Hasarların arxasında

22 min.

Rejissor: Azad Əlizadə

Hasarların arxasında

25.05.23

Təxminən 20 ilə yaxındır ki, Abşeron yarımadasının mənzərəli sahil zolağı hasarlar arxasında görünməz olub. Xəzər elit təbəqədən bir qrup insanın şəxsi oyun meydançasına çevrilib, Abşeron sakinləri de-fakto dənizə çıxış hüququndan məhrum edilib. Qanunsuz tikilmiş hasarlar, villalar, müxtəlif obyektlər uzun illər çimərliklərə gedən yolu zəbt edib, beləcə, yerli əhalinin dəniz sahillərindən azad şəkildə istifadəsinin qarşısını alıb. Dəniz sahillərinə ictimai girişi bərpa etmək üçün müzakirələrə və çoxsaylı cəhdlərə baxmayaraq, divarlar və hasarlara toxunulmayıb, nəticədə vətəndaşlar artıq bu məsələni sorğulamağa haqlarının olmadığına inanmağa başlayıblar.

Lakin 2022-ci ildə Buzovna sakinləri bu gedişatla razılaşmayıb, dənizə yenidən qovuşmaq üçün fəaliyyətə başlayıblar. Onlar sosial media vasitəsilə kampaniya başladıb və daha əvvəl görülməyən bir nailiyyət əldə ediblər. Belə ki, buzovnalıların müxtəlif qurumlara yazılı və video müraciətindən sonra hökumət tərəfindən addım atılıb, sahili bağlayan hasarların bir qismi sökülməyə başlanıb. Ancaq fəal qruplar üçün mübarizə davam edir: hələ ki, sadəcə divarların söküntüsü aparılıb, qanunsuz tikilmiş villa və obyektlər yerindədir. Yarımadanın digər sahil kənd və qəsəbələrinə gəlincə, yerli sakinlər bu barədə səslərini ucaltmaqdan çəkinir, əvəzində uzun bir yol qət edərək dənizə girməyə çalışırlar, baxmayaraq ki, evlərindən dənizə iki addımlıq yol var.



 

Rejissor Azad Əlizadə ilə fotoqraf və publisist Aygül Qurbanovanın video-müzakirəsi “Hasarların arxasında” filminin ərsəyə gəlməsi, Buzovna sakinlərinin Xəzər sahilləri və qayalıqlarına qovuşmaq üçün apardığı mübarizə, eləcə də Azərbaycanda sənədli kino sahəsindəki hazırkı vəziyyətə işıq salır.