Koronavirus pandemiyasının başlanğıcında və sonrakı dövründə dünyaya yeni körpə gətirən Cənubi Qafqaz anaları hansı reallıqla üz-üzə qalıblar? Azərbaycan, Ermənistan və Gürcüstandan olan fotoqraflar bu sual ətrafında vizual tədqiqat aparıb, analığın reallıqları barədə qadınlarla söhbət ediblər.
Bu birgə foto-layihə qadınların məhrəm portretini təqdim edir və son 20 ayın ağrılarının, fədakarlıqlarının və gözlənilməz sevinclərinin onlara və uşaqlarına necə təsir etdiyinə dair fikirlərini əks etdirir.
Bəziləri üçün pandemiya dövrü uşaqlarından və ya valideynlərindən ayrı düşmək, güvəndikləri dəstək sistemlərini itirmək demək idi. Digərləri üçün o, həftələr boyu artan risk və qorxuya səbəb olub. Bəxti gətirənlər üçün isə pandemiyadan irəli gələn hərəkət məhdudiyyətləri həyatın sürətini azaltmalarına və diqqətlərini dağıtmadan valideyn olmağın sehrli xaosundan həzz almağa imkan verib.
Nərgiz İbrahimova (30 yaş), Olcay (33 yaş), 4 aylıq Şirin
Keçən il 30 yaşlı Nərgiz İbrahimova hamilə ikən koronavirusa yoluxub və virusun təsiri bir müddət həyatında davam edib.
“Karantin zamanı ana olaraq qarşılaşdığım ən böyük problem peyvənd olunmağa məcbur edilməyim idi. Baxmayaraq ki, rəsmi olaraq peyvəndlənmə könüllü həyata keçirilməli idi. Bu qərar mənim üçün çətin oldu, çünki körpəni ana südü ilə qidalandırmağı dayandırmalı oldum, ona görə ki, peyvəndin [uşağım üçün] nəticələri ilə bağlı suala heç vaxt konkret cavab almadım. “Covid” virusu və onun nəticələri bəşəriyyətə fiziki və əqli cəhətdən çox təsir etdi. Kiçik mənzillərdə böyük ailələr içərisində təkbaşına qalmaq imkanı olmadan, işsiz, qohumlarla əlaqəsiz, parka gedib istirahət edə bilmədən, gəzə bilmədən və qorxularımıza bürünərək keçirdik. Artıq smartfonlara, sosial şəbəkələrə, televiziya şoularına və yaxşı həyat haqqında saysız reklamlara qapanmışdıq”.
Könül Məmmədova (32 yaş), Vidadi (35 yaş), İsmayıl (5 yaş) və Camal (8 ay)
32 yaşlı Könül Məmmədova pandemiya zamanı ikinci övladını dünyaya gətirib və iddia edir ki, bu təcrübə ona həyatını yenidən dəyərləndirməyə kömək edib. “Mən [pandemiya zamanı] həyat haqqında yeni fikrə gəldim. Həyatın dəyərləri. Kiçik, qısa anların əhəmiyyəti. Təbii ki, bu dövrün ən böyük hədiyyəsi Camal oldu”.
“Pandemiya zamanı mən 7 dəfə köçmüşəm (bağ evinə, evimizə (geriyə), qayınatamgilə, ailəmin evinə, yenidən evə, bağ evinə, yenə evə)… Beləliklə... ev? O haradadır?"
“Pandemiya ilə əlaqədar böyük oğlum İsmayıl bağçaya 5 ay gec gedib. Kiçiyim isə yanvarın sonu doğulub. Elə oldu ki, balaca olanda böyük qardaşı bağçaya göndərdik. Nəticədə onun davranışında kiçik dəyişikliklər müşahidə etdik. Psixoloqa müraciət etdik, o, hər şeyin qaydasında olduğunu dedi, bizə bəzi məsləhətlər verdi, biz də bunlara əməl edirik”.
Nigar Məmmədova (30 yaş) və Kamilla (15 ay)
30 yaşlı Nigar Məmmədovanın pandemiya zamanı qızı doğulub. Nigar başa düşüb ki, karantin ona sürəti azaltmağa və prioritetlərini yenidən müəyyənləşdirməyə kömək edib. “Hamilə olduğum dövrdə ən böyük problemim xəstələnməmək üçün son dərəcə diqqətli olmağım idi. Bundan əlavə, uşaq dünyaya gəldikdən sonra onun təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməli oldum. Bu dövr ona görə bir hədiyyə oldu ki, özümə daha çox vaxt ayıra bildim. Daha doğrusu daxili "mənə". Sükutdan həzz almaq və daxili inkişafa daha çox vaxt ayırmaq”.
“Karantindən əvvəl həyatın necə olduğunu heç xatırlamıram. Amma açıq şəkildə pandemiya göstərdi ki, çox şeyin qədrini bilmək lazımdır. Restoran və kafelərə getmək artıq o qədər də vacib deyil. Mən onsuz da evdə oturan adam idim, indi bütün bunlardan sonra ümumiyyətlə, bütün günü cəmiyyət arasında olmağı sevməməyə başlamışam. İnsanlarla məsafə saxlamalı olmağım məni sevindirirdi.
Həyatın nə qədər qısa olduğunu anladım, hər anın, hər xırda şeyin qədrini bilmək və həzz almaq lazımdır. Pulun dəyərini hiss etdim, əvvəllər nə qədər lazımsız şeylər alınıb, düzəldilib. Uzaqdan işləməyi öyrəndim və bundan xoşum gəlir. Mən ofis qurdu deyiləm və heç vaxt olmamışam. Mənim üçün eyni şeyi etmək üçün hər gün eyni vaxtda işə getmək həyatımı boş yerə sərf etməkdir. Məhz bu səbəbdən bir gün ayağa qalxdım, işimi atdım və etməli olduğum işi etməyə başladım. Bu dövrdə həm də uşağın doğulması mənə güclü bir insan olduğumu göstərdi”.
“Pandemiya ərimlə birlikdə yaxşı vaxt keçirə bilməyimiz üçün ilk fürsət oldu, karantinə qədər ikimiz də işləyirdik və nadir hallarda bir-birimizi görürdük. Dörd-beş aylıq bu müddət ərzində daha da yaxınlaşdıq. Amma iş və vəsait çatışmazlığından çətin anlar da oldu. Bu da bizim münasibətlərimizə təsir edib... Yəqin ki, mən dayanmaq, bu həngamədən uzaqlaşmaq şansına görə, səssizliyi eşitmək və dinləməyə başlamağa görə çox minnətdaram”.
Vera Aksametova (25 yaş), Murad (34 yaş) və Sibirxan (14 ay)
25 yaşlı Vera Aksametova ilk hamiləliyini pandemiyanın ortasında keçirib və karantin təcrübəsini "fırtınada dənizə girmək"lə müqayisə edir. O, həmçinin kəşf edib ki, sürət dəyişikliyi insanı azadlaşdırır. “Bütün dünya yavaşladı və sakitləşdi. Bir uşaq dünyaya gətirə və həyatının ilk aylarını təlaşsız keçirə bilərdin. Tələsməmək, nəzərdən keçirmək, müşahidə etmək və analıq təcrübəsini yumşaq keçirmək. Bu, hədiyyə idi”.
“Pandemiya zamanı hamilə qaldım, bütün olanlar mənim üçün yeni bir şey idi. Təbii ki, bu, mənə təsir etdi. Özümlə daha çox vaxt keçirmək arzumu həyata keçirə bildim və maddi olan hər şeyi kəsib tullayanda, mənəvi maraqlar və düşüncələr ön plana çıxdı. “Covid zamanı kainat bizə çox qayğı göstərdi. Bir hamilə qadın və bir ana olaraq yeni kimliyimlə tanış olmaq idi - bu, çox dərin təcrübədir".
Layihənin Ermənistan və Gürcüstandan hazırlanmış hissələri aşağıdadır:
ianə verin