ləyaqətini qorumaq üçün onu təcavüz edən şəxslə evləndirmək qərarı verib. Bu hadisə Azərbaycanda qızların erkən yaşda nikaha girməsinə dair geniş müzakirələri yenidən gündəmə gətirib.
Təranənin ailəsi üçünsə erkən nikah müzakirə məsələsi olmayıb. Ailə hesab edir ki, yeniyetmə qız üçün evlənmək vaxtı gəlib çatıb və onu atasının iş parnyorunun oğlu ilə evləndirmək doğru qərardır. Təranə isə öz gələcək ərini bu qərardan cəmi bir neçə gün əvvəl tanıya bilib.
Fotoqraf Sitarə İbrahimova Lerikdə kəndləri gəzərkən Təranənin toy mərasiminə baş çəkib. 17 yaşlı gəlinin evlilik mərasimi Sitarə İbrahimovanın fotolarında belə əks olunub…






ianə verin