Beyin axınının qarşısını almaq üçün xaricdə təhsil

Jurnalist: Çiçək Məmmədova,

İllustrator: Aydan Həsənova

29.11.22
Mövzu: Gənclik

Azərbaycan hökuməti gəncləri tələbat olan ixtisaslar üzrə xaricdə təhsil almağa və ölkə iqtisadiyyatının müəyyən sahələrini inkişaf etdirməyə təşviq etmək üçün yeni proqrama start verib. Təhsil naziri Emin Əmrullayev proqramın rəqabətədavamlı işçi qüvvəsini yetişdirəcəyinə və Azərbaycan iqtisadiyyatını inkişaf etdirəcəyinə ümid etdiyini bildirib. Lakin təhsil və miqrasiya mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu təşəbbüs işçi qüvvəsinin xaricə üz tutmağa sövq edən çoxsaylı səbəbləri aradan qaldırmaq üçün yetərli deyil.

Azərbaycandan miqrasiya ilə bağlı rəsmi statistika kifayət qədər olmasa da, beynəlxalq tədqiqatlar göstərir ki, son bir neçə il ərzində mühacirətlə bağlı rəqəmlərdə davamlı artım, daha sonra isə bir qədər azalma müşahidə olunub.

BMT-nin Miqrant Fondunun hesabatına əsasən, 2020-ci ilin ortalarına qədər Azərbaycandan mühacirət səviyyəsi ölkə əhalisinin 10,6 faizini təşkil edib və ölkəni tərk edənlərin yarıdan çoxu əsasən Rusiya Federasiyası, daha sonra Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus və Gürcüstana üz tutub.

İqtisadçı ekspert Fərid Mehrəlizadənin sözlərinə görə, beyin axını bütün inkişaf etməkdə olan ölkələrə xas bir problemdir. Belə ki, həmin ölkələrdən olan ixtisaslı kadrlar daha yüksək həyat səviyyəsi səbəbindən inkişaf etmiş ölkələrə üz tuturlar.

“İnkişaf etməkdə olan ölkələrdə mütəxəssislərin sayının inkişaf etmiş ölkələrlə müqayisədə az olduğunu nəzərə alsaq, gənclərin Azərbaycanı tərk etdiyini müşahidə edirik. Bu, iqtisadiyyata mənfi təsir göstərir, təbii ki. Bilikli insanlar əlavə dəyər verən mallar yaratmalıdırlar, lakin onlar ölkədən gedəndə bu, artıq mümkün olmur”.

Xəzər Araşdırmalar İnstitutunun təsisçisi və prezidenti Ceyhun Mahmudlu da hesab edir ki, Azərbaycanda hər hansı statistik məlumat əldə etmək çox çətindir. “Amma açıq-aşkar görünür ki, çoxlu sayda insan ölkəni tərk etməkdədir”, deyə o bildirib. 

“Azərbaycandan beyin axını baş verməkdədir. Azərbaycanda yüksək maaş alan yüksək ixtisaslı insanlar belə ölkəni tərk edirlər... 1990-cı illərdə iş yerlərinin olmaması və işsizlik problemi səbəbilə azərbaycanlılar Rusiyaya və digər MDB ölkələrinə köç edirdilər. Lakin 2010-cu ildən bəri yeni tendensiya meydana çıxıb. Bu ona görə baş verir ki, bir çox azərbaycanlı xaricdə təhsil almaq şansı əldə edib”.

Azərbaycan hökumətinin yeni proqramı bu tendensiyanı əsas tutaraq xaricdə bakalavr və magistr proqramlarına qəbul olunmuş 400-ə qədər tələbənin təhsilini maliyyələşdirəcək. Bu günə qədər xaricdə təhsil proramına müraciət edən 673 nəfərdən yalnız 80-i bakalavr, 149-u isə magistratura pilləsi üzrə seçilib. Bu proqram üzrə hər il 400 tələbənin seçilməsi nəzərdə tutulur. Tələbələrin məzun olduqdan sonra Azərbaycana qayıtması və 5 il ərzində burada işləməsi tələb olunur.

2026-cı ilə qədər tam maliyyələşdirilməni nəzərdə tutan bu proqramdan təxminən 2000 tələbənin faydalanacağı gözlənilir ki, onların 20 faizi bakalavr, qalanları isə magistr proqramları üzrə təhsil alacaq.

Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov “Əkinçi” layihəsinə bildirib ki, proqramın məzunlarına Azərbaycanda iş tapmaq daha asan olacaq.

Bu proqrama seçilmiş tələbələrdən biri, 22 yaşlı Cavad Əliyev Böyük Britaniyanın Vorvik Universitetində maliyyə üzrə magistr proqramında təhsil alır.

Xaricdə yaşamağın çətinlikləri onu narahat etsə də, Cavad belə bir güclü proqramda təhsil almaq fürsətini əldən verməyin düzgün olmadığını bildirir. 

“Biliklərimi təkmilləşdirmək, maliyyəni daha yaxşı öyrənmək, xaricdə təhsil almaq və yaşamaq təcrübəsi əldə etmək üçün xarici seçdim. Və təbii ki, prestij məsələsi var. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinə hər il təxminən 4000 tələbə qəbul edilir; bu, bazarda heç bir fərq yaratmır. Amma Vorvik Biznes Məktəbi tələbəsi olmağa Azərbaycan bazarında üstünlük verir. Bu, mənim üçün əsas stimul idi ki, Bakıda daha yüksək vəzifələrə müraciət edib, daha yaxşı işə düzələ bilim”.

Təhsil eksperti Elçin Əfəndi “Chai Khana”ya bildirib ki, hökumət həmin tələbələr üçün dövlət büdcəsindən vəsait ayırdığı üçün onlardan qayıdıb öz ölkələrinə köməklik edəcəkləri gözlənilir.

“Prioritet hesab olunan sahələr üzrə təhsil alan tələbələr Azərbaycanda həmin sahələrdə işləmək imkanı əldə edəcəklər. Təbii ki, onlar üçün çoxlu imkanlar yaranacaq”, - deyə o bildirir. Xüsusilə, yeni proqramda İT və texnologiya, maliyyə, aviasiya, mühəndislik, astronomiya və fizika, eləcə də digər vacib sahələrdə təhsil alan tələbələrə üstünlük verilir.

“Bu sahələr üzrə mütəxəssislərə dünya bazarında, həmçinin Azərbaycanda tələbat var. Kosmos və aviasiya baxımından bu yaxınlarda Kosmik Texnologiyalar Agentliyi olan AzərKosmos yaradıldı... Bunun üçün bizə daha çox mütəxəssis lazımdır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edir ki, son illər texnoparklar, sənaye parkları açılmaqda və yaşıl enerji və alternativ enerji ilə bağlı yeni infrastruktur qurulmaqdadır və bu infrastrukturda işləmək üçün peşəkarlar tələb olunur. “Ona görə də düşünürəm ki, yaxın 3-5 ildə həmin tələbələr Azərbaycana qayıdandan sonra həm özəl, həm də dövlət sektorunda işləyə biləcəklər”.

Məqsəd insanları Azərbaycana qayıtmağa təşviq etmək olsa da, heç də bütün tələbələr karyeralarına başlamaq üçün ölkəyə qayıtmağa həvəsli deyillər.

29 yaşlı Ülkər Məmmədzadə 2007-2015-ci illəri əhatə edən dövlət xaricdə təhsil proqramı çərçivəsində hökumət təqaüdü alıb. O, hazırda Dubayda “Hilton Worldwide”da gəlirlərin artımı üzrə menecer vəzifəsində çalışır.

Hökumətin bu proqramda iştirak edən tələbələrə yaxşı qayğı göstərməsinə baxmayaraq, Ülkər heç vaxt Azərbaycanda işləmədiyini və məzun olduqdan sonra iş təklifi ilə bağlı Dubaya köçdüyünü bildirib.

“Yadımdadır, prezidentin bir müsahibəsi var idi. O dedi ki, “bizim məzunlarımızın xaricdə qalmasına etiraz etmirik, çünki bununla onlar ölkəni xaricdə də təmsil edirlər. Xaricdə azərbaycanlılar o qədər də çox deyil, ona görə də bu, yaxşı təmsilçilikdir”. Bu sözlər, bir növ, mənimçün bəhanə oldu ki, qayıtmayım”, Ülkər deyir.

“Əgər həqiqətən də bir dəyişiklik edə bilsəm, Azərbaycanda işləmək istərdim... Azərbaycanı tərk etmək istəməyimin səbəblərindən biri də bir çox məsələlərdə ədalətsizliyin olmasıdır. Bu, adamı həvəsdən salır və bunun [ədalətsizliyin] mənim başıma gəlməsini istəməzdim... Orada iş axtara-axtara qalmaq istəməzdim”.



Ermənistan və Gürcüstandan beyin köçü ilə bağlı məqalələrə keçid (ingiliscə):

“To take one’s head and leave:” Brain drain in Armenia

In Georgia, students look abroad to build a future



Məqalə Chai Khana Fellowship proqramı (yay-payız 2022) çərçivəsində hazırlanıb.



Bu məqalə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin