Şəki bazarında qocalmaq…

Müəlli̇f: Emin Mathers

15.04.21
Buraxılış: Yaşlılar
“Təzə Bazar”dan Kiş Dağı və Xan Yaylağının görüntüsü. (Şəki, 2021)
Fatimə xanım 70 yaşındadır və evdə hazırlanan mürəbbələr, turşular, şirələr və souslar satır. 2000-ci ildən bazarda işləyir. (Şəki, 2021)

Bakıdan təqribən 350 km məsafədə yerləşən Şəki bazarında iş səhər obaşdan başlayır. Satıcılar mal-qaranın, izdiham və maşınların səs-küyü fonunda müştəri tutmaq üçün canfəşanlıq edirlər. Buradakı natəmiz və çətin iş şəraiti gənclərin çoxuna cəlbedici gəlmir; gənc nəsil müasir ticarət mərkəzlərinin steril təmizliyini ənənəvi bazarlardakı xaos və qoxulardan üstün tutur.

Əlbəttə, həmişə belə olmayıb. Nəsillər boyu bazarlar Azərbaycanda əsas ictimai məkanlar olub - xəbərləşmə, sosiallaşma və ticarət mərkəzi. Digər bazarlar kimi, “Təzə Bazar” da 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldıqdan sonra işini itirənlərin gəlir əldə etmək üçün üz tutduğu yerə çevrilib. Satıcıların çoxu pensiya yaşını keçsə də, dolanışığını təmin etmək üçün hələ də bazarda işləyir. 

Yerli sakinlər tərəfindən “Təzə Bazar” kimi tanınan Şəki bazarına çəkilişə ilk dəfə 2015-ci ildə getsəm də, fotolar illərlə unutduğum arxivimdə yatırdı. Fotoları yenidən nəzərdən keçirəndə burada işləyənlərin çoxunun necə yaşlı olduğu məni təəccübləndirdi - keçən 6 ildə başlarına nələr gəldiyini, xüsusən də karantin dövrünü necə keçirdiklərini düşündüm. Bu fikirlə ilin əvvəli, günəşli bir bazar səhəri yenə Şəkidəki “Təzə Bazar”ın girişində dayanmışdım. Səhər izdihamlı bir məkanda qarışıq səslər eşitmək çox xoş idi. Satıcıların alverə başlamadan öncəki hazırlıqlarını müşahidə etdim.

İlk həmsöhbətim Tamara nənə oldu; öz əl işi olan çantalarını qoluna taxıb ətrafı gəzirdi. Onunla tanış olduqdan sonra gördüm ki, satıcıların çoxunda bu çantalardan bir cüt var.

21 ildir bazarda işləyən Fatimə nənəylə söhbətimiz gənc nəslin bazarda mal sata bilməməsi ətrafında oldu. “Ona görə də burada əsasən, yaşlı insanlar işləyir”,  o deyir. “Gənc nəsil bu işin öhdəsindən gələ bilmir. Onlar üçün bazar işi çətindir,  həm də buralar kir-pasdı. Bəzən buradan keçəndə iy gəlməsin deyə, burunlarını da tuturlar. Bazarda mal satmaq üçün çox şeyi təşkil edə bilməlisən. Supermarketdə işləməyə nə var ki… Orada hər şey asandı. Cavan qızlar ancaq bir işi görürlər, ayın sonunda da maaşlarını alırlar. Burada gördüyün qadınların əksəriyyəti cavan vaxtlarında gəlib, yavaş-yavaş işi götürüblər”.

Bazarda hər kəsin hekayəsi ilə maraqlansam da, əsasən 2015-ci ildə şəkillərini çəkdiyim bəzi insanları tapmağa can atırdım. Məsələn, Rasim adlı satıcı. Ona yaxınlaşanda əvvəlcə “hər növ quş var” - deyə, müraciət edərək mallarını mənə satmağa çalışdı. Ancaq ona 2015-ci ilə aid fotolarını göstərəndə həyəcanlandı. Bir az sonra bazarda onun piştaxtasının yan-yörəsindəki hər kəs mənim haqqımda, fotolar və çəkiliş layihəm haqqında məlumatlı idi.

Bir müddət gəzişdikdən sonra, nəhayət, bazarda ilk səfərimdən xatırladığım dağları görə biləcəyim yeri tapdım. Oradakı piştaxtaların birinin arxasında işləyən Rəfiqə xanımla tanış oldum. Dağlara baxdığımı görüb mənə yerli coğrafiya haqqında məlumat verməyə başladı: dağlar Kiş Dağı kimi tanınırdı, çəmənliklər Xan Yaylağı adlanırdı, onun öz adı isə “dost” mənasını verirdi. Söhbət əsnasında Rəfiqə xanım çap etdirdiyim şəkillərə baxdı və ordakı insanların çoxunu tanıdı. Onlardan biri Qələm xanım idi. İllərdir bazarda gözə dəymirmiş. Bir başqası da xəstələnəndən sonra alver işindən uzaqlaşmış kişli Məlahət xanım idi. Nəhayət, o, hələ də satıcı işləyən Validə xanımı tanıdı. Söhbətimizi bitirdikdə Rəfiqə xanım mənə bazarda rastlaşdığı bir yapon cütlük tərəfindən çəkilmiş Polaroid şəklini göstərdi. 

Bazarın çıxışına gedərkən daha 2015-ci ildə söhbət etmədən şəklini çəkdiyim Rasim Orucovla da tanış oldum. Çıxışdan 150 metr aralıda, yenə isti günəş işığında siqaretdən zövq alaraq maşınının yanında oturan Rasimə rast gəldim. Şəkidə köməyə ehtiyacımın olub-olmadığını soruşdu, avtovağzala necə gedə biləcəyimi göstərdi və vidalaşdıq.

Satıcılardan biri səhər tezdən “Təzə Bazar”ın girişinin yaxınlığında öz piştaxtasını hazırlayır. (Şə ...
Satıcılardan biri səhər tezdən “Təzə Bazar”ın girişinin yaxınlığında öz piştaxtasını hazırlayır. (Şəki, 2021)
Bir bazar günü qəssab bazarda müştərilərini gözləyir. (Şəki, 2015)
Bir bazar günü qəssab bazarda müştərilərini gözləyir. (Şəki, 2015)
2015-ci ildə çəkdiyim bu fotoda qadınlar nahar fasiləsinə çıxıblar. Hazırda fotodakı qadınlardan heç ...
2015-ci ildə çəkdiyim bu fotoda qadınlar nahar fasiləsinə çıxıblar. Hazırda fotodakı qadınlardan heç biri bazarda işləmir. (Şəki, 2015)
Satıcı istirahət edir. (Şəki, 2015)
Satıcı istirahət edir. (Şəki, 2015)
65 yaşlı Rəfiqə xanım bazarda qarışıq mallar satır. (Şəki, 2021)
65 yaşlı Rəfiqə xanım bazarda qarışıq mallar satır. (Şəki, 2021)
Yapon turistlər tərəfindən Rəfiqənin 2020-ci ildə çəkilən polaroid şəkli. (Şəki, 2021)
Yapon turistlər tərəfindən Rəfiqənin 2020-ci ildə çəkilən polaroid şəkli. (Şəki, 2021)

“Özüm Kiş kəndindənəm. Uşaqlıqda çox qalxmışam o dağlara. 8 sinif oxumuşam, sonra ərə getmişəm, 3 qız və 2 oğul böyütmüşəm, indi 11 nəvəm var. Buna baxmayaraq, bilikliyəm. Mənim qızlarım isə oxuyub. Biri Bakıda, biri də xaricdədir. Yoldaşım rəhmətə gedəndən sonra bu işlə məşğulam. Özüm alverçi deyiləm, heç xoşum gəlmir bu məşğuliyyətdən. Alma, quru zoğal, zəncəfil alıb-satıram. Bura xaricilər tez-tez gəlir. Hətta biri şəklimi də çəkmişdi. Yaponiyadan bir qadın idi. Birini mənə verdi, digərini dedi Yaponiyada böyüdüb divardan asacaq”, Rəfiqə deyir.

70 yaşlı Tamara bazarda əl işi çantalar satır. (Şəki, 2021) “24 yaşından işləyirəm. Əvvəl dövlət işində - tekstil zavodunda işləmişəm. Ondan əvvəl də tütün istehsalında. 1995-ci ildə dövlət işindən çıxdım, bazarda işləməyə başladım. Özüm “meşok” alıram, iki yerə bölüb bunları tikirəm. Hərdən elə olur ki, gecə-gecə fanar ilə işıq salıb, iynə-sap ilə işləyirəm”.
Qələm xanım 2015-ci ildə bazarda işləyirdi, amma 2021-ci ildə ora baş çəkəndə artıq yox idi. (Şəki, 2015)
Məlahət xanım Kiş kəndindəndir. 2015-ci ildə orada olduğum zaman bazarda satıcı idi, amma xəstəlik səbəbindən 2018-ci ildən bəri işləmir. (Şəki, 2015)
Məlahət 2015-ci ildə bazarda işləyirdi, lakin sonra yerli xəstəxanada işləməyə başlayıb. (Şəki, 2015)

“Mən əvvəl geyim fabrikində işləmişəm. Konveyerdə 32 qadın şalvar və paltar tikirdik.

Sonra övladlarım böyüdü, evləndilər, 50 yaşım olanda buraya gəldim. Bütün bu mürəbbələri, turşuları, şirələri və sousları özüm hazırlayıram, yalnız süd məhsullarını satın alıram. Baxmayaraq ki, pensiya alıram, ərim baş mühəndis, oğlum restoranda işləyir, ancaq yetmir. Bu cür qazanc əldə etmək isə çox çətindir, xüsusən son iki ildə. İki qızım, bir oğlum, səkkiz nəvəm və dörd nəticəm var”, Fatimə xanım deyir.

Fatimə xanım 70 yaşındadır və evdə hazırlanan mürəbbələr, turşular, şirələr və souslar satır. 2000-c ...
Fatimə xanım 70 yaşındadır və evdə hazırlanan mürəbbələr, turşular, şirələr və souslar satır. 2000-ci ildən bazarda işləyir. (Şəki, 2021)
61 yaşlı Lətafət bağında yetişdirdiyi məhsullardan tutmuş, düyüyə qədər bazarda müxtəlif mallar satı ...
61 yaşlı Lətafət bağında yetişdirdiyi məhsullardan tutmuş, düyüyə qədər bazarda müxtəlif mallar satır. (Şəki, 2021) “Bazardan əvvəl tütün plantasiyasında işləyirdim. 1995-ci ildən burdayam. Əsasən öz bağımızda yetişdirdiyimizi satıram. Düyünü isə alıram. Bazar hər gün açıqdır. Səhər saat 7-8-dən 2-3-ə kimi burdayıq”.
Rasim ev quşları saxlayır və satır. (Şəki, 2015)
İndi 55 yaşında olan Rasim hələ də bazarda toyuq satışı ilə məşğuldur. (Şəki, 2021)

“İndi yaşım Şəki nömrəsidir. Həmişə alver işində olmuşam. 80-ci illərdə böyük topdansatış mağazam olub. Dövr dəyişdi, satış zəiflədi və oranı bağlamaq məcburiyyətində qaldım. Sonra bu işə girişdim və 20 ildir məşğul oluram. Burada hər növ quş var. Toyuq, xoruz, lal ördək, hind quşu alıb, 3-5 manat xeyirinə satıram. Təzə-təzə dovşan da satmağa başlamışam”, Rasim deyir.

Rasimin xarakterinə zidd olan bir alverçi onun tam qarşısında işləyirdi. Səssizcə qəlyanına yerli tütün doldurub çəkir, zarafat etmir və başqaları ilə danışmırdı.

63 yaşlı Vaqif də toyuqlarını bazarda satır. (Şəki, 2021)
Vaqif müştəri gözləyə-gözləyə tütün çəkir. (Şəki, 2021)

“1975-ci ildən - artıq 46 ildir ki, təmir işi ilə məşğulam. Qış aylarında, təmir olmayanda öz toyuqlarımı satışa çıxarıram. Bu məşğuliyyət o qədər də maraqlı deyil, yorucudur. Cürbəcür adam gəlir - biri ciddi, biri əsəbi, hamı ilə dil tapmaq lazımdır ki, iş getsin. Təmir işində də elədir, sadəcə başda bilirsən ki, necə adamdır, sonra ona görə öz işinlə məşğul olursan”, Vaqif qeyd edir.

Validə xanım 2015-ci ildə bazarda tərəvəz satırdı. (Şəki, 2015)
2021-ci ildə onunla rastlaşanda Validə xanım turşu satırdı. (Şəki, 2021)

“1955-ci il təvəllüdlüyəm. Aprelin 20-də Lenin ilə bir gündə doğulmuşam. 25 il İpək Kombinatında işləmişəm. Sovet dağıldı, kombinat bağlandı. Bir az evdə oturdum, sonra isə bazara gəldim. 1996-cı ildən burda işləyirəm. Turşuları gəlinim düzəldib göndərir, digər malları alıram. Beləcə dolanırıq. 2015-ci ildən indiyə kimi vəziyyət çətinləşib, satış zəifləyib. Karantin vaxtı bazar bağlı idi. Bir müddətdən sonra yaşlıların hamısını apardılar, iynə vurdular, sonra yenə işə çıxdıq”, Validə xanım bildirir.

Nabat xanım bazarda iş başında (Şəki, 2015)
62 yaşlı Nabat xanım qışda qarışıq mallar satır. Onun arzusu Şuşaya səfər edə bilməkdir. (Şəki, 2021)

“10 il oxudum, sonra tütün plantasiyasına işə düzəldim. Plantasiya bağlanana kimi orada işlədim. 2001-ci ildən bazardayam.

Özüm Şəkidənəm, Baltalı kəndindən. Amma bir arzum var, Şuşaya yol çəkilənə kimi sağ qalım. Yoldaşım ilə balaca maşınımız var, danışmışıq, yol açılan kimi benzin vurub gedəcəyik”, Nabat xanım qeyd edir.

Rasim Orucov əl arabası ilə Vüqarın mallarını daşıyır. (Şəki, 2015)
65 yaşlı Rasim Orucov hələ də bazarda işləyir. (Şəki, 2021)

“Sovetin vaxtı illərlə yük maşını sürmüşəm. Rejim dağıldı, maşını təhvil verdim. 2000-ci ildən bu vaxta qədər 20 ildir bazarda araba sürürəm”, Rasim deyir.

Zərqələm 2015-ci ildə bazarda işləyirdi, lakin uzun müddətdir bazarda olmur. (Şəki, 2015)
Zərqələm 2015-ci ildə bazarda işləyirdi, lakin uzun müddətdir bazarda olmur. (Şəki, 2015)


Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.



“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. Biz hazırda "Rəqəmsal izlər" mövzusu üzərində işləyirik. Həyatımızda mühüm rol oynayan kompüterlərin, tabletlərin və mobil tətbiqlərin rifahımıza, münasibətlərimizə, icmalarımıza və cəmiyyətlərimizə necə təsir etdiyini - rəqəmsal bir dövrdə yaşamağın nə demək olduğunu araşdırırıq. Sizin ianəniz bu mövzu üzərində işləyən əməkdaşlarımıza dəstək üçün istifadə olunacaq.
ianə verin