“Sanki böyük bir oyunda iştirak edirdik”

Fotoqraf: Vaqinak Qazaryan

09.11.21

Koronavirus pandemiyasının başlanğıcında və sonrakı dövründə dünyaya yeni körpə gətirən Cənubi Qafqaz anaları hansı reallıqla üz-üzə qalıblar? Azərbaycan, Ermənistan və Gürcüstandan olan fotoqraflar bu sual ətrafında vizual tədqiqat aparıb, analığın reallıqları barədə qadınlarla söhbət ediblər.

Bu birgə foto-layihə qadınların məhrəm portretini təqdim edir və son 20 ayın ağrılarının, fədakarlıqlarının və gözlənilməz sevinclərinin onlara və uşaqlarına necə təsir etdiyinə dair fikirlərini əks etdirir.

Bəziləri üçün pandemiya dövrü uşaqlarından və ya valideynlərindən ayrı düşmək, güvəndikləri dəstək sistemlərini itirmək demək idi. Digərləri üçün o, həftələr boyu artan risk və qorxuya səbəb olub. Bəxti gətirənlər üçün isə pandemiyadan irəli gələn hərəkət məhdudiyyətləri həyatın sürətini azaltmalarına və diqqətlərini dağıtmadan valideyn olmağın sehrli xaosundan həzz almağa imkan verib.


Piruza Xalapyan (38 yaş), Akop (38 yaş), Laura (86 yaş), Karpis (7 yaş), Qabriyel (4 yaş)


Həyat yoldaşı Akop karantin dövründə işlədiyi üçün fotoqraf Piruza Xalapyan valideynlik yükünü tək çəkməli olub.

“Çətin idi. Böyük oğlum Karpis təzəcə məktəbə getməyə başlamışdı və birinci sinfə getmək həyəcanı karantinlə nəticələndi. Ümumiyyətlə, karantin hamımız üçün böyük problem idi. Bu proses başa çatdıqdan sonra başa düşdüm ki, heç vaxt gözlənilməz vəziyyətləri gözardı etməməlisən və rahat olmağa çalışmalısan. Qəribə bir şəkildə biz evdə oturduğumuz yerdə sanki tələyə düşdük. Beləcə, gülünc görünə biləcək dərin bir depressiyaya girdik”.

“Xarici mətbuatda bir problem haqqında eşitmək başqa cür təsir edir, öz şəhərinizdə olanlar başqa cür. [...] Yağış yağanda [karantin zamanı] Karpis və Qabriyel çətirləri götürür, rezin çəkmələrini geyinir və balkona çıxırdılar. Onlar çətirin altından başlarını çıxarıb islanırdılar, elə bil həyətdə oynayırdılar”.

“Həyat yoldaşımla bir həftə evdə qaldıq. Ondan sonra yoldaşım həmişə işə gedib, mən isə evdə uşaqlarımla baş-başa qalmışam. “Covid” mənə süni bir hiss bağışlayıb, sanki uydurma, tam formalaşmamış süni bir məxluq idi. Mən onu plastik materialla asossiasiya edirəm - plastikin yox olması uzun illər çəkir, təbiət onu assimilyasiya etmir, ona görə də “Covid” də görünür ki, uzun müddət yox olmayacaq. Həmin vaxt mətbəxdə özümü sakit hiss edirdim, bu gülməli idi, çünki əvvəllər belə hiss keçirməmişdim. “Covid” zamanı buradakı pəncərə çox xoşuma gəlməyə başladı”.

“Covid” zamanı çoxlu qəhvə içməyə başladım. Karantin zamanı ən çox istifadə etdiyim şeylər hədiyyə olaraq aldığım fincan, kameram və gün ərzində baş verənlər haqqında yazdığım gündəlik idi. Əvvəllər belə bir təcrübəm olmayıb. Fotoqraflar həmişə başqalarının şəklini çəkirlər, amma biz fotoqraf olaraq özümüzü, şəxsi məkanımızı öyrənmirik. Bu müddət ərzində evimi, ailəmi və özümü öyrənməyə başladım. Bu həm də onu sənədləşdirməklə həmin çətin vəziyyətdən çıxmağın bir yolu idi. Düşündüm ki, uşaqlar böyüyəndə bu günlərlə bağlı maraqlı foto xatirələri olmalıdır”.

"Ən çətini bu xəstəliyin anlaşılmazlığı, dalğalanmaları, nəzarət altında saxlana bilməməyi idi. Bəzən yaxşı olursan, bəzən daha da pisləşirsən. Sanki böyük bir oyunda iştirak edirdik, amma bundan xəbərimiz yox idi”.


Lusine Mkrtçyan (39 yaş), Vardan (42 yaş), Ani (10 yaş), Van (7 yaş), Nuşak (4 yaş)


 

Lusine Mkrtçyan və ailəsi karantinə Yerevandan təxminən 50 kilometr aralıda yerləşən kurort şəhəri Tsaxkadzorda ailənin otelində başlayıb. Ancaq o, uşaqları ilə paytaxta qayıtmalı olduqdan sonra həyat çətinləşib.

“Karantinin əvvəlində mən Tsaxkadzorda idim. Otelimizdə bizdən başqa heç kim yox idi. Əvvəllər gərgin iş cədvəlim və həyatım imkan vermirdi ki, uşaqlarımla tez-tez vaxt keçirim... “Covid” bizə ətrafımızdakı insanların varlığını, məşğul olduğumuz üçün itirdiyimiz diqqəti xatırlatdı. Özümü tək hiss etmirdim... Bu, əvvəllər mümkün olmayan bir azadlıq möcüzəsi idi. Parlaq bir dövr idi”.

“Sonra hər şey dəyişdi. 2020-ci ilin sentyabrın 21-də mən də daxil olmaqla, bütün xor ansamblımız xəstələndi. Məktəblər bağlandı və praktiki olaraq eyni vaxtda - ayın 27-də müharibə başladı. Dəhşətli idi... 

Mən xəstə olanda ərim yemək gətirib, qapının ağzında qoyurdu, evə girmirdi. O, başqa bir şəhərdə - Tsaxkadzorda oteldə işləyirdi, orda Artsaxı [Qarabağı] tərk etmiş qocalara sığınacaq verirdilər. Onlara virus keçirməmək üçün özünü qorumağa çalışırdı. Gücüm tükənmişdi, çünki üç övladıma baxmalı, onlayn işləməli, ev işləri ilə məşğul olmalı idim. Məndə pnevmoniya var idi. Tsaxkadzorda karantin zamanı gecə yataqda kölgə teatrı səhnələşdirirdik. Ancaq Yerevana çatanda evə qapanmalı olduq və uşaqların səsləri, onların davaları, cizgi filmləri və onlayn dərsləri ilə əhatə olunduq”.

“Adi həyatınızın forması dəyişir... Mütəmadi təşviş hissi var. Aramsız panika. “Covid” bəzən müharibə ilə, müharibə xəbərləri ilə əlaqələndirilirdi… Xəstə ikən daim cəbhə xəbərlərini izləyirdim. Ev də, böyük dünya da qorxulu olmuşdu. Sanki kimsə başqalarının yerinə qərar verir ki, kim yaşamalı, kim yaşamamalıdır”.

“Mən [xəstə olanda] ən çox arzuladığım şey yatmaq idi. Uşaqların səs-küyü məni narahat edirdi, amma onlar daha da əldən düşməyimə imkan vermədilər, məni o dünyadan gətirdilər.

Mən daha güclü valideyn olmaq istəyərdim, amma qorxu hiss edirdim. İnfeksiyanın uşaqlara keçəcəyindən qorxduğum üçün evdə maska taxırdım. Başqa hansı profilaktik tədbirlər görəcəyimi bilmirdim”.

“Dünya əvvəllər düşündüyüm kimi deyil. Mən bu müddət ərzində sadəlövhlüyümü kəşf etdim, keçmişdə həmişə dünyaya inamla yanaşmışam”.


Lusine Qevondyan (41 yaş) və Monika (8 yaş)


Rəssam Lusine Qevondyan tək anadır. O, koronavirusa yoluxanda qızının sağlamlığına təhlükə yaratmamaq və özünə qulluq etmək üçün çıxış yolu tapmalı idi.

“2021-ci ilin 16 sentyabr tarixində test nəticəm müsbət çıxdı. Sentyabrın 13-dən qızdırmam vardı, amma Covid haqqında düşünmürdüm. Mən heç vaxt xəstələnmirəm, evdə termometr belə yoxdur... Təcridin ilk günləri necə yaşayacağımla bağlı ciddi qorxular ortaya çıxırdı. Mənə yemək istəmədiyim yeməyi gətirirdilər, amma heç nə məndən asılı deyildi, hər şey mənim nəzarətimdən çıxmışdı və gücsüz idim, heç nəyi dəyişə bilmirdim. Ağlayırdım".

“Təcrid dövründə başa düşdüm ki, əvvəllər başqalarının həyatına, vaxtına və qayğılarına əhəmiyyət vermirmişəm. Bundan sonra insanlara və onların gərgin iş qrafiklərinə hörmət etməyə başladım”.

“Covid”dən sonra vaxt məfhumunun mənasını dərk etməyə başladım: təkcə özüm üçün deyil, qohumlarım üçün də. Əvvəllər mən heç vaxt başqalarının da işi-gücü olduğuna fikir vermirdim, yalnız öz məşğuliyyətimdən xəbərdar idim. İndi başa düşürəm ki, ən çox ehtiyac duyduğumuz şey bu gün və bu məqamdır. Həyatda sahib olduğum hər şeyin qədrini bilməyə başladım.

Mən boşanmışam, iki böyük oğlum var. Mən onlarla yaşamıram, amma bu müddət ərzində onlardan çox istilik və qayğı gördüm. Sadəcə bütün qohumlarımı qucaqlaya bilməməyim ağır idi.

Bu dövr üçün ona görə darıxacağam ki, mənə var olmaq şansı verildi. Bu dövr üçün ona görə darıxacağam ki, balaca uşağımı daha qucaqlamaq fürsətim oldu”.

“Qızım Monika qaranlıq mağaramın işığı idi. İzolyasiya dövründə Monika rəsm çəkir, nağıllar danışır və pişiyə qulluq edirdi - pişik onun qayğısına qalırdı. Monikanın hərarəti qalxanda və ya özünü pis hiss edəndə pişik onun yanından ayrılmırdı. Monikanın yanında uzanıb yatardı - elə bil uşağımın dayəsi idi. Bu müddət ərzində Monika müstəqil davranmağa başladı. İlk dəfə bizim üçün salat hazırladı və təkbaşına bazarlığa getdi.

Bu prosesdə müəyyən şeylər qarşısında aciz olduğumu qəbul etməyi, burada və indi baş verənləri qəbul etməyi öyrəndim. Bu, mənim üçün ən vacib kəşf idi”.

 


Kristin Baqdasaryan (49 yaş), Avetis (15 yaş) və Qohar (70 yaş)

Kristin Baqdasaryan iki dəfə Covid-19-a qalib gəlib, bütün bu müddətdə qocalmış anası və yeniyetmə oğluna qulluq edib.

“İlk dəfə 2020-ci ilin fevralında xəstələndim. Antibiotiklər kömək etmirdi, nəfəs ala bilmirdim. Sağ ağciyərimə su yığılmışdı. 25 gün yüksək hərarət içində oldum. Xəstəxanalarda yer yox idi. Nəhayət, məni xəstəxanaya aparıb dərhal təcili yardım otağına köçürdülər. Fikirləşdim ki, bacarmayacam. Səbirsizlikdən ağladım, heç vaxt bu qədər ağlamamışdım. Bacıma zəng vurub dedim ki, oğluma baxsın. Bunun son olduğunu düşündüm. Oğluma dedim ki, “xalan sənə baxacaq, sən də nənənə [Qohara] yaxşı baxmalısan”. O vaxt oğlumun 13 yaşı var idi”.

“O dövrlə bağlı müsbət məqamlar da var idi. Evdə qalmaq maraqlı idi. Mən həmişə işləyirəm, evə gec gəlirəm. Tez-tez bir neçə günlük ezamiyyətə gedirəm. Və oğlumla bir-birimiz üçün çox darıxırıq. Karantin isə uzun müddət evdə qalmaq üçün bir fürsət idi. Bu qədər uzun müddət evdə qalmaq imkanım olmayıb. Bu, virusdan sonra sağalmağıma kömək etdi. Bu, bizi sakitləşdirdi və bir-birimizə yaxınlaşdırdı”.

“2021-ci ilin aprelində ikinci dəfə xəstələndim. Bu dəfə bütün ailə üzvlərim yoluxdu. Səhhətim yenidən pisləşdi: dad və qoxu hissimi itirdim, yenidən pnevmoniya keçirdim. Bu dəfə özümüzü evdə müalicə etdik. Oğlumda traxeya var idi. Mən təşviş keçirirdim, çünki o, saksafon çalır və bunun uşağımın dərslərinə necə təsir edə biləcəyinə, özünə və məşqlərinə yaratdığı əngəllərə görə narahat idim. Oğlum karantin dövrü ilə bağlı olduqca sakit idi. Tez-tez məni sakitləşdirir, hər şeyin yaxşı olacağını deyirdi. O, musiqiçi olmaq istədiyi üçün karantindən yararlanaraq daha çox məşq etmək imkanı qazandı. O, yalnız dostları üçün darıxırdı və onlarla onlayn əlaqə qururdu. Nəticə olaraq, oğlum bu periodda musiqi ilə bağlı müsbət nəticələr əldə edib. 2020-ci ilin noyabrında o, onlayn olaraq iki böyük beynəlxalq müsabiqədə iştirak edib [və mükafatlar qazanıb]”.

“Dünyanın nizamı Coviddən sonra dəyişib sanki. Amma biz ermənilər üçün Covidə müharibə də əlavə olundu və biz Covid-i unutduq. İnsanlar donub qalıblar, buna biganədirlər. İnsanlar yorulublar. Siz buna məhəl qoymamağa başlayırsınız. Məndə Covid ilə əlaqəli bir sünilik hissi var. Qlobal miqyasda apokaliptik hisslər oyatdı. Bir gün... İki gün… Bir ildən sonra keçəcəyini gözləyirsən... Amma keçmir”.

 

Layihənin Azərbaycan və Gürcüstandan hazırlanmış hissələri aşağıdadır:

“Fırtınada dənizə girmək”

"İnsanları maskalı görmək..."

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin