Ev axtarılır

12.02.24

Kinooperator Natiq həyat yoldaşı Ülkər və iki uşağı ilə daha firavan həyat sürmək üçün Kanadaya köçmək qərarına gəlir. Lakin vizadan iki dəfə rədd cavabı aldıqdan sonra Ülkər təklif edir ki, üçüncü viza müraciətinə vaxt və pul sərf etməkdənsə, Bakıda ipoteka ilə mənzil alıb güzəranlarını yaxşılaşdırmağa çalışsınlar. Ancaq gəlirlərinin orta səviyyədə olmasına baxmayaraq, ailə bir sıra çətinliklərlə qarşılaşır.

Əvvəla, Bakıda mənzil qiymətləri gözlədiklərindən bahadır. Mərkəzdə yerləşən və ya yeni təmirdən çıxmış mənzil almağı təsəvvür etmək belə çətindir. Həm Natiq, həm də Ülkərin işləməsinə baxmayaraq, maaşları əsasında bankların təklif etdiyi ipoteka kreditləri yetərli deyil. Faktiki, mənzil alacağı təqdirdə, onların həyat keyfiyyəti aşağı düşəcək, çünki gəlirlərinin böyük hissəsi aylıq ipoteka ödənişinə gedəcək.

Ülkərin özü və iki övladı üçün istədiyi tək şey rahat həyatdır - öz mənzillərinin olması isə bunun əsasını təşkil edir. Lakin Natiq mənzillə bağlı ziddiyyətli fikirlər arasında var-gəl edir: ev almaq bir tərəfdən onların Kanadaya köçməsini çətinləşdirəcək, çünki bu, Azərbaycanda yerləşmək deməkdir. Digər tərəfdən, ölkədə öz adına mülkə sahib olmaq viza almağı daha asanlaşdıracaq.

Rejissor Nurlan Həsənlinin sənədli-bədii filmi bu gənc ailənin mənzil almaq prosesinə işıq salmaqla, Bakıda ev sahibi olmağın çətinliklərini ortaya qoyur.