Növbəti stansiya: Keşlə

Jurnalist: Nərgiz Məmmədli
29.07.20
Buraxılış: Keçid
Mövzu: Ətraf mühit

42 yaşlı Sevda Qafarova pəncərədən bayıra baxanda məhəlləsini tanıya bilmir - baxmayaraq ki, bütün ömrünü burda keçirib.
Qafarova Keşlə qəsəbəsində doğulub və böyüyüb.

“Əvvəllər küçədə gəzəndə hamını tanıyırdıq. Bir-birimizə salam verərdik, hal-əhval tutardıq, amma indi adamların çoxu kimdi, heç tanımırıq”.

Keşlədən görünən Bakı Neftayırma Zavodu

Şəhər yenidənqurması paytaxt sakinləri üçün mütəmadi bir hala çevrilib.

Bəzi hallarda bütöv bir mikrorayonun, bölgənin üzərindən buldozerlə keçilib və yenidən qurulub: məsələn, Ağ Şəhər layihəsi tarixən Qara Şəhər olaraq bilinən bölgənin tamamilə sökülüb yenidən salınmasıdır.

Keşlə sakinləri ümid edir ki, tezliklə sıra onlara da gələcək.

Bir zamanlar Bakıdakı iki sənaye mərkəzindən biri olan bu bölgəyə ölkədəki iqtisadi dəyişklik ciddi təsirini göstərib.

Yerli sakinlərin dediklərinə görə, köç dalğaları və nizamsız tikinti layihələri Keşlədəki tarixi məhəllələrə xas icma anlayışının yoxa çıxmasına səbəb olub. Ərazidəki bağlanmış fabriklər və istifadəsiz sənaye tullantıları isə sakinlər arasında ümidsizlik hissininin artmasına gətirib çıxarıb.

Keşlə bir vaxtlar cənubdan Ağ Şəhəri əhatə etməklə Ziya Bünyadov prospekti ilə şimal tərəfdən aeroport yoluna qədər uzanırdı. “Ərazi bölgüsündən sonra kəndin ərazisi xeyli kiçildildi, amma hələ də Keşlə Bakının ən böyük kəndlərindən biridir” - deyə, Sevda Qafarovanın əri Ceyhun Qafarov qeyd edir.

Keşlənın cənub-qərb sərhədi “Lahıclılar” məhəlləsi olaraq tanınır. Bu ad Azərbaycanın ən qədim kəndlərindən biri olan Lahıcın şərəfinə verilib.

Keşlə son bir neçə onillikdə genişlənib və dəyişilib. Orta əsrlərdə - xanlıqların hakimiyyəti dövründə atların saxlandığı bir yer kimi tanınan Keşlə zaman keçdikcə sənaye mərkəzinə və xam neftin dayanacağına çevrilib.

Yerli sakinlərin sözlərinə görə, orada yaşayan ailələrin çoxunun soy-kökü qədimə gedib çıxır. “Kənddə ən köhnə binalardan biri Şah Abbas Məscididir. XVII əsrdə tikilib”, Ceyhun Qafarov deyir.

O əlavə edir ki, əsrlər boyu kənd özünəməxsus kiçik evlərdən və dar küçələrdən ibarət labirintə çevrilib, çünki ailələr uşaqlarını yerbəyer etmək üçün evlərinin yanında yeni evlər tikiblər. Sonradan daha böyük evlər - ərazinin tarixi mərkəzi ətrafında yeni gələnlərin tikdiyi evlər ortaya çıxıb.


80 yaşlı təqaüdçü, ixtisasca riyaziyyat müəllimi Arazxan Fərzəliyev Keşlə Dəmir-Beton Zavodunun yaxınlığında yaşayır.

"Son bir neçə il ərzində metal istehsal edən fabriklərdən, dəmir-beton zavodundan gələn toz, havaya buraxılan qaz ucbatından, neft emalı zavodundan gələn benzin qoxusuna görə yaşayış xüsusilə ağırlaşıb".

Şəhərin 16 bələdiyyəsində iş aparan L-Group şirkətinin aparıcı memarı Elməddin Şükürovun sözlərinə görə, 1950-ci illərdə Keşlədə inşa edilmiş dəmir yolu boyunca fəaliyyət göstərən fabriklər insanları əraziyə cəlb edib.

Əhalinin çoxalması ilə dəmiryolu ətrafında yaşayış evləri, məktəblər və digər obyektlər açılıb, beləcə dəmiryolu bölgənin mərkəzinə çevrilib.

Sovet İttifaqının dağılmasından sonra bir çox fabrik bağlansa da, qatarlar hələ də Keşlə ərazisindən keçirlər.

Tarixçi Vəli Həbiboğlu "Keşlə və keşləlilər" adlı kitabında bu fotoda görünən borularla bağlı bir yerli əfsanədən bəhs edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində, Bakıda ilk neft bumundan dərhal sonra bu borular vasitəsilə Nobel qardaşlarının zavoduna neft nəql edildiyi deyilir. Bəzi yerli sakinlər borulardə dəlik açar, böyük borulara neft doldurar, Nobel qardaşlarının neft emalı zavoduna neft və rafinə olunmuş məhsul satardıdılar. Buna görə keşləlilər bir vaxtlar "borudeşənlər" kimi ad çıxarmışdılar.

11 yaşlı Sadiq və 10 yaşlı Kamran gecələr qatarların səsinə oyandıqlarını deyirlər. Dəmir yolunda qatarların sıx hərəkəti məhəllədəki uşaqların təhlükəsiz oyun meydançası tapmasına çətinlik törədirdi - valideynlər deyir. Lakin şəhər rəhbərliyi dəmiryolu xətlərindən birini artıq dayandırıb və oranı parka çevirib.

Baxmayaraq ki, burdakı fabriklərin sənaye məqsədilə və tikinti tullantıları üçün istifadə olunması nəzərdə tutulur, onlar hazırda rayonlardan paytaxta köç edənlərin sığınacağına çevrilib. Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş insanlar da əraziyə köçüb, ət kombinatının işçiləri üçün yaşayış sahəsi kimi fəaliyyət göstərən binaya yerləşiblər.

62 yaşlı Tamella Fərzəliyeva deyir ki, “Bura boşluq bir ərazi idi. Sonra bəziləri gəlib burada torpaq aldı, yer tutdu, ev tikdi”.

Dəqiq rəqəmlər olmasa da, son 20 ildə beton zavodu və qonşuluqdakı neft emalı zavodu yaxınlığında 200 evin tikildiyi təxmin edilir.

Bakı Neftayırma Zavodu və Dəmir-Beton Zavodu arasında yerləşən bu hissədə yeni köç dalğasında - 2000-ci illərin əvvəlində məskunlaşma baş verib.

Dəmir-Beton Zavodu yaxınlığında oynayan uşaqlar. Ərazi yaşayış massivi kimi nəzərdə tutulmayıb. Mütəxəsislərin fikrincə, burda tikilmiş evlərin əksəriyyəti təhlükəlidir.

Keşlənin şərq sərhədindən keçən dəmir yolu xətti. Dəmir yolu hələ də işləyir, buradan xam neft daşınır.

47 yaşlı Ülviyyə Vəliyeva xatırlayır ki, 2001-ci ildə Keşləyə köçəndə burada evlərin sayı az olub. “Buralar boş idi, ancaq betondan təpəlik vardı”.

Ülviyyənin baldızı, 38 yaşlı Günel Vəliyeva da beş uşağı ilə yaxınlıqda yaşayır. “Mən ailə qurandan sonra bura köçmüşəm. O vaxtlar burada təxminən 50 ev vardı”.

Hazırda Keşlənin 25 mindən çox sakini var, memar Elməddin Şükürov qeyd edir ki, onların bəzisi gecəqondu şəraitində yaşayır.

Qəsəbənin mərkəzə yaxınlığı və yeni Ağ Şəhər layihəsi ilə olan əlaqəsi Keşlənin transformasiya edən növbəti bölgə olacağına dair gözləntilər doğurub. Söküntü sahələrini ölçən və qeydiyyatını aparan mütəxəssislərin paylaşdığı bu müşahidələr Sevda Qafarova kimi köhnə sakinləri narahat edir. Ancaq Günel Vəliyeva kimi yeni gələn sakinlər bu söz-söhbətlərin doğru olacağına ümid edirlər, çünki bu, maddi təzminat və ya yeni mənzil mənasına gələ bilər.

Dəmir yolunun bu hissəsi hazırda istifadə olunmur, amma sakinlər hələ də qapıları ağzından qatar keçərkən gecələr uşaqların oyandığını xatırlayırlar.

Kompensasiya almaq üçün əmlak plana düşməlidir. Yalnız bundan sonra müvafiq qurumlar mülk sahiblərinə müəyyən kompensasiya ödəyir.

“Sakinlərə kompensasiya evin sahəsinə görə ödənilsə də, məbləği müəyyən bir çox faktor var. Sistem şəffaf deyil” - deyə, urbanistik məsələləri tədqiq edən Pillə Studiyasının memarı Sübhan Manafzadə qeyd edir.

Manafzadənin həmkarı Nəzakət Əzimli əlavə edir ki, Bakı şəhərinin baş planının olmaması bu prosesi daha da qeyri-şəffaf edir.

“Ərazilərin hansi ardıcılıqda və nə vaxt abadlaşdırılacağını göstərən təsdiqlənmiş bir baş plan yoxdur hələ. Sakinlər ‘plana düşmək’ ifadəsini işlədəndə nəyə istinad edirlər - bununla bağlı bir plan yoxdur ki, ərzilərdəki söküntü işlərinin vaxtı, detalları göstərilsin, yaxud da kompensasiya mexanizminin necə işlədiyi izah olunsun” - deyə, Əzimli xatırladır ki, sonuncu baş plan 1986-cı ildə qəbul olunub.

“Bakının baş planı olmadığı üçün abadlaşma ilə bağlı iş cədvəlindən xəbərsizik. Hətta şəhər renovasiyasına dair plan varsa belə, onlar yarımçıq və əlçatmazdır. Buna görə onlar haqda məlumat ala, təhlil edə bilmirik”.

Keşləyə 2000-ci illərdən sonra yerləşmiş sakinlərin çoxu ümid edir ki, ərazidə yenidənqurma işləri aparılacağına dair söz-söhbət doğru olacaq və daha yaxşı mənzilə köçmək üçün təzminat alacaqlar.

Bununla belə, qeyri-müəyyənliklərə baxmayaraq, Günel Vəliyevanın timsalında bir çox sakin ümid edir ki, Keşlədəki növbəti dəyişiklik dalğası daha yaxşı həyat vəd edə bilər. Vəliyevlər ailəsi hazırda beton divarlardan və iki yataq otağından ibarət şəraitsiz bir evdə yaşayır.

“Keçən il bələdiyyə işçiləri gəldi, burdakı evləri qeydiyyata aldı, ərazini ölçdülər və getdilər. Əgər bizi köçürəcəklərsə, heç olmasa bizə ev ala biləcək qədər pul versinlər ki, hamımız yerləşə bilək. Yəni ümid edirəm ki, verərlər”, o deyir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin