Bakı küçələri LGBTQİ+ üçün təhlükəsizdirmi?

Müəlli̇f: Ramil Zamanov, , Fotoqraf: Emin Mathers
30.01.22
Buraxılış: Qonşuluq
Mövzu: LGBTQI+

Bu esse üzərində işləməyə başlayanda planım Bakıda kafelər, barlar, restoranlar, küçələr və təşkilatlar da daxil olmaqla, LGBTQİ+ üçün təhlükəsiz məkanlar haqqında yazmaq idi. Ağlımda xüsusi bir məhəllə tutumuşdum. O məhəllə ki, burada yerli sakinlərin, obyekt sahiblərinin queerlərə (gender fəalları kuir və ya kvir olaraq iki versiyada Azərbaycan dilinə uyğunlaşdırıblar) açıq olmalarını müşahidə edirdik. Bizə elə gəlirdi ki, o küçə şəhərin LGBTQİ+ sakinləri üçün təhlükəsizdir. Amma bu yaxınlarda mənə və dostlarıma qarşı edilən queerfobik hücumdan sonra anladım ki, Bakıda təhlükəsiz məkan anlayışı aldadıcıdır.

Uzun müddət idi ki, Bakının mərkəzindəki İslam Səfərli küçəsi qapısını queerlərə açmış barlar, pivəxanalar və restoranlarla sanki gizli bir cənnət idi. Burada Bakının queer sakinlərinə və oxşar düşüncə tərzinə malik insanlara rast gəlmək olardı.

2021-ci ilin yayında bu küçəyə gəldiyimi və “Platforma” adlanan barın qarşısında əylənən bir çox fəal və queerlə görüşdüyümü xatırlayıram. Yayda içəri çox isti olduğu üçün hər gecə “Platforma”nın qarşısına yığışırdıq. Düzdür, axşam saat 10-dan sonra gənclərin səs-küy salması yerli sakinlərlərin xoşuna gəlmir. Dəfələrlə polis çağırıblar. Buna baxmayaraq, bu küçə bir çox queerlər və fəallar üçün Bakıdakı ən təhlükəsiz yer sayılırdı. Bu məhəllədə insanlar özlərini açıq şəkildə ifadə edə bilirdi.

Əksər queerlər kimi mən də düşünürdüm ki, Bakının nisbətən az inkişaf etmiş ərazilərində (Həzi Aslanov, Memar Əcəmi, 20 Yanvar və s.) baş verən queerfobik hücumlar heç vaxt yüzlərlə mütərəqqi insanın əylənməyə gəldiyi şəhər mərkəzində baş verə bilməz. Bu, bir çoxumuz üçün vacib olan nadir və təhlükəsiz bir cənnət idi, çünki heç kim əylənmək üçün özünü təhlükəyə atmaq istəmirdi. Bakıdakı digər təhlükəsiz gecə əyləncəsi məkanları isə işçi təbəqədən olan queerlər və fəallar üçün çox baha görünür. İslam Səfərli küçəsi həm də uyğun qiymətlər baxımından çoxuna əlverişli idi.

Amma hər şey payızda Bakıdakı dostlarıma baş çəkməyə gedəndə dəyişdi. Həmişəki kimi İslam Səfərli küçəsində əylənmək qərarına gəldik.

Dostlarımla saat 00:10 radələrində “Platforma”nın qarşısında dayanmışdıq ki, bir oğlan mehribancasına bizə yaxınlaşaraq Cümə gecəsi və əyləncəsi haqqında danışmağa başladı. O, “Mən homofob deyiləm, amma oğlanlarla yatmağı sevmirəm” dedi. Sonra isə bizdən uzaqlaşdı və dostumuz Aqil bizə qoşuldu. 

İçkili olan Aqil həmin şəxslərin narkotik alverçisi ola biləcəyindən narahat idi. Beləliklə, yavaş-yavaş İslam Səfərli küçəsinin o biri tərəfinə, “Platforma”nın qarşısına keçdik. Söhbət edirdik ki, ikinci “narkotik alverçisi” də gəldi. Boyu təxminən 1.60 sm olardı və nəşəli görünürdü. O, israrla Aqildən ona içki almasını istəyirdi. Biz həmin yeri tərk etmək qərarına gələndə üçüncü oğlan bizə yaxınlaşdı. Boyu təxminən 1.80 sm, bədəni əzələli idi. O, Aqilin  bizə “narkotik alverçilərindən” narahat olmamağımızı deməsini eşitdi və qəfildən Aqilin burnuna yumruq vurdu. Aqilin burnundan qan axmağa başladı. O, dərhal polis və təcili yardım çağırdı. Mən isə Aqil üçün salfet almaq üçün yaxınlıqdakı mağazaya qaçdım.

Mağazadan çıxanda gördüm ki, hər üç şəxs başqa bir dostumuz Kamrana hücum edir. Kamran isə onları kameraya çəkməyə çalışır. Oğlanlar qaçmağa başlayanda Kamran və Aqil onların arxasınca getdilər. Daha sonra həmin şəxslər Aqilin üstünə atılaraq onu döyməyə başladılar. Kamran onlarla döyüşmək istəyəndə, biri onu vurdu.

Bütün bunlar baş verərkən, ərazidə olan heç kim reaksiya vermir və müdaxilə etmirdi. Mən şok vəziyyətində idim. Ətrafımızda gender, sülh və digər məsələlərə görə beynəlxalq təşkilatlarla əməkdaşlıq edənlər və digərlərinin olduğu 20-yə yaxın şahid var idi. Hamısı da dayanıb üç nəfərin Aqillə Kamranı döymək cəhdlərinə tamaşa edirdi. Mən qışqırmağa başladım ki, “camaat, bizə kömək edin!!! Polisə zəng edin!” Əvəzində isə həmin oğlanlardan biri gəlib məni də vurdu. Daha sonra isə qaçıb ərazidən uzaqlaşdılar. Zədə almağıma baxmayaraq, ağlıma gələn tək şey yolda uzanıb qalmış Kamran və Aqili xilas etmək idi. Nəhayət, onlar ayağa qalxdılar və bizə hücum edənləri təqib etməyə başladılar. Bu isə növbəti döyülmə ilə nəticələndi. Polis maşınını görəndə onları saxlamağa məcbur etdim və baş verənləri danışdım. Polislə aramızda olan dialoq narahatedici olduğu qədər də, gülməli oldu.

1-ci polis: Burada nə baş verib? Bizi nə üçün saxlatdınız?

Mən: Polisə zəng etmişdim. Bizə kömək edin.

2-ci polis: Bağışlayın, amma bura bizim ərazi deyil. Biz sadəcə yoldan keçirdik, ona görə də sizə kömək edə bilmərik. Çağırdığınız polisin gəlməsini gözləyin.

3-cü polis: Onlar nə üçün sizə hücum etdilər? Bəs siz nə üçün onları vurmadınız? Siz də onları vursaydınız, problem həll olunardı.

Onların məsələyə bu cür yanaşması Azərbaycan polisinin necə işlədiyinin parlaq nümunəsi idi. “Kişi” olaraq biz özümüzü “hücum edənlərdən” “qorumalı” idik. Ən etibar edilməli hakimiyyət nümayəndələrinin belə gender stereotipləri və etiketlənmədən xəbərsiz olduğunu görmək təəssüf doğurur. Polis bizi qorumaq əvəzinə, üstümüzə hücum edənləri döyməyimizi istəyirdi. Belə görünür, Azərbaycan “cəngəllik qanunları” ilə idarə olunur. Həmişə güclü olan qalib gəlir.

Buradan məlum olur ki, Azərbaycan polisi izdihamı və mitinqləri dağıtmaq üçün insanlara dəyənək və bibər qazı ilə hücum etməyə hər zaman hazırdır. Lakin dinc vətəndaşlar hücuma məruz qalanda həmin polislərin heç biri bizə kömək edə bilmədi. Əraziyə “məsul” polislərin gəlişi isə 20 dəqiqə çəkdi. Bizi polis bölməsinə apardılar.

Ora çatanda dostum Aqil məndən evə getməyimi istədi. Polis bölməsindən çıxıb 10 dəqiqəlik piyada məsafəsində yerləşən mənzilimə yollandım. Saat gecə 2 radələri olardı. Şəhərdə gəzməyə yaman qorxurdum. Həmin 10 dəqiqə, bəlkə də, həyatımın ən qorxulu anları idi. Mənim üçün yanımdan keçən hər kişi bizə hücum edən həmin o üç nəfərə bənzəyirdi və ayaqlarım elə əsirdi ki, zorla hərəkət edirdim.

Nəhayət, sağ-salamat evə çatdım. İçəri girən kimi başımıza gələn hadisənin təsirindən yerə çökdüm. Şok vəziyyətindəydim, çətinliklə hərəkət edirdim. Bu, mənim indiyədək yaşadığım ən travmatik gecə idi. Hadisəni travmatik edən isə bizə olan hücuma ətrafdakıların biganəliyi idi. 

Əvvəllər İslam Səfərli küçəsində vaxt keçirdikcə bizdə buranın queerlər üçün təhlükəsiz olduğu fikri yaranmışdı. Lakin baş vermiş hücum göstərdi ki, belə deyil. Bakıda queer məkanların coğrafiyası çox tez-tez dəyişir, çünki Azərbaycanda queerfoblar və bizə hücum edə biləcək şəxslər daim ətrafımızda olur. Artıq Bakıda təhlükəsizliklə bağlı narahatlıqlarım artıb. Küçələrdə mənzil başına sağ-salamat çatıb çatmayacağını düşünmədən gəzmək olmur.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin