Keçən ilin iyun ayında təsadüfən öyrəndim ki, anam Mahizər Kazımova döş xərçəngi xəstəsidir.
35 il tibb bacısı olan anam özünü müayinə zamanı döşündə şişlər aşkar edib, lakin qorxuları ilə bizi yükləmək istəməyib. O, şübhələrindən əmin olmaq üçün təkbaşına həkimə getməyə qərar verib. Bu barədə eşidəndə o qədər qorxmuşdum ki…Göz yaşlarım sel olmuşdu. Lakin yenə də mənə təsəlli verən anam özü oldu: “Mən hələ sağam”, dedi. “Ümid var…”
Hətta dəhşətli diaqnoz qoyulduğu halda belə, anamın mənə qayğıkeş reaksiyası təəccüblü deyildi. Bütün həyatım boyu anam öz ömrünü, enerjisini və vaxtını ailəsinə və uşaqlarına həsr edib – bütün patriarxal cəmiyyətlərdəki əksər qadınlar kimi. Son bir ildə isə ailəmizdə vəziyyət yavaş-yavaş dəyişdi. Nəhayət, biz ona qulluq etməyi öyrənməyə başladıq.
Peşə fəaliyyəti boyunca eyni simptomları olan xərçəng xəstələrinə qulluq etsə də, indi özü yemək və ya içməklə bağlı çox vaxt əziyyət çəkir.
“Ağır kimyaterapiya dərmanları xərçəng xəstələrinin ağzının dadını dəyişdirir, yemək yeməyini çətinləşdirir. Ona görə də mən hər dəfə xərçəng xəstəsinin evinə sistem qoşmaq üçün gedəndə onlara dovğa hazırlayardım ki, həm qatıq onların orqanizmindən zəhəri çıxarsın, həm də yeyib az da olsa, özlərinə gəlsinlər”, - deyə anam izah edir. Mən indi onu məcburən yedizdirəndə yadıma düşür ki, biz də xəstələnəndə yemək yeməyimiz üçün necə yalvarırdı.
Biz xəstələnəndə anam sağaltmaq üçün əlindən gələni edərdi. Ümumiyyətlə, anamın xəstəliyi keçmişdən çoxlu xatirələr oyatdı. Anam ağrıdan gecələr yata bilmirdi, ona görə də qardaşımla gecələr yuxudan durub onu yoxlayırdıq. Niyə yata bilmədiyini soruşanda anam narahat olmamağımız üçün “Gündüz yatmışam, indi yata bilmirəm” deyirdi. Amma yadımdadır, birimiz xəstə olanda anam sağalana qədər başımız üstündə durar, yuxuya getməzdi.
Artıq bir ilə yaxındır ki, müalicə alan anam deyir ki, kimyaterapiyanın yaratdığı ağrı çox güclüdür. “Hər yerim, xüsusən də ayaqlarım ağrıyırdı”.
Ürəkbulanmadan heç nə yeyə bilmədiyini, ağrılar içində qovrulduğunu görmək mənim üçün işgəncə idi. Təsəvvür edin ki, dünyada ən çox sevdiyiniz insan necə əziyyət çəkir, sizinsə əlinizdən heç nə gəlmir.
Həkim anama əsəbləşməməyi, istirahət etməyi, gəzməyi məsləhət görür. Qardaşım qızı Ayla onun yanında vaxt keçirir.
Ağrılarına və iztirablarına baxmayaraq, hər dəfə onkoloji xəstəxanaya gedəndə anam müsbət enerjisini ordakı digər pasiyentlərlə bölüşür. Xəstəlik haqqında bildiklərini danışır, onlara ümid verir. Anam səhiyyə işçisi olduğu üçün digər xəstələri asanlıqla ümidləndirə bilir.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin